Zamin Salayevə cəza kəsildi
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi cəbhəçi Zamin Salayevə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Partiya funksioneri silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.
AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir. Mayın 11-də o, Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
Novator.az bildirir ki, hazırda AXCP-nin daha 5 üzvü azadlıqdan məhrumetmə cəzası çəkir.
2020-ci ildə tutulan Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci ildə tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 il azadlıqdan məhrumetmə cəzası alıb.
2021-ci ildə tutulan Mütəllim Orucov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ildə tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
2022-ci ildə tutulan Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub.
Daha bir cəbhəçi cinayət ittihamı ilə həbsdədir. 2022-ci ildə tutulan Razi Alışova narkotik vasitə satmaq ittihamı irəli sürülüb. Bu ittiham 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.