Bia.Az

“Resepti cırıb üstümə atdılar” - Şəkər xəstəsi ilə baş həkim arasında QALMAQAL

Cəmiyyət
 20-12-2023, 14:46     250

“Şəkər xəstələrinə dərman dövlət tərəfindən verilir. Mən də getdim, sənədləri apardım, dedilər ki, baş həkim möhür vurmalıdır. Getdim qəbul otağına, mənim kimi 5-6 nəfər də xəstə dayanmışdı. Xeyli gözlədik, 1 saylı Şəhər Poliklinikasının baş həkimi Təranə Nurəlibəyova çıxmadı. Biz yaşlı, xəstə adamıq, saatlarla niyə bizi gözlədirlər ki. Axır dözməyib, mədəni şəkildə dedim ki, xanım niyə bizi burada gözlədirsiniz?”

Bu barədə Musavat.com-a paytaxt sakini Fəxrəddin Bağırov məlumat verib.

O əlavə edib ki, poliklinikada təhqirlərə məruz qalıb:

“Mənim narazılığımdan sonra baş həkim heç nə demədi, qapını örtdü. Sonra bizim həkimi çağırdı. Beş dəqiqə sonra mənim “xəstəlik tarixçə”mdə yazılan reseptləri cırıb, həkimdən mənə göndərdi. Sonra içəri girib dedim, niyə belə edirsiniz, reseptləri niyə cırırsınız? Etiraz etdi ki, komissiya yaradacaq, mənim xəstəliyimin həqiqi olub-olmadığını araşdıracaq. Qışqırdı, məni təhqir etdi. Bütün poliklinika bu hadisəyə şahid oldu. Xəstələr də, həkimlər də olanları gördülər. Dedilər, bu baş həkim yeni təyin olunub, digərləri ilə də belə davranır, amma özü bilər, qarışmıram. Amma mənim 71 yaşım var, ziyalı adamam. Onun şəxsi dərmanını almıram ki. Hökumətin bizim üçün ayırdığı, haqqım çatan dərmanları alıram. Xahiş edirəm, bu məsələni araşdırasınız, bu rəftarı özümə qarşı təhqir hesab edirəm”.

Məsələ ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzinə sorğu göndərdik.

Musavat.com-un sorğusuna cavab olaraq qurumdan bunlar bildirildi: “Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Şəhər Poliklinikasında sözügedən halla bağlı bildirilib ki, iddialar tamamilə əsassızdır.

Belə ki, 15.12.2023-cü il tarixdə vətəndaş Fəxrəddin Bağırov şəkər xəstələri üçün dövlət tərəfindən təyin edilən dərman preparatlarını almaq üçün tibb müəssisəsinə gələrək aidiyyəti üzrə müayinələrdən keçib. Daha sonra sənədlərin təsdiqlənməsi üçün baş həkimin otağına yaxınlaşdıqda səbirsizlik nümayiş etdirib.

Proses vətəndaşın iddiasında qeyd etdiyinin tam əksinə olaraq baş verib. Vətəndaş əvvəlcə qəbul otağındakı əməkdaşların ünvanına nalayiq ifadələr səsləndirib, ardınca müvafiq sənədləri cıraraq otağı tərk edib.

Bakı Baş Səhiyyə Mərkəzi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində daimi olaraq lazımi addımlar atır. Bu istiqamətdə tibb heyəti üçün vətəndaşlarla iş və davranış qaydaları barədə təlimlər keçirilir. Qeyd edilənləri nəzərə alaraq, sözügedən tibb müəssisəsinin rəhbərliyinə və əməkdaşlarına istənilən situasiyada vətəndaşlarla daha nəzakətli davranmaq tapşırılıb”.





скачать dle 12.1