Bia.Az

Müğənni Dəniz Əsədova: “Polisə 88500 manat rüşvət vermişəm” – VİDEO

Cəmiyyət
 23-05-2023, 19:30     330

Polis mənə dəyən ziyanı qaytarmaq üçün 88 500 manat pulumu alıb.

BİA.az xəbər verir ki, bu barədə müğənni Dəniz Əsədova “İnstagram” sosial şəbəkəsi üzərindən Daxili İşlər Naziri Vilayət Eyvazova ünvanladığı videomüraciət zamanı bildirib.
D.Əsədova qeyd edir ki, edilən saxtakarlıqda və dövlət büdcəsinə vurulan ziyanda ondan başqa bir neçə nəfərin olmasına baxmayaraq istintaq tək onun üzərində qurulub.
“2019-cü ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin araşdırması nəticəsində əlillik dərəcəsinin verilib-verilməməsi ilə bağlı məsuliyyətə cəlb olunmuşam. İstintaq zamanı zərərçəkmiş vətəndaşlara külli-miqdarda vəsait ödəmişəm. Eyni zamanda saxta əlillik dərəcəsi ilə dövlət büdcəsinə dəymiş ziyanı da ödəmişəm. Bu işdə əsas rüşvəti həkimlər alsa da, bütün zərəri mən qarşılamışam və məsuliyyətə tək mən cəlb olunmuşam.” – deyə Dəniz Əsədova bildirir.
Müğənni həmçinin bildirir ki, istintaq zamanı polis əməkdaşları ona dəyən ziyanı digər şəxslərdən almaq üçün 7400 manat və 81100 manat, toplam 88 500 manatı pulunu alıblar.
“İstintaq zamanı mənə bildirildi ki, sən bütün zərərləri qarşıla, yekunda biz digər şəxslərdən sənin zərərini alacayıq. Yekunda həmin şəxslərdən şikayətçi olsam da, mənə dəyən ziyan ödənilmir. Kəlbəcər rayon mərkəzi xəstəxanasının keçmiş baş həkimi Kazımova Mehparə Musa qızı, Nərimanov rayon 8 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Verdiyev Şahin Səyaf oğlu, 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi İsfəndiyarov Rauf Mövsüm oğlu və digər həkimlər saxta sənədlər verməsinə baxmayaraq onlar məsuliyyətə cəlb olunmur. Mənə dəyən ziyanın yalnız 100 min manatı ödənilib. 527 min manat hələ də ödənilmir. Həmin məbləğin ödənilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etdim. İş Sabunçu rayon polis idarəsində araşdırılmağa başlanıldı. Mənə dəyən ziyanı qarşı tərəfə ödətdirmək üçün Sabunçu RPİ-nin keçmiş baş müstəntiqi Elvin Nəsibov 7400 manat və hazırda Sabunçu RPİ-nin baş müstəntiqi işləyən Fərid Sultanlı 81100 manat pul aldılar. Yekunda zərərimin tam ödənilməsini həyata keçirə bilmədilər. Mən həmin polis əməkdaşlarından pulumu geri tələb etsəm də, nəticəsi olmadı.” – deyə müğənni əlavə edir.
Qeyd edək ki, Dəniz Əsədova sözügedən polis əməkdaşlarına 88 500 manat pul verməsinə dair sübutlarının olduğunu vurğulayır.
Daha ətraflı videomaterialda:

Sarkazm.azскачать dle 12.1