Bia.Az

Güneydən Bakıya irad: Niyə aşığa diqqət ayrılmır?

Cəmiyyət
 16-11-2023, 01:27     383

Şərqi Azərbaycan Aşıqlar Birliyinin sədri Məhəmməd İbadi Alışığın aşıq sənətinin hazırkı durumu və problemləri ilə bağlı Kult.az-a müsahibəsi:

- Bu yaxınlarda keçirilən seçkilərdə Şərqi Azərbaycan Aşıqlar Birliyinə siz sədr seçildiniz. Orada birliyə seçkilər hansı qanunauyğunluq əsasında keçirilir?

- Şərqi Azərbaycanda Aşıqlar Birliyinin 700 üzvü var. Onların arasından seçki əsasında heyət seçilir və o heyətin səsi ilə Aşıqlar Birliyinin başçısı müəyyənləşir. Onların səs verməsi əsasında mən 99 faiz səslə beş illiyə birliyin sədri seçildim.
- Hazırda Aşıqlar Birliyinin, eləcə də sədrin qarşısında hansı öhdəliklər durur?
- Biz Aşıqlar Birliyində son beş ildə çox işlər görmüşük, yenə də davam edəcəyik. Ustad aşıqlarımıza ağırlama məclisləri qurulacaq. Onların məişət-sosial problemləri, sığortası ilə bağlı işləri həll edəcəyik. Xəstələrinə də şərait yaratmaq lazımdır. Yaradıcılıq planlarımız da var. Belə ki, gələn il aşıqlar müsabiqəsi keçirmək niyyətindəyik. Çalışacağıq, beynəlxalq müsabiqə olsun. Əgər alınmasa, milli səviyyədə keçirəcəyik. Həmçinin, dastan gecələri təşkil etməyə çalışacağıq. İndiyə kimi Təbrizdə dörd dastan gecəsi təşkil etmişik. Aşıqlarımız üçün həftəlik aşıqlar ocağı və ya yığıncağı adı ilə tədbirlərimiz olacaq. Adi insanlar, aşıq sənətini sevənlər, gənc və ustad aşıqlarımız bu tədbirlərdə birgə iştirak edə biləcəklər. Müxtəlif bayramlarda və dövlət tədbirlərində aşıqlarımız da ifa edə bilsin deyə, onlar üçün planlarımız var. Professor Əli Poladın maddi dəstəyi ilə “Aşıqlar ensiklopediyası”nın 6 cildini nəşr etdirmişik. 1200 aşıq havasını bioqrafiyası ilə bərabər toplamışıq. İranda, Azərbaycanda və Türkiyədə səsyazması olub. Bu günə kimi 72 havadan söhbət gedirdi, amma indi əlimizdə 120 hava var. Bundan başqa, 15 ustad aşığın albomunu hazırlamışıq. Aşıqların heykəlləri hazırlanılıb. Dizaynerlər vahid aşıq paltarı hazırlamağa cəhd edirlər. Qarşıda nəzərdə tutduğumuz planlarımızdan biri isə Təbrizdə aşıq sənəti ilə bağlı fakültə açılmasına nail olmaqdır. Məqsədimiz aşıq sənətinə meyli olan gənclərimizin orada elmi şəkildə təhsil almasıdır. Aşıq musiqisi və ədəbiyyatını öyrənsinlər. Aşıq sənəti ilə bağlı İranda, Azərbaycanda, Türkiyədə yazılmış dissertasiyaları bir yerə toplamaq qərarına gəlmişik ki, lazım olanda bir dərslik kimi onlardan istifadə edilsin. Bunlar da planlaşdırdığımız işlərdən biridir. Çalışırıq, yaxında aşıqlar üçün bir ocaq yaradılsın və oraya hamı toplaşa bilsin. Biz can atırıq ki, bu mərkəz Təbrizdə tarixi binaların birində fəaliyyət göstərsin. Alınmasa, yeni binaların birində ola bilər. Əsas odur ki, məqsədimizə doğru addım atmış olaq. Planlarımız çoxdur və saymaqla qurtaran deyil.
- Sizcə, bu sənətdə yeniliklər olmalıdır?
