Pensiyaçılara ŞAD XƏBƏR- 1 milyon 700 min nəfər...
"Dövlət Sosial Müdafiə Fondunundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq".
Musavat.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov yeni “Sosial tərəfdaş” layihəsinin təqdimatında deyib.
Sədr bildirib ki, dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir:
"Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq. Müxtəlif şirkətlərlə birgə icrasına başlanılan layihə dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır".
O qeyd edib ki, ilin sonuna qədər endirim mexanizmi tədbiq olunan tərəfdaşların sayı 1000-dən artıq olacaq: "30 %-ə qədər endirimlərin edilməsi mexanizmi də sadədir, belə ki, vətəndaşlar kartlarını göstərərək bu xidmətdən yararlana biləcəklər. Yaxın zamanda təmaslı ödənişlərdə bunun tədbiqi mümkün olacaq. Ümumilikdə, 1 milyon 700 min nəfər endirimlərdən yararlana biləcək".