Bia.Az

Gənclərin sürətlə keçəlləşməsi nədən xəbər verir - rəylər

Cəmiyyət
 27-04-2023, 09:09     281

İmtahan stressi, düzgün qidalanmama və daha nələr...
Son illər xüsusən də gənclər arasında ən geniş yayılan problemlərdən biri də saç tökülməsidir. Bu da onların az qala kabusuna çevrilib. Yaşı 30-u yenicə haqlamış gənc oğlanlar belə qəflətən keçəlləşir və olduqlarından daha yaşlı görünürlər.
Statistika isə sübut edir ki, üç kişidən birində kəskin saç tökülməsi qeydə alınır. Kişilərdə keçəlləşmənin əsas səbəbi irsiyyət sayılsa da, qadınlarda irsi saç tökülmələri azlıq təşkil edir. Əslində kişilərdə gün ərzində yüzə, qadınlarda isə 150-yə qədər saçın tökülməsi normal hesab olunur. Kişilərdə bunun 100-dən, qadınlarda isə 150-dən çox olması isə artıq xəstəlik əlaməti kimi dəyərləndirilir. Saç tökülməli, düşən tükün yerinə yenisi bərpa olunmalıdır. Əgər bərpa prosesi gedirsə, saçda seyrəlmə olmursa, bu, fizioloji tökülmə, yəni normal haldır.
Son illər aparılan araşdırmalara görə, saç tökülməsinə səbəb olan əsas amillər genetik faktor, stress, depressiyalar, dəri problemləri, yanlış qidalanma, vitamin və mineral, dəmir çatışmazlığı, qan azlığı, hormonal problemlər, bir sıra daxili xəstəliklər, dərmanlar, kimyaterapiya müalicələridir. Bundan başqa, saçlar üçün istifadə olunan kosmetik vasitələr, saç boyaları, düzləşdirici, burucu və s. vasitələr saç tökülməsinə səbəb ola bilər.
Dəridə olan göbələk və bakterial mənşəli problemlər zamanı da saç tökülmələri baş verir. Qadınlarda ən çox hamiləlikdən sonra, dieta proqramlarını icra edən zaman saç tökülmələrinə rast gəlinir. Bu isə daha çox dəmir çatışmazlığı ilə izah olunur. Müalicə zamanı problem aradan qalxır.
İrsi faktora bağlı olan saç tökülməsinin qarşısını almaq isə mümkün sayılmır, yeganə çarə saç əkilməsidir. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da saç əkilməsi özəl klinikalar, kosmetoloji, estetik mərkəzlərdə geniş tətbiq olunur.
Hamı saç əkdirə bilməz - çünki...
Mütəxəssislər hesab edir ki, bəzi hallarda saç əkilməsi kor-koranə icra edilir, tibbi göstərişlər nəzərə alınmır. Hesab olunur ki, bir sıra, eləcə də autoimmun mənşəli xəstəliklərdən qaynaqlanan saç tökülmələrində saç əkliməsinin heç bir faydası yoxdur, əslində bu hallarda saç əkilməməlidir. Saç əkilməsi genetik meyllilik, hormonların təsir nəticəsində yaranan saç tökülmələri zamanı tətbiq olunmalıdır.
35 yaşa qədər saç əkilməsi məsləhət görülmür. Bildirilir ki, erkən saç tökülmələri 18 yaşdan etibarən müşahidə olunur, 30-35 yaşlarda isə dayanmağa başlayır. Başın təpə hissəsində tüklərin sürətlə tökülməsi isə dazlaşmanın əsas əlaməti sayılır.
Kollec və universitet imtahanlarından keçmək, məzun olduqdan sonra iş axtarmaq gənclərdə stress yaradır.  Buna görə də bir çox gənclər artıq saç tökülməsi ilə rastlaşır. Gənc və yetkinlər arasında geniş yayılmış dəri xəstəliyi olan aknedən sonra da saç tökülməsi ilə rastlaşırlar. Dermatoloqlar bunun səbəbinin stress olduğunu deyirlər. Stressdən qaynaqlanan saç tökülməsinin də müalicəsi mümkündür. Əvvəlcə insanda stressi yaradan faktoru aradan qaldırmaq lazımdır, hətta psixoloji dəstək verilməlidir. Əlbəttə ki, bunun yanında dərman, PRP müalicə, mezoterapiya kimi effektiv üsulları məsləhət görürük. Bu üsullar stress mənşəli saç tökülmələrində tükün kökü sağlam və ya yarı sağlam olduğuna görə uğurlu nəticələr verir. Əgər genetik faktorlardan dolayı saç tökülürsə, ən effektiv həlli “saç əkimi” etməkdir.
Psixi stress faktoru ocaqlı alopesiyanın inkişafında və gedişində mühüm rol oynayır. Xəstələrin 85%-də tüklərin tökülməsinə məhz stress səbəb ola bilər. Lakin bu xəstəliyin etiologiyasında sink çatışmazlığı, sinir sisteminin fəaliyyətinin pozulması, mədə-bağırsaq yolunun pozğunluqları, bakterial agentlərə qarşı həssaslıq, mikrosirkulyator axındakı pozğunluqların rolu ola bilər.
Göründüyü kimi, saç tökülmələri xəstəliyi gənc yaşlardan başlayır. Odur ki, ilk baxışdan adi görünən saç tökülmələrinin qarşısını almaq üçün diqqətli olmaq, stressdən qorunmaq, düzgün qidalanmaq lazımdır. Sonradan keçəl olmamaq üçün vaxtında həkimə müraciət etmək də məsləhət görülür.
Saç tökülməsi 2 ay davam edir və dayanır...
 Baş dərimizdə təxminən 100 min ədəd saç teli vardır. Daramaqdan və yumaqdan asılı olaraq günlük 100-150 ədəd saç telini itiririk. Saç tökülməsi genetikadan, qidalanmadan, hormonlardan, stress və bunlar kimi bir çox səbəbdən yarana bilər. Belə ki, adətən saç tökülməsi 2 ay davam edir və dayanır. Əgər bu müddət uzanırsa başqa problemlərin xəbərçisi ola bilər.
Hər saç telinin müəyyən yaşama müddəti var. Hər saç teli ortalama 4-6 il yaşayır, sonra istirahət edir və daha sonra tökülür. Saçların bu formada tökülməsi normaldır və günlük 50-100 ədəd tökülməsi normal hesab edilir. Əgər bu say artırsa, yuyularkən ələ gələn saç miqdarı artıbsa ya da yuyub quruladıqdan sonra əllə çəkərkən hər dəfə 3-5 saç teli gəlirsə, bu vəziyyəti ciddiyə almaq lazımdır. Saç tökülməsi bir çox səbəbdən ola bilər.
Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən meydana gələ bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olan və 50%-dən çoxunda kişi hormonlarına həssas olan saç tökülməsidir. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülmə müddəti uzadıla bilər.
Bu tip saç tökülmələrinə qadınlarda da rast gəlinə bilər. Ailədə genetik saç tökülməsi olan qadınlarda, xüsusilə gənclərdə qidalanma, hormonal disbalans və stress səbəbindən saç tökülmələrinə rast gəlinə bilər.
 Yazını hazırladı: Sevinc TELMANQIZIскачать dle 12.1