- Təbii, hər sənətdə yenilik olmasa, o sənət muzeyə getməlidir. 7 min il tarixi olan aşıq sənətimiz də çalışıb ki, özünü həmişə yeniləsin. Amma son vaxtlar görürük ki, bu məsələ daha çox diqqətə alınmalıdır. Yeni nəsil aşıqlardan istəyimiz budur ki, istər musiqi, istər aşıq ədəbiyyatı baxımından modern insanların, bugünkü gənclərin sevdiyi dünya musiqisi, ədəbiyyatı ilə ayaqlaşa bilən musiqi və şeirlərdən istifadə eləsinlər. Elə olsun ki, dinləyiciləri özünə cəlb edə bilsinlər. Yenilənmə baş verməsə, aşıq sənətinin ölümü qaçılmazdır. Yenilik o demək deyil ki, biz köhnə və qədim ənənəni unudaq, yox. Onlara sadiq qalaraq, yeni işlər görməyi nəzərdə tuturam.
- Arazın o tayında bu qədim sənətin hazırkı durumu sizi qane edirmi?
- Etmir. Vaxt var idi ki, aşıq sənəti Azərbaycanın yeganə xalq musiqisi idi. O biri janrlar aşıq musiqisinin ətrafında dolanırdılar. Bu gün istər O tay Azərbaycanda, istərsə də Bu tay Azərbaycanda aşıq sənəti gözlədiyimiz şəkildə irəliləmir. Bunun da səbəbləri müxtəlifdir. Azərbaycan Respublikasında aşıq sənəti muğam kimi dəstəklənmir. Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində, musiqi məktəblərində aşıq sənətinə muğam qədər diqqət yoxdur. Niyə, hansı səbəbdən? Azərbaycanın xalq musiqisi muğamdır, yoxsa aşıq musiqisi? Hansı Azərbaycana və türk xalqına aiddir? Hansı daha qədimdir? Aşıq sənəti dövlət səviyyəsində qorunmasa, inkişaf etməyəcək. Ümid edirəm, muğam sənətinə olan diqqətin onda biri aşıq sənətinə ayrılar. Aşıq sənəti də Konservatoriyada tanınmış ustadlar tərəfindən öyrədilsə, diqqət olsa, vəsait ayrılsa, inkişaf edər. Bu sənət türk xalqlarının yeganə ortaq milli musiqisidir. Əslində, biz aşıq musiqisi yox, aşıq sənəti desək, daha doğru olar. Çünki aşıq musiqisi aşıq sənətinin 30 faizidir. Onun 50-60 faizini aşıq ədəbiyyatı təşkil edir. Başqa janrlarda bu, çox rəngsiz və ya yox səviyyəsindədir.
- Hansı çatışmazlıqlar var və nədən narazısınız?
- Ustad-şagird ənənəsi, təxminən, 60 il bundan öncə öz rəngini əldən verib. Ortaya çıxan aşıqlar bir az internetdən, bir az disklərdən müəyyən mahnılar öyrənib, “mən aşığam“ deyir. “Ustad görməyənin işi xam qaldı”, - el arasında belə bir kəlamımız var. Doğrudan da belədir: ustad görməyən şagirddən peşəkar sənətkar çıxmaz. Nəticədə də bu sənət indiki vəziyyətə gəlib çıxıb. Yaşlı ustadlar həyatdan gedir. Ona görə də bu müstəvidə lazımi işlərin görülməsi zəruridir. Qeyd etdiyim kimi, başda da ustad-şagird ənənəsi bərpa edilməlidir. Musiqi məktəbləri o ənənənin yerini doldura bilmir. Orada nəyisə öyrətməklə iş bitməz. Gərək, aşıq sənəti məktəbləri, ali məktəblərdə aşıq sənəti fakültəsi yaradılsın. Buraya qəbul olanlar bu sənəti savadlı şəkildə öyrənərlər. Dünya musiqisi ilə tanış olarlar. İndi ümumi repertuarı 20 havadan ibarət olmayanlar, şeir, dastan bilməyənlər gəlib “tələbə” yetişdirib, “aşıq” adı ilə xalqa sırıyır. Təbii ki, belə bir halda aşıq sənəti irəliləməz, məhv olar. Odur ki, aşıq sənətinin sistemli tədrisinin, ənənələri bağlı inkişafının tərəfdarıyıq.скачать dle 12.1