Bia.Az

Bu dünyadan bir Qənirə Paşayeva keçdi - Azərbaycanın millət vəkili 48 yaşında vəfat etdi

Cəmiyyət
 29-09-2023, 01:28     609

Xəbər verdiyimiz kimi bir neçə saat öncə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva dünyasını dəyişdi.
Qənirə Paşayevanın vəfatı ilə bağlı sosial şəbəkələrdə demək olar ki, hər kəs rəhmət yazır, qəhərlənir, bu itki ilə barışa bilmir. Cəmiyyət Qənirə xanımı hər zaman ən çətin anında anır, ondan imdad umurdu. Qənirə Paşayeva isə heç zaman kimliyindən asılı olmayaraq ondan kömək umanları cavabsız qoymurdu. Ona görə də boşuna demirlər ki, Qənirə Paşayevanın itkisi eldən getdi.
Qənirə Paşayeva Azərbaycan tarixində yeni bir səhifə idi. Bu səhifə artıq qapandı, onun yerini çətin ki, hansısa deputat, cəmiyyət adamı doldura bilər.
Onun keçdiyi ömür yoluna qısa da olsa nəzər salaq:
Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Ələsgər qızı Paşayeva 24 mart 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub. 
O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 
Qənirə Paşayeva 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. 
O, Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. 
Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdi. 
Mükafatları
29 dekabr 2021-ciildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilib. 
Gürcüstanın fəxri vətəndaşıdır.
Kitabları
Nobel mükafatlı qadınlar
"Tarixə adını yazan qadınlar" (3 cilddə )
"Xocalı soyqırımı" (26 fevral 1992): şahidlərin dilindən"
"Səndən sonra"
"Türk ruhunun söz bayrağı Əhməd Cavad" 
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 24 sentyabr 2023-cü ildə komaya düşmüşdü. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görüldü. 28 sentyabr 2023-cü ildə O, müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində 48 yaşında vəfat etdi. 
Allah rəhmət eləsin!скачать dle 12.1