Bia.Az

Qərbi Azərbaycan Mühacir Hökuməti yaradıla bilər - ilginc gözlənti

Cəmiyyət
 26-12-2023, 14:09     235

Ramil Həsən: “Ermənistandan baş qaldırmağa cəhd göstərən separatçı güclərin başları əziləcək”

İlsonu Ermənistana separatçı-revanşist ünsürlər əməllicə fəallaşıb. İndi də “artsax”ı “qəbirdən” çıxarıb onu diriltməyə cəhdlər edilir. Hətta belə görünür, Bakıya qarşı təzyiq rıçaqı kimi “mühacir hökumət” oyunu oynamaq istəyirlər. 
Buna Nikol Paşinyan hökumətinin konkret nə ilə cavab verəcəyi hələlik məlum deyil. Vəziyyət ciddi şəkil alarsa, sözsüz ki, Azərbaycan dövləti adekvat addımlar atmalı olacaq. Yox, Paşinyan bəyan etsə ki, “bu demokratiyanın təzahürüdür, insan haqları məsələsidir”, o zaman gərək bədəlinə hazır olsun. Onda “demokratiya, insan haqları” məsələsi avtomatik şəkildə Bakıda Qərbi Azərbaycan parlamenti və mühacir hökumətinin yaranmasını zərurətə çevirə bilər. 
Ramil Həsən: Azərbaycan Prezidenti bölgədə, eləcə də dünyada böhranın idarə  edilməsində və pandemiyaya qarşı mübarizədə həlledici rol oynayır - AZƏRTAC
Ramil Həsən 

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən “Yeni Müsavat” qəzetinə şərhində qeyd etdi ki, separatçı-revanşist ünsürlərin fəallaşması bölgədə öz maraqlarını təmin etməyə çalışan böyük güclərin yeni sifarişidir: “Ermənistanın atdığı bütün addımlara, revanşist cəhdlərə, özlərinin uydurma ”artsax" məsələsinə, bu məsələni qabartmağa çalışmalarına, Azərbaycana qarşı haqsız ittihamların və iddiaların irəli sürülməsi iə bağlı həm Ermənistan daxilində, həm də öz maraqları baxımından beynəlxalq hüquq normalarına tamamilə zidd olan Fransanın nümayiş etdiyi mövqe, beynəlxalq hüquqda müşahidə edilən ikili standartlar, Azərbaycanın hüquqa, insan haqlarına riayət edərək zəfər qazanmasını həzm edə bilməyən qüvvələrin ümumi olaraq həyata keçirdikləri planın tərkib hissəsi kimi qiymət vermək lazımdır. Bu baxımdan hazırki vəziyyətdə Ermənistanda separatçı-revanşist ünsürlərin ilin sonunda fəallaşması onları forpost kimi istifadə edən güclərdən yeni sifariş aldıqlarını göstərir. Bu sifariş bölgəyə sülhün, əmin-amanlığın qarşısını almaq, bölgədə böyük güclərin maraqlarını həyata keçirmək, sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən proses ərəfəsində münasibətləri yenidən gərginləşdirərək, Ermənistanı “rıçaq” kimi istifadə edənlərin mövqeyinin təmin edilməsi məqsədilə  həyata keçirmək istədikləri oyun kimi  baxmaq lazımdır. 
Azərbaycan Respublikası prezident İlham Əliyevin öndərliyində müstəqil, ölkənin milli maraqları ilə tamamilə üst-üstə düşən, balanslı siyasət həyata keçirir. Bu siyasətin bir tərkib hissəsi də bölgəyə sülhün, təhlükəsizliyin, qarşılıqlı anlayışın gəlməsi, sülh müqaviləsinin qısa zamanda imzalanması ilə bərabər münasibətlərin iqtisadi və siyasi fonda normallaşdırılması ilə bağlı Azərbaycanın qəti iradəsinin ortaya qoyulmasıdır. Azərbaycan dövləti addımlar atarkən məğlub olmasına, kapitulyasiya aktı imzalamasına baxmayaraq, Ermənistandan hələ də belə fikirlərin səslənməsi böyük güclərin bölgədən vaz keçməmələri, münasibətləri gərgin saxlayaraq qaynayan münaqişə ocağının mövcudiyyətini təmin edərək Ermənistan və region üzərindən Qafqaza təsir və təzyiq üsullarının əllərində saxlanması məqsədi daşıyır. Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın millət vəkilləri “artsax”la bağlı açıqlamalara, bəyanatlara münasibətlərini bildiriblər. Onlar Ermənistanda yalnız bir hakimiyyətin olduğunu bunun xaricində hər hansı çağırış, addımlar hakimiyyəti tanımamaq, ona qarşı olmaq deməkdir ki, buna qarşı hüquqi  addımlar atılacaq. Son aylarda Moskvadan gələn dəvətlərdə Ermənistanın nə baş naziri, nə parlament sədri, nə XİN, nə də yüksək çinli şəxslər iştirak etməyib. Paşinyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü üçün Rusiyaya səfər etməsi yeni mərhələnin başlaması, yeni münasibətlər fonunun formalaşmasına dəlalət edə bilər. Çünki prezidentin də hər zaman dediyi kimi, Ermənistan müstəqil dövlət kimi siyasət yürüdə bilmir. Xaricdəki havadarlarının tapşırıqlarını yerinə yetirdiyi üçün 3 ildən çoxdur sülh müqaviləsi imzalanmır. Ermənistanda Azərbaycandakı kimi qəti və dəmir iradəyə sahib hökumət olsa idi, öz xalqının güzəranını düşünən hökumət Azərbaycan və Türkiyə ilə qısa müddət ərzində qarşılıqlı anlaşmalara, maraqlara söykənən sülh müqaviləsini imzalayar, kommunikasiya xətlərini açar və bölgədə yeni ab-hava yaradardı".

Qərbi Azərbaycanla bağlı məsələyə gəlincə, Ramil Həsən qeyd etdi ki, qərbi azərbaycanlıların geridönüşü üçün beynəlxalq normalar qorunacaq: “Separatçı ünsürlərdən fərqli olaraq tarixi torpaqlarından zorla çıxarılan azərbaycanlıların Qayıdış Konsepsiyasında sülh, barışıq, qarşılıqlı anlayış yolu ilə geri dönüş açıq-aydın göstərilib. Proses beynəlxalq hüquq çərçivəsində, indiki Ermənistanın sərhədlərinə hörmətlə yanaşaraq həll olunacaq. Bizim başqa məqsədimiz yoxdur. Başda öndərimiz İlham Əliyevin həyata keçirdiyi humanist, uğurlu, bölgənin ümumi maraqlarını əks etdirən, Azərbaycanın bölgəyə sülhün gəlməsini ehtiva edən siyasətini tam dəstəkləyirik. 2024-cü ildə bölgəyə nəhayət ki, sülhün gələcəyinə inanırıq. Ermənistandan baş qaldırmağa cəhd göstərən separatçı güclərin başları əziləcək. Bölgəyə barışın gəlməsi ilə bağlı Azərbaycanın iradəsi qalib gələcək. Xaricdən gələ biləcək təsirlərə qarşı Azərbaycanın xarici siyasət strategiyası çərçivəsində ölkə rəhbərinin təlimatları ilə müvafiq qurumlarımız bu prosesə hazırdırlar. Ümid edək ki, Azərbaycanın və Türkiyənin  sülhə xidmət edən siyasəti müsbət nəticələr verəcək". /Musavat.comскачать dle 12.1