Bia.Az

Ölümlə təhdid olunan agsulu sahibkar Prezidentdən kömək istəyir - MÜRACİƏT

Cəmiyyət
 16-10-2023, 15:02     379

Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu BİA.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə xanım Əliyevaya mürəciət edib. Video-müraciəti olduğu kimi təqdim edirik:


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova

Surəti: Azərbaycan Respublikasının Ombudsmanı Səbinə xanım Əliyevaya

Ağsu rayonunun Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu tərəfindən


MÜRACİƏT:


Cənab Prezident! 
Yazıb, Sizə bildirirəm ki, mən Ağsu rayonunda sahibkar kimi qoyunçuluq təsərrüfatı ilə məşğul oluram. 22 il yay fəsillərində 400 başa yaxın xırdabuynuzlu heyvanımı bəsləmək ücün Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığındakı Hacıxan yaylaq otlaq sahəsindən istifadə etmişəm. Hazırda həmin yaylaq otlaq sahəsi İsmayıllı rayonunun nəzarətindədir. 2023-cü ilin iyun ayında mənim heyvanlarımı daimi istifadə etdiyim ərazidən İsmayıllı RİH-nin əməkdaşları polis gücünə çıxartdılar. Dedilər ki, ərazi Ədalət Göyüşov adlı iş adamına satılıb, ərazidən çıxmasam, məni həbs etdirəcəkləri ilə hədələdilər. Halbuki ərazinin istifadəsinə dair əlimdə bütün dövlət sənədləri var. Məcbur qalıb, 367 baş xırdabuynuzlu heyvanımı qızmar yay günlərində arana - Ağsunun Ərəbuşağı kəndinə qaytardım. Yaylağa öyrəşmiş heyvanlarımın bir hissəsi yolda, bir hissəsi də aranda tələf oldu, böyük zərərlə üzləşdim.

Möhtərəm Dövlət Başçısı! 
Sonradan öyrəndim ki, Ədalət Göyüşov İsmayıllı rayonunun Ruşan kəndində qeydiyyatda olmaqla, həmin kəndin 2019, 2020-ci illərdə bələdiyyə sədri olub. Amma əslində İsmayıllıda onu "tikinti maqnatı" kimi tanıyırlar. Belə ki, Ədalət Göyüşov özünə məxsus "Girdiman-E" MMC şirkəti ilə İsmayıllıda tikinti işləri ilə bağlı tenderlərin əsas qalibidir. İmkanlı şəxs olan Ədalət Göyüşov əlaqələri vasitəsilə mənim 22 il istifadə etdiyim qanuni ərazimi zor gücünə əlimdən alıb və başqa bir adamın istifadəsinə verib. İsmayıllı RİH-nin məsul məmurları mətbuata etdiyim müraciətlərdən sonra haqqım olan ərazini mənə qaytarmaq istəsələr də, Ədalət Göyüşov ciddi-cəhdlə bu işə mane olur, arxasında dayanan tanımadığım böyük cinli məmurlar vasitəsilə icra hakimiyyətinə təzyiqlər göstərir, "İstəyirsiz Prezidentə deyin, həmin ərazini qaytarmayacam!" - deyir.

Hörmətli, Prezident! 
Ədalət Göyüşov mənə başqa-başqa adamlar vasitəsilə zəng etdirir, hədə-qorxu gəlir, bizi ölümlə hədələyir. O, həmişə dövlət vergilərini ödəyib, təyinatı üzrə sahibkarlıqla məşğul olan bir təsərrüfatçını haqsız yerə incidir, imkanlarına arxalanıb saymaz mövqe tutur, hətta özünü Prezidentdən də üstün saymaq cəsarəti tapır.

Sizdən xahiş edirəm, mənim haqlı səsimə səs verəsiniz, Ədalət Göyüşovun haqsız əməlinin qarşısının alınması baxımından müvafiq göstərişlər verəsiniz. Qeyd edim ki, bir neçə dəfə cənabınıza müraciət etmişəm, lakin işin araşdırılması İsmayıllı RİH-yə yönləndirilib. İsmayıllı RİH isə onun öhdəsindən gələ bilmir. Xahiş edirəm, məni Prezident Aparatında sənədlərimlə birgə qəbul etsinlər və bu süni problem birdəfəlik həll olunsun.

Əvvəlcədən təşəkkürlərimi bildirirəm. 

İmza:    A. X. Mürsəlov


BİA.az
скачать dle 12.1