Bia.Az

“Azərlotereya” kasıb vətəndaşları aldadır…. - Qonşu Gürcüstandan nümunə götürmək lazımdır…

Cəmiyyət
 12-05-2023, 22:45     247

Bu gün səhər-səhər oxuduğum ilk xəbər qonşu Gürcüstanda qumar oyunlarının məhdudlaşdırılması və qumar oyunları ilə bağlı qanunun icrasına nəzarətin gücləndirilməsi oldu. 

Belə ki, qüvvəyə minmiş qanuna görə, Gürcüstanda yaşı 25-dən az olan şəxslərin, habelə sosial təminatı az olan insanların, siyasətçilərin və dövlət qulluqçularının qumar oyunlarında iştirakı QADAĞAN  olunur. Gördünüzmü,  25 yaşdan az olanlar...siyasətçilər...məmurlar...və sosial təminatı az olanlar... Görəsən, Azərbaycanda fəaliyyət göstərən “Azərlotereya” ASC niyə qonşu Gürcüstandan nəticə çıxartmır..? 

Heç kimə sirr deyil ki, lotereya da qumarın guya mədəni formasıdır. Hər gün işə gəlib-gedərkən metro çıxışlarında, avtobus dayanacaqlarında, marketlərin qarşısında  gördüyüm mənzərə adamı dəhşətə gətirir. İnsanlar  “Azərlotereya”nın  “Poz, qazan”  lotereyalarına son ümid yeri kimi baxırlar. Hamısı da kasıb təbəqənin nümayəndələri. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail olub. 

Bəli, vətəndaşa lotereya əvəzinə iş yeri təklif etmək, onu  işsizlikdən qurtarmaq, yaşam təminatı vermək lazımdır. Yoxsa, onsuz da kasıbçılıqdan, işsizlikdən  bezən insanı qumara cəlb etmək, onun sonuncu qəpiyini də əlindən almaq cinayətdir, insanlıqdan kənardır. Və getdikcə  bu oyuna mübtəla olanların sayı günü-gündən artır. Bu oyunla bağlı  dövlət  sərt tədbirlər görməlidir. İndi gəlin görək, İqtisadiyyat  Nazirliyi yanında fəaliyyət göstərən “Azərlotereya” MMC kimlərə məxsusdur. 

Qısa məlumat üçün qeyd edək ki, vaxtilə ölkəmizdə 20-dən artıq  lotereya şirkəti fəaliyyət göstərib. Bunun qarşısını almaq,  VƏTƏNDAŞLARIN  hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən DÖVLƏT BÜDCƏSİNƏ  daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə 2001-ci ildə  ASC yaradılıb. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir. Amma təəssüf ki, ASC ümidləri doğrultmadı və yuxarıda qeyd etdiyimiz 20-dən artıq lotereya şirkəti kimi vətəndaşları aldatmağa başladı. Və nəhayət  2021-ci ildə  “Azərlotereya” ASC-nin idarəedilməsi  Türkiyəli  qardaşlarımıza  verildi. Belə ki,  İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verildi. Təsəvvür edirsiniz  10 il və üstə gələk 5 il… Bu gün “Azərlotereya”nı idarə edənlər aşağıdakı şəxslərdir: İdarə Heyətinin sədri — Zafer Reisoğlu Maliyyə üzrə Baş rəhbər — Osman Karakuş Əməliyyatlar üzrə Baş rəhbər — Salih Tüfekçi Olsun, buna etiraz etmirik. Amma… Əmması odur ki, bütün dünyada zərərlə işləyən  sahəni xarici investorlara verirlər ki, o sahəyə investisiya qoyub dirçəltsin. Axı, “Azərlotereya”  gəlirlə işləyən sahədir, həm də görəsən, dövlət büdcəsinə nə qədər pul köçürür..? Sözün qısası,  “Azərlotereya”  ilə bağlı suallar çoxdur. Ekspertlər qeyd edir ki,  “Azərlotereya”  vətəndaşları aldadır. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, lotereyaların iki növü olur – ani və tirajlı: “Poz qazan” ani lotereyadır. Ani lotereyada uduş həmin anda müəyyən olunur və vətəndaş uduşunu yerindəcə ala bilir. Biz ani lotereyada insanları necə aldatdıqlarını müəyyən etmişik. Ani lotereya kuponları bir-birindən fərqlənməməlidir, hamısı identik olmalıdır. Lakin bu lotereya kuponlarının arxasında bir rəqəm var, o rəqəmlə onlar fərqlənirlər. 

Həmin ani lotereyaların çapını sifariş edən fiziki və ya hüquqi şəxsə məlum olur ki, hansı nömrədə hansı rəqəmin üstü bağlanıb. Yəni uduşlu lotereya kuponları əvvəlcədən sifarişçiyə məlum olur, onları istəsə götürə, istəsə götürməyə bilər və s. Bu da istehlakçıların kütləvi surətdə aldanmasına gətirib çıxarır. İndi aydın oldumu, ASC  hansı oyunlardan çıxır..? Yəni yüksək uduşlu  kuponlar sifarişçiyə əvvəlcədən bəllidir. Ekspert onu da qeyd edir ki, lotereyanın oyun komissiyasında oturan şəxslərin heç bir hüququ yoxdur. Yəni onlar  uduş fondunu, nə qədər lotereya bileti satılıb, nə qədəri qalıb, bunu müəyyən etmirlər, heç bir əsasnamə yoxdur. Bir sözlə, “Azərlotereya” ASC kasıb təbəqəni fəlakətə  düçar edir. Yazıda  müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.


скачать dle 12.1