Bia.Az

Maşınların utilizasiyası ilə bağlı qaydalar təsdiqləndi: kimə sərf edir...

Cəmiyyət
 29-07-2023, 11:57     301

Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir. Qanunla utilizasiyaya verilən avtomobilə görə güzəşt məbləği və birdəfəlik ödənişin həcmi müəyyənləşdiriləcək. Fərmanla Nazirlər Kabineti üç ay müddətində “Tullantılar haqqında” qanunun 14-1-ci maddəsinin dördüncü hissəsinə və səkkizinci hissəsinin ikinci cümləsinə, 14-8-ci maddəsinin yeddinci hissəsinə uyğun olaraq, utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmini təsdiqləyəcək.
Bu qanunda avtomobillərin utilizasiyaya verilməsi proseduru müəyyənləşib. Habelə, qanuna görə:
-Köhnə avtomobilləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq ediləcək.
- Avtomobillərin utilizasiyaya verilməsi proseduru müəyyənləşib.
- “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilib.
Maşınların utilizasiyası nə vəd edir? Vətəndaşlar bundan qazanacaq, yoxsa itirəcək?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, utilizasiya proqramı sosial-iqtisadi, həm də ekoloji bir layihədir: “Məqsəd insanların rifahının yüksəldilməsi və eko sistemin yaxşılaşdırılmasıdır. Hazırda ölkəmizdə köhnə və istismarda olan avtomobillər çoxdur. Elə avtomobillər var ki, onlar nə vaxtsa, qəzaya düşüb, sonra istifadə olunmayıb, uzun müddət bir yerdə qalıb, artıq ”metallom"a çevrilib. Bu avtomobillərin hardasa qalmağı ilə həm ətraf mühitə zərər verir, həm də yer tutur. İlk növbədə SSRİ dövründən qalma, bu günün təhlükəsizlik qaydaları və ekoloji standartlara cavab verməyən avtomobillərin utilizasiyasından başlanılsa, yaxşı olar".
Yük avtomobillərinə məhdudiyyət tıxacları azaldacaqmı? - 27.10.2022,  Sputnik Azərbaycan
Eldəniz Cəfərov: “Vətəndaşların avtomobilləri əllərindən məcburi alınmayacaq”
Ekspert əlavə edib ki, ekosistemin yaxşılaşdırılması, atmosferə buraxılan zərərli qazların azaldılmasının özü də vətəndaşlar üçün qazancdır: “Həm də bu könüllülük əsasında keçirildiyinə görə vətəndaşlar imkan verir ki, uzun müddət istismar edilməyən, artıq metalloma çevrilmiş bir nəqliyyat vasitələrini müəyyən məbləğ müqabilində utilizasiyaya göndərsinlər. Onun əvəzində dövlət onlara qiymətli kağız, yəni vauçer verəcək. Bəzi ölkələrdə dövlət avtomobilləri bazar qiyməti əsasında məcburi qiymətləndirir və bunun əsasında vətəndaşa hansısa məbləğ ödəyir. İri avtomobil sənayesi olan ölkələrdə isə adətən köhnə avtomobillərin dəyərinə uyğun vauçerlər verilir, vətəndaş yeni avtomobil alanda həmin vauçeridəki məbləğ qədər güzəşt qazanır. Azərbaycanda isə utilizasiya proqramı üçün könüllülük prinsipi əsas götürülür. Yəni vətəndaşların avtomobilləri əllərindən məcburi alınmayacaq. İnsanlar könülü qaydada köhnə avtomobillərini təhvil verib dövlətdən vauçer alacaq. Vauçerin verilməsi dövlət və biznes dialoqu əsasında olacaq. Yəni ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorları ilə dövlətin müştərək layihələndirməsi əsasında avtomobilini utilizasiya edən vətəndaşa vauçer veriləcək. Həmin vauçer o zaman likvidləşəcək ki, vətəndaş özünə yeni avtomobil almaq istəyəcək”.


