Bia.Az

Edam hökmü – Leninqradlı qadın Stalini suçlayıb və özünə güllələnmə hökmü tələb edib

Cəmiyyət
 28-03-2023, 15:13     153

Hazırda dünyanın, demək olar ki, bütün ölkələrində sıravi vətəndaşlar əvvəlki vaxtlardan fərqli olaraq dövlət başçılarına müraciətlərini daha rahat çatdırırlar. Müasir dövrdə onlayn elektron platformalar, sosial şəbəkələr vasitəsilə hər bir kəs saniyələr ərzində öz müraciətini, təklifini, minnətdarlağını, narazılığını yuxarı təbəqələrə çatdırmaq imkanındadırlar ki, bu əlçatanlıq məmur vətəndaş arasındakı sərhədləri aradan qaldırır.

Sovet dövründə də vətəndaşların birincilərə müraciətləri kütləvi xarakter alıb. Amma həmin dövrdə müraciətlər yalnız poçt vasitəsi ilə həyata keçirilib. Leninin dövründən tutmuş Qorbaçovun hakimiyyəti illərinə qədər Kreml saysız-hesabsız məktublar qəbul edib. Statistik rəqəmlərə nəzər salsaq, maraqlı faktlarla üzləşərik. Məsələn, 1949-cu ildə Stalinin 70 illik yubileyi münasibətilə sovet liderinə 150 mindən artıq təbrik məktubu göndərilib. Bununla yanaşı, minlərlə kollektiv də Stalini məktub vasitəsilə təbrik edib.
Sözsüz ki, əlamətdar günlər və bayramlar münasibətilə Kremlə ünvanlanan məktubların hamısını sovet liderləri oxumayıblar. Onlara yalnız təbriklərin sayı təqdim edilib. Birincilər heç şikayət məktublarını da nəzərdən keçirməyiblər. Bu işlə xüsusi adamlar məşğul olublar və şikayətçilərə də özləri cavab veriblər.
Kremlə elə məktublar da ünvanlanıb ki, məktub müəllifi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olublar. Hətta bir məktuba görə güllələnənmə cəzasına məhkum edilənlər də olub.
josef-stalin-1393002874-view-0.jpg (110 KB)
Belə məktublardan biri Stalinə 1947-ci ilin mart ayının 8-də yazılıb. Leninqraddakı trikotaj fabrikinin sıravi tikişçisi Anna Pavlova sovet liderinə yazdığı məktubun daha iki nüsxəsini “NKVD”-nin Leninqrad idarəsinə və Almaniyanın Leninqraddakı konsulluğuna göndərib.
Anna Pavlova məktubda Stalinə “sən”lə müraciət edib. Məktub aşağıdakı cümlələrlə başlayıb:
“Mərkəzi Komitənin katibi Stalinə.
Sən rus xalqının tiranısan, kommunist parazitlərinlə komediya oynamaqdan yorulmadınmı? Hər tində qışqırırsan ki, həyat yalnız SSRİ-də gözəl və əyləncəlidir, xaricdə isə açlıq, soyuq, dilənçilik hökm sürür. Burnunun ucunda nələr baş verdiyini görmürsən? Arada Kreml divarlarının arasından çıx, ac və səfil vəziyyətə düşmüş xalqı seyr et. Mən rusam. Uzun illərdir ki, fabrikdə çalışıram. Ona görə çalışıram ki, sənin və ətrafındakı gözü doymayan məmurların cibləri dolsun. Bütün gəncliyimi bu işə sərf etmişəm. Bəs qarşılığında nə almışam? Ayın 5-10 gününə çatmayan əmək haqqı, ağır iş rejimindən yaranan xəstəliklər və boş vədlər. Mənim yaşamağa yerim yoxdur. Qurduğunuz hökumət mənə 12 kvadratmetrlik bir otaq də vermir. Bilirsən, niyə? Çünki mənim rüşvət verməyə pulum yoxdur. Ev almaq üşün 2 min rubl rüşvət vermək lazımdır. Ya da kommunistlərlə bir yatağa girib fahişəlik etməliyəm ki, mənə də mənzil verilsin. Sənin və ətrafındakı parazitlərin bütün işləri fahişəlik üzərində qurulub...”
Anna-Pavlova.jpg (62 KB)
Anna Pavlova daha sonra məktubunda bildirib ki, ona hansısa bir faşist ölkəsinə getməsinə şərait yaradılsın:
“Mənə şərait yarat ki, hansısa bir faşist ölkəsinə köçüm. Sənin buna cəsarətin catmayacaq. Çünki sən kişiliyini yalnız Kremldə sübut edə bilirsən. Qərb ölkələrindən qorxursan. Qorxursan ki, mən də gedib oralarda sənin iç üzünü açacağam. Buna görə məni buraxmayacaqsan. Belə olan halda məni güllələyin. Başqa cəza istəmirəm, yalnız güllələyin. Onsuz da mənim itirəcəyim bir şey yoxdur. Mən hər şeyimi, gəncliyimi, şəxsi həyatımı, xoşbəxtliyimi itirmişəm, ailə həyatı belə qura bilməyən tənha bir qadınam. Səninlə bir ölkədə yaşamağı özümə ən böyük şərəfsizlik sayıram...”
Məktub ünvanlara təxminən bir aydan sonra çatıb. Həmin məktubun Stalinin oxuması haqqında məlumat yoxdur. Amma “NKVD”-də və Almaniyanın Leninqraddakı konsulluğunda məktub oxunub. Belə ki, konsulluq məktubu aldıqdan 3-4 gün sonra qərb mətbuatında yazılanlar geniş şərh edilib. “NKVD” isə dərhal hərəkətə keçib.
Həmin ilin aprelin 14-də Anna Pavlovanın yaşadığı bacısının evinə gecədən xeyli keçmiş “NKVD”-nin əməkdaşları gəliblər. Mənzildə axtarış aparılıb. Anna Pavlovanın Stalinin əleyhinə yazdığı daha bir neçə məktub ələ keçib.
2229101765.jpg (162 KB)
43 yaşlı tikişçi həbs edilərək Moskvaya aparılıb, o, “Lubyanka”nın zirzəmisində saxlanılıb. Müstəntiqlər tərəfindən dindirmə zamanı Anna Pavlova məktubda yazdıqlarını təkrar edib və əlavələri də olub.
İstintaq aparanlar əvvəlcə elə düşünüblər ki, qadının psixoloji durumunda problemlər var. Təcridxanaya həkimlər dəvət olunub, ətraflı müayinədən sonra həkimlər onun psixoloji durumunun qaydasında olduğunu, sadəcə yüngül bir formada əsəb gərginliyi keçirdiyini bildiriblər.
Məhkəmə Anna Pavlova haqqında 10 il sürgünə göndərmək hökmü çıxarıb. Ona son söz veriləndə Anna Pavlova “mən sizin kimi kommunist fahişələrlə bir yerdə yaşamaq istəmirəm, hökmə etirazımı bildirirəm və güllələnmə tələb edirəm” deyə hakimdən hökmü dəyişməyi tələb edib. “Humanist” sovet məhkəməsi Anna Pavlovanın arzunu “nəzərə alaraq” hökmü güllələnmə cəzası ilə dəyişib.
Anna Pavlovanın Stalinə məktubu “NKVD”-nin Leninqrad idarəsinin arxivində saxlanılıb. Yalnız 2000-ci illərdən sonra həmin məktubun tam mətni mətbuatda dərc edilib.

İlham Cəmiloğlu, Musavat.comскачать dle 12.1