Bia.Az

“Mənə zülm edirsiniz” -YAP-ın keçmiş funksioneri

Cəmiyyət
 16-08-2023, 11:41     232

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatı sədrinin keçmiş müavini Aytac Əliyeva həbsdə aclıq aksiyasına başladığını deyir. O bunu avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində açıqlayıb.

Aytac Əliyeva həm də Binəqədi qəsəbə bələdiyyəsinin sədri olub. O, elə bu vəzifədə çalışarkən, adamları müxtəlif yollarla aldadıb, yarım milyon manata yaxın pulu ələ keçirməkdə ittiham olunur.
Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turqut) ilə birlikdə mühakimə olunur. Öncə bacısı da həbsdə idi. Amma məhkəmə prosesinin gedişində onun haqqında həbs-qətimkan tədbiri dəyişildi. Hakimlər qərar verdilər ki, o, ev dustaqlığına buraxılsın, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi – alınan pulların geri qaytarılması üçün addımlar atsın.
İddia olunur ki, Əliyeva bacıları müxtəlif adamları, əsasən, qızıl alveri adıyla aldadıblar. Keçmiş bələdiyyə sədri işə düzəltmək adıyla, Binəqədi ərazisində torpağa saxta sənəd verib pul almaqda da ittiham olunur.
Əliyeva bacıları zərərçəkmişlərin yalan söylədiyini, alınan məbləğləri şişirtdiklərini deyirlər.
Son məhkəmə iclaslarında bacılar hətta bir-birini də ittiham edirlər.
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları sona yaxınlaşır. İndi prosesdə sənədlərin tədqiqi mərhələsidir.
Avqustun 15-dəki məhkəmədə keçmiş bələdiyyə sədrinin vəkiliylə hakim arasında mübahisə yaranıb. Hakim məhkəmə prosesinin sentyabrın 22-nədək təxirə salındığını elan edib.
Aytac Əliyeva bunu süründürməçilik kimi qiymətləndirib və etiraz olaraq, aclıq aksiyasına başladığını bildirib: “Mənə zülm edirsiniz…”.
Aytac və İlknur Əliyeva bacıları Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunurlar. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub. //Gununsesi.info//скачать dle 12.1