Bia.Az

İki kino ittifaqı birləşdi- rəhbər Şəfiqə Məmmədova, yoxsa Rasim Balayev olacaq? – Özəl açıqlama

Cəmiyyət
 26-07-2023, 13:29     302

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib. Bununla bağlı İttifaqlardan APA-ya məlumat verilib. Qeyd olunub ki, bununla bağlı bu gün ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib. İclasda yekun olaraq ölkədəki kino sektorunda dəstək və birlik məqsədi ilə ittifaqların birləşidirilməsinə qərar verilib.

Qeyd edək ki, ölkədə iki kino ittifaqının olması ilə bağlı illərdir ki, müzakirələr gedir, milli kinonun inkişafına xətir ittifaqların birləşməsi təklif olunurdu. Bəs birləşən ittifaqlara kim rəhbərlik edəcək – Şəfiqə Məmmədova, yoxsa Rasim Balayev?

Xatırladaq ki, Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb.  İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.

Şəfiqə Məmmədovanın bundan əvvəl rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilmişdi. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılar idi: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.
Əməkdar incəsənət xadimi Ayaz Salayev ittifaqlar birləşərsə, istefa verəcəyinin demişdi.

Xalq artisti Rasim Balayev məsələ ilə bağlı Musavat.com-un suallarını cavablandırıb:
 
 - Rasim müəllim, ittifaqların birləşməsi ilə bağlı uzun illər idi ki, müzakirə gedirdi. Nəhayət ki, bu gün birləşməyi seçdiniz...

- Bəli, bu gün iclas keçirildi, ümumi qərar oldu ki, birləşək. Həm Şəfiqə Məmmədovanın, həm də bizim ittifaqın idarə heyəti bir yerə yığışmışdı və belə qərara  gəldik ki, bəli, birləşək, üstəlik artıq bu ittifaq deyil, birlik adlandırılsın. Yəni Azərbaycan Kinematoqrafiyaçılar Birliyi.

 - Bəs rəhbər kim olacaq? Bu barədə də yekun qərar gəldinizmi?

 - Hələlik bu barədə heç bir fikir yoxdur, bu, gələcəyin söhbətidir. Əgər alınsa bizim nizamnaməni əsas götürsələr, bu nizamnaməyə əsasən rəhbərliyi qurultay seçir, yəni, səsvermə ilə rəhbərlik seçilir. İndi bu məsələ necə olacaq, onu hələ ki, bilmirəm. Düşünürəm ki, bu barədə danışmaq hələ ki, tezdir.

 - Yəqin ki, bundan sonra milli kinonun inkişafında hansısa yenilikləri görə biləcəyik. Necə düşünürsünüz?

 - Elə bu niyyətlə birləşmək qərarına gəldik. Yəni hərə özünü bir tərəfə çəkməsin, yaradıcı insanlar ümumi bir məqsədə xidmət etsinlər deyə. Bəlkə bu yolla müəyyən dəyişiklilərə nail ola bildik.

 - Bəs birləşmək  ideyası kim tərəfindən gəldi?

 - Lap əvvəldən deyirdim ki, iki kino ittifaqının olması absurddur. Yəni kiçik  bir ölkədə, kinonun bu cür çətin vəziyyətində ayrıca kino ittifaqlarının  olmasına ehtiyac yoxdur. Qarşı tərəf də bu fikirlə razılaşırdı.  Görünür ki, “yuxarı”dan da məsləhətləşiblər ki, iki kino ittifaq ola bilməz. Ona görə də  onların fikri ilə bizim fikrimiz üst-üstə düşdü və  birləşdik”.скачать dle 12.1