Ekspert: “Sürücü parklanma yerində heç nə sübut etməli deyil” - 25.07.2017,  Sputnik Azərbaycan
Ərşad Hüseynov
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da mövzu ilə bağlı fikrini bildirib. O qeyd edib ki, nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı “İstehsalat və məişət tullantıları haqqında” və “Yol hərəkəti haqqında” qanunlara, habelə İXM-ə və Gömrük Məcəlləsinə edilən dəyişikliklər rəsmi təsdiq olundu: “Həmin dəyişikliklərin bir qismi (əsasən utilizasiya fondunun yaradılması və utilizasiya haqlarının yığılmasına dair normalar) 1 fevral 2024-cü, digər qismi (utilizasiya prosesinin özü) isə 1 sentyabr 2024-cü ildən qüvvəyə minəcək. Dəyişikliklərin məzmunu genişdir, lakin başlıca məqamlar bunlardır: Utilizasiya tam könüllü olacaq, heç bir məcburiyyət nəzərdə tutulmur. Ona görə də utilizasiya ilə bağlı avtomobil sahibləri barəsində hər hansı cərimə nəzərdə tutulmur. Utilizasiya ilə bağlı İXM-ə əlavə edilən cərimələr yalnız utilizasiyanı həyata keçirən subyektlərə, bir də yerli istehsal avtomobilləri satan avtosalonlara aiddir.
Eyni zamanda, Utilizasiya fondu yaradılır. Həmin fonda daxil olacaq vəsaitlərdən biri də avtomobil sahiblərindən alınan utilizasiya haqqı olacaq. Utilizasiya haqqı istehsal (qanunların layihələrini yazanlar yeni və əcaib bir termin kəşf ediblər: istehsal-buraxılış) ili 4 il və daha artıq olan nəqliyyat vasitələrinə görə ödəniləcək.  Utilizasiya haqqının məbləğini və ödənilmə dövriliyini Nazirlər Kabineti müəyyən edəcək (hələ müəyyən edilməyib). Yaşı 4-dən artıq olan nəqliyyat vasitələri ölkəyə gətiriləndə utilizasiya haqqını rəsmiləşdirmə zamanı gömrük orqanı toplayacaq. Ölkədə olan və yaşı 4-dən artıq nəqliyyat vasitələri üçün utilizasiya haqqı isə dövri texniki baxış zamanı toplanacaq.
Öz nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə təsdiqedici sənəd (mahiyyətçə vauçer kimi bir sənəd) veriləcək. Həmin sənəddə yerli istehsal olan yeni avtomobil almaq üçün güzəşt məbləği müəyyən ediləcək. Güzəştin məbləğini Nazirlər Kabineti təsdiq etməlidir (hələ təsdiqlənməyib). Kimsə yerli avtomobil almaq istəməsə, ona bu güzəşt əvəzində daha az həcmdə birdəfəlik ödəniş (yəni müəyyən məbləğdə pul) veriləcək. Birdəfəlik ödənişin məbləğini Nazirlər Kabineti təsdiq etməlidir (hələ təsdiqlənməyib)".
Ekspert əlavə edib ki, təsdiqedici sənəd 3 il qüvvədə olacaq (həmin müddət bitənədk istifadə edilməlidir). Bu sənədi başqasına satmaq mümkün olacaq. Bir adam bir neçə təsdiqedici sənəd əldə edib onlarda nəzərdə tutulmuş güzəşt məbləğlərini cəmləməklə istifadə edə biləcək. Eyni zamanda, utilizasiya operatoru “Təmiz şəhər” ASC olacaq. Lakin operator utilizasiya ilə məşğul olmayacaq. Bu işlə bilavasitə utilizatorlar, yəni bunun üçün texniki və başqa imkanı olan hüquqi və fiziki şəxslər məşğul olacaq.  Utilizasiyaya verilməli olan avtomobillər üçün heç bir meyar, yəni marka, istehsal ili və s. nəzərdə tutulmur. Belə anlaşılır ki, istənilən şəxs yararsız saydığı avtomobilini utilizasiyaya verə biləcək. Dünyada qəbul edilən yararsızlıq meyarı isə avtomobilin texniki baxışdan keçə bilməməsidir. Lakin heç bir məcburilik nəzərdə tutulmur. Maraqlıdır, bu bizdə necə işləyəcək. Yekun olaraq deyim ki, hər şey qaydasında getsə, utilizasiya gələn ilin sentyabrından başlaya bilər".скачать dle 12.1