Bia.Az

Cavanlar niyə özünə qıyır: çıxış yolu - psixoloqdan “qızıl” tövsiyələr

Cəmiyyət
 21-10-2023, 09:50     292

Vəfa Rəşidova: “Bütün problemlərin səbəbi təklənməkdən başlayır

“Övladlarınızı elə böyüdün ki, gələcəkdə qarşılaşacaqları hansısa stres və yaxud çətin situasiya qarşısında immuniteti güclü olsun”
Azərbaycanda qısa zamanda daha bir intihar faktı baş verib. Yevlaxda 33 yaşlı kişi özünü öldürüb. Rayon sakini, stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Əjdərli yaşadığı evdə özünü asaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Araşdırma aparılır.
Bundan cəmi bir neçə gün qabaq tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı gənc yaşda özünə qəsd etmişdi. Onun böyük məbləğdə borca görə həyatla vidalaşdığı, xanımı ilə boşandığı iddia olunsa da, Türkan Məmmədli yayılan xəbərlərə belə münasibət bildirmişdi: “Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq hayındasınız. Orxanın ruhunu incitməyin”.
Sözsüz ki, müxtəlif yaşlarda intihar hadisələri başqa ölkələrdə də baş verir. Bəs sırf milli, dini özəlliklərdən doğan səbəblər varmı? İnsanlar cavan yaşda həyatlarına niyə qıyır? Ailədə bu yolu seçmiş insanı davranışından necə tanımaq olar ki, onu vaxtında xilas etmək mümkün olsun?
Ümumiyyətlə, son vaxtlar Azərbaycanda intihar hallarının artdığı müşahidə olunur. Ekspertlər intiharların səbəblərinin araşdırılması üçün müstəqil bir mərkəzin yaradılmasını təklif edir. Mətbuatdakı araşdırmalarda insanların daha çox maddi çətinliklərdən və hüquqsuzluqdan canlarına qıydığı vurğulanır.
vefa residova.jpg (110 KB)
Vəfa Rəşidova
Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb. Psixoloq ilk öncə intiharların baş vermə səbəblərindən söz açaraq, qeyd edib:
“Bəli, son zamanlar intiharların sayının artdığı müşahidə olunur. Təkcə son vaxtlar deyil, ümumiyyətlə, son 10 ildir ki, bu tendensiya var. Təbii ki, bu da müəyyən hadisələr, situasiyalar ilə bağlıdır. Yəni, bir çox səbəblər var.
Milli, dini özəlliklərdən doğan səbəblər varmı? Əlbəttə var, yoxdur demək olmaz. Çünki hər bir fərdin, insanın özündə saxladığı, qoruduğu dini özəlliklər və yaxud sırf topluma görə, eyni zamanda özünə, milliyyətinə və yaxud dəyərlərinə sığışdırmadığı məqamlar var ki, bir çox hallarda bu da səbəb olur. Çox sayda insan var ki, hansısa situasiyaya düşəndə “bunu özünə sığışdırmıram” deyir. Bu nədir? Qeyd etdiyim kimi, özünün qurduğu və söykəndiyi, milliyyətinə, ailəsinə görə müəyyən dəyərləri var, həmin dəyərlərə xələl gələndə özünə bunu həqarət bilir və intihara əl atır".
Psixoloq intihar məsələsində yaşla bağlı məqama da toxunub:
“İnsanların intihar məsələsi yaşa baxmır. Yəni, yeniyetmə, gənc, orta yaşlı, yaşlı insanlar da intihara əl atır. Amma araşdıranda görürük ki, yeniyetmə yaş qrupunda daha çox qızlar intihara meyilli olur. Yeniyetmə yaşdan sonra daha çox kişilərin intihar etdiyi müşahidə olunur. Bunun da səbəbi bir qədər öncə qeyd etdiyim kimi bir çox hallarda sırf milli, dini özəlliklərdən doğan amillərlə bağlı olur.
Azərbaycan psixologiyasında “kişi bunu etməz”, “bu kişiyə yaraşan hərəkət deyil” kimi ifadələr çox tez-tez işlədilir. Elə situasiyalar, hadisələr var ki, həm qadının, həm də kişinin başına gələ bilər və bu kişilik və yaxud qadınlıqla bağlı deyil. Amma bizim cəmiyyətimiz bəzən bəzi situasiyaları kişiliklə bağlayır və çətin vəziyyətə düşən kişi özündən utanır ki, sabah cəmiyyətin üzünə necə çıxacaq, ona “sən kişi deyilsən” deyəcəklər və deyirlər də. Nəticədə bu sözləri eşitməmək üçün insan intihar edir.
Ümumiyyətlə, intihar edən insan birdən-birə buna qərar vermir. Əvvəlcə “artıq bezmişəm”, “artıq yaşamaq istəmirəm”, “mən niyə dünyaya gəldim”, “mənsiz də yaşaya bilərsiniz”, “mən olmayanda belə edərsiniz”, “əşyalarımın yeri buradadır” kimi sözlərinin tez-tez işlədir. Amma biz bəzən buna adi  baxır və yaxud deyirik ki, “qorxutmağa çalışır”. Yəni, intihara meyilli insanları bəzən o qədər görməməzlikdən gəlirik ki, bunun da sonu çox təəssüf ki, acınacaqlı bitir.
