Bia.Az

70 yaşını qeyd edən Aqil Abbas: "Dedim, görüm, səni Ağdamda öləsən, orda üstündə ağlayım... "

Cəmiyyət
 1-04-2023, 12:17     799

"Buna qədər ən böyük arzum Qarabağı azad görmək idi. Bu arzuma çatdım, Qarabağı azad gördüm. İndi isə ən böyük arzum Ağdamı əvvəlki Ağdam kimi görməkdir".

Bu sözləri bu gün 70 yaşı tamam olan millət vəkili, yazıçı-jurnalist  Aqil Abbas Musavat.com-a açıqlamasında deyib. Aqil Abbas Ağdamla bağlı arzularını bu cür qeyd etdi:
"Allah ömür versin,  Ağdamda abadlıq işlərinin tezliklə bitməsini, orada toy, şənliklərin keçirildiyini görüm. Yəni bir sözlə, Ağdamı əvvəlki kimi görmək istəyirəm. Doğrudur, əvvəlki kimi ola bilməz, ondan da gözəl tikiləcək, qurulacaq. Amma hər halda, bütün ağdamlılara arzulayıram ki, abad Ağdamı görsünlər.
Bir xatirəmi danışmaq istərdim. Bir dəfə dayımın 70 illik yubileyi idi. Yubileyi də mən təşkil etmişdim, müğənnilər çağırıb, hesabı da mən vermişdim. Onda bir sağlıq, arzu demişdim, dayım da, dayımın uşaqları da məndən küsmüşdü. Demişdim ki, dayı, arzulayıram ki, Ağdamda öləsən, səni Ağdamda üstündə ağlayım. Səni çiynimdə Qarağacı qəbiristanlığında dəfn edim. Hamısı küsdü məndən. Sonradan dayım dünyasını dəyişdi, Badamdarda dəfn etdik. İndi də özümə arzulayıram ki, vəfat edəndə oğullarım məni çiyinlərində Ağdama aparıb, orada anamın, qardaşımın yanında dəfn etsinlər. Bundan böyük arzu ola bilərmi?"
Aqil Abbas bu günlərdə Ağdamı ziyarət etməsindən, gördüyü təəssüratlardan da söz açıb:
"Xanımımla tez-tez Ağdama gedirik. Bu günlərdə isə gedib Talış kəndini gəzdikdən sonra, oradan Ağdama keçib, oraları ziyarət etdik. Deyim ki, xeyli abadlıq, təmir işləri aparılıb. Artıq yollar, hətta dəmiryol tamamilə çəkilib. Müəyyən binalar, məktəb, böyük konqres zalı, otel tikilib, kimlərsə həyət evlərini tikməyə başlayıb. Yəni, artıq Ağdamda həyat qaynayır. Çox sürətlə tikinti, quruculuq işləri görülür.
Ağdam işğal olunanda 60 min əhalisi var idi. İndi yəqin ki, azı 80 minlik əhali üçün şəhər tikiləcək".
Qeyd edək ki, Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Azərbaycanın əməkdar jurnalistidir. 1990-cı ildə "Ədalət" qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət"in baş redaktoru olub. Hazırda təsisçisidir.
2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci, 2020-ci ildə 6-cı çağırışına deputat seçilib.
Musavat.com olaraq dəyərli yazıçı, millət vəkili Aqil Abbası 70 illiyi münasibətilə təbrik edirik.скачать dle 12.1