Bia.Az

“Suraxanı İcra Hakimiyyətinə pul verib buranı tikirəm…” – Əziz Əzizova ittiham

Cəmiyyət
 14-04-2023, 17:34     234

Bakının Suraxanı rayonu heç vaxt icra başçısı sarıdan yarımayıb. Rayona kim rəhbər təyin olunubsa, söküb-dağıdıb, satıb və yağmalayıb, qanunsuz tikintilərə meydan açıb, rüşvət alıb harda gəldi obyekt tikməyə şərait yaradıblar. Ona görə indi Suraxanıda barmaq qoymağa, demək olar ki, yer qalmayıb deyə hazırki icra başçısı Əziz Əzizov da yaşayış binalarının qabağını satmağa keçib”.

Yeni Günəşli qəsəbəsi AB massivində yaşayış binasının sakinləri “Anaxeber.info”ya belə deyiblər.Onların sözlərinə görə, Əzizov görüb ki, ona boş yerlər çatmayıb, sələfi İlqar Abbasov Suraxanını qarış-qarış peşkəş edib, indi o da binaların önünü pay-püş etməkdədir:

“Heç kimə sirr deyil ki, bu gün hansısa daşı daşın üstünə qoymaq üçün gərək icra hakimiyyəti ilə dil tapasan, görüm-baxım edəsən. Yəni hansısa məmur deyəndə ki onun xəbəri olmadan kimsə icazəsiz tikinti işləri aparıb, əmin olun gözünün içinə qədər ağ yalan danışır. Necə ki belə bir absurd yalanı Suraxanı icra başçısı Əziz Əzizov Yeni Günəşli qəsəbəsi AB massivində yaşayış binasının sakinlərinə danışmaqdadır. Burada hiyləsi isə sakinlərin “başı altına yastıq qoyub” onları aldatmaq, sakitləşdirmək və daha sonra qanunsuz tikintinin davam etməsinə şərait yaratmaqdır”.

Sakinlər deyirlər ki, sözügedən ünvanda binanın qarşısında özbaşına tikinti aparılıb: “Buna özbaşına da demək olmaz, çünki sahibkar icra hakimiyyətinin rüşvətini verməsə icazəsiz qanunsuzluq edə bilməz. Belə desək, həmin binanın qabağında icazəli özbaşınalıq baş verməkdədir. Bu da icra başçısı Əziz Əzizovun sayəsində olub”.Bina sakinlərinin sözlərinə görə, üzüm, əncir ağaclarını kəsərək yerində qanunsuz tikintiyə cəhd göstərilmişdi. Nəticədə binanın önü hasarlanıb, oksigenin qarşısı kəsilmişdi.

Sakinlər bir araya gələrək bununla bağlı narazılıq bildirmişdilər. Onlar mənzillərə hava gəlmədiyini, gün düşmədiyini qeyd edirdilər. Ümumiyyətlə, tikintinin hansı məqsədlə və kim tərəfindən aparıldığı da bildirilməyib, inşa işlərinə icazə sənədi belə təqdim olunmamışdı.
Bundan sonra sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinə, şəxsən icra başçısı Əziz Əzizova, prezidentə və Bakı meriyasına mətbuat vasitəsi ilə müraciət ediblər, qanunsuz tikintiyə son qoyulmasını bildiriblər. Onların müraciətindən sonra  Suraxanı icra başçısı Əziz Əzizov əraziyə gələrək camaatı sakitləşdirmiş, belə bir sərəncam vermədiyini bildirib: “İcra başçısı iddia edirdi ki, guya tikinti işləri şəhid bulağı adı ilə aparılıb, şəhid atası qabağa verilib və şəhid adından sui-istifadə edilib. Yəni şəhid bulağı tikilməsi nəzərdə tutulmayıb, bu addan istifadə edilib. Ona görə məsələ araşdırılıb və qanunsuz tikintiyə cəhdin qarşısı alınıb. Sakinlər də başçının bu sözlərindən sonra xeyli rahatlamış və arxayın olmuşdular ki, binanın qabağında tikinti dayandırılacaq, heç bir iş aparılmayacaq. Sonra sakinlər ərazidə ağaclar əkməyə və gələcəkdə park salmağa başladılar. Amma demə, Əziz Əzizov sakinlərə nağıl danışırmış və onları mürgülətmək niyyəti olub. Belə ki, bu günlərdə yenidən yaşayış binasının qabağında həmin tikinti davam etdirilib, ağacları da kəsilərək atılıb, yerində iş gedib. Ərazini alan şəxs bildirib ki, bunun üçün Suraxanı icra hakimiyyətinə pul verib. Ya gərək onun pulu qaytarılsın, ya da işi axıra qədər görməlidir”.Sakinlər tikintinin davam etməsinə etiraz edirlər. Onlar hətta toplaşaraq etirazlarını da bildiriblər. Amma Suraxanı Rayon İcra Hakimiyyəti və başçısı onların şikayətinə məhəl qoymayıb. Daha sonra əraziyə polis əməkdaşları gəlib və sakinləri idarəyə aparıblar. Polis idarəsində isə onlardan şikayətçi olmadıqları barədə ərizə yazmaları tələb olunub, lakin vətəndaşlar imtina ediblər, bir neçə saat sonra şikayətçilər sərbəst buraxılıb.

Görünür ki, Əziz Əzizov vətəndaşları qorxutmaq, onlara təzyiq göstərmək yolunu seçib. Halbuki görüşdə söz vermişdi ki, bu tikintiyə icazə verməyəcək. Deməli, yalan danışıb və saxtakarlıq edirmiş”.Sakinlər bildirirlər ki, icra başçısından və bu qanunsuz tikintidən Prezidentə və Birinci Vitse prezidentə şikayət edəcəklər.

Onların sözlərinə görə, dövlət rəhbərliyi hər zaman məmurların yerlərdə özbaşına hərəkətlərinə, xüsusən də ağacların məhv edilib tikintiyə qurban verilməsinə həssas yanaşırlar.

Sakinlər inanır ki, bu məsələyə ölkə başçısı müdaxilə edəcək.
Suraxanı Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib…

BİA.az
скачать dle 12.1