Hər bir ailə üzvü, cəmiyyətdəki bütün insanlar bilməlidir ki, bu sözlər intihara aparan yolun açar sözləridir. Bir qədər bir-birimizi dinləsək, belə problemlər baş verməz. Araşdırsaq görərik ki, hər beş ailənin birində  bir nəfər intihara meyilli olur.
Bildiyiniz kimim intihar həm də bir hayqırtıdır, “məni duyun, məni eşidin, məni eşitmədiniz deyə bu dünyadan getdim” kimi düşüncəsi ilə olan hayqırtılardır. Bunun da hamısının kökündə dayanan dinlənilmək problemidir. İnsanlar anlayanda ki, onları dinləyən var, fərq etmir bu qonşu, dost, həyat yoldaşıdır, o zaman insan heç vaxt intihar etmir. Amma hər dəfə tənqid olunanda, onu insanlar anlamayanda özünü tək hiss edir. Buna əmin olun ki, əgər intihar edən insanlar həyatda onu dinləyən birisini tapsaydı, o heç vaxt intihar etməzdi və yaxud təklənməzdi. Bütün problemlərin səbəbi təklənməkdən başlayır. İnsan təklənəndə problemlər ortaya çox qabarıq şəkildə çıxır, çünki depressiya yaşayır. Depressiyalar da daha çox ailədə ailə üzvləri arasında pərakəndəlik yaşananda, bir-birilərinə dəstəyi nümayiş etdirməyəndə yaranmağa başlayır".
Vəfa Rəşidovanın sözlərinə görə, daha çox depressiyada olan insanlar  intihar edir:
“Bəzən affekt halında olmaq da bunun səbəblərindən biri olur. Buna psixoloji baxımsızlıq da deyə bilərik. Hər bir insan özünə psixoloji baxım etməlidir. Yəni, necə ki, bədənimizə, orqanlarımıza baxım edirik, eləcə də psixoloji baxımımıza diqqət etməliyik.
Qeyd edim ki, cəmiyyət olaraq psixoloji baxımsızlıq problemimiz var. Biz elə bilirik ki, bəzənib, yaxı geyinsək, bu zaman baxımlıyıq. Baxımlılıq birinci növbədə psixologiyadan başlayır. İnsan ilk növbədə psixoloji vəziyyətini nəzarətdə saxlamaladır, bu zaman ən baxımlı insan olur. Məsələn, öz mənfi cəhətlərini bilir və onun daim nəzarətdə saxlayır, psixoloqa, psixoterapevtə müraciət edir və sairə. 
“Praktika nə deyir, ən çox hansı səbəb rol oynayır - mühit, sosial-iqtisadi, psixoloji faktorlar, yoxsa nə?” sualımıza isə Vəfa Rəşidova bu cür cavab verdi:
“Əlbəttə ki, mühitin insanlara  təsir psixologiyası var. Ümumiyyətlə, insanın mühiti sağlam olmalıdır. Əgər bir insan depressiyadan əziyyət çəkən və yaxud ümidsiz bir mühitdədirsə, özünə aid, xarakterinə, strategiyasına, həyat planına, arzusuna görə mühit qura bilməyibsə, yaşadığı mühit onu bitirir.  Yəni, mühitin bitirdiyi qədər insanı heç nə bitirə bilməz.
Sosial-iqtisadi problemlərə görə də intihara əl atanlar var. Bu, zəif xarakterdən qaynaqlanan məqamdır. Ona görə də hər zaman valideynlərə tövsiyə edirik ki, övladlarınızı elə böyüdün ki, gələcəkdə qarşılaşacaqları hansısa stres və yaxud çətin situasiya qarşısında immuniteti güclü olsun.
Araşdıranda məlum olur ki, intihar edən insanların böyük əksəriyyəti məhz stresə qarşı immuniteti zəif olanlardır. Onlar qarşılaşdıqları situasiyadan, çətin vəziyyətdən çıxış yolu tapa bilmir. Halbuki, hər zaman alternativ variant var və çıxış yolu ölüm ola bilməz.
Həmçinin övladlarını elə tərbiyə etməlisiniz ki, onlar pula meyilli olmasın və yaxud pulu ən əsas amil meyar hesab etməsin, pulla bağlı çətinlik yaşayanda, borcları yarananda intihara əl atmasın.
Bəs ailədə ər və arvad daha çox nəyə diqqət emətməldir? Ümumiyyətlə, ər arvaddan, arvad da ərdən maddi cəhətdən əl çəkməli, bir-birinə kapital kimi baxmasınlar. Yəni o mənada ki, bir-birini maddiyyata görə “boğmamalıdırlar”. Artıq elə zəmanəyə gəlmişik ki, kişinin cibində pul yoxdursa və yaxud elə qadın evə pul gətirmirsə, ondan boşanırlar. Bu zaman ailədə artıq müqəddəs heç bir şey qalmır ki, yeganə vasitə pul olduğu üçün o da bitən zaman başqa variant qalmır, ayrılırlar.
Çox təəssüf ki, indi cəmiyyətimizdə cütlüklər evlənəndə əksəriyyəti maddiyyatı düşünür. Amma əslində ailə qurularkən nəzərə alınmalıdır ki, burada əsas amil pul olmasın, hisslər, duyğular olsun ki, qurduqları ailə davamlı ola bilsin"./“Yeni Müsavat”скачать dle 12.1