Bia.Az

Hacı Şahin onu əvəz edəcək şəxs haqda nələr yazmışdı?

Cəmiyyət
 10-03-2023, 10:54     171

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatından sonra Məşədi Dadaş Məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qıldırılacağı maraq doğurub.

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, Elbrus Kərimov şəxsən Hacı Şahinin böyük hörmət bəslədiyi şəxs olub.
Hətta Hacı Şahin Həsənli E.Kərimovun “Dini anlama məntiqi” kitabına ön söz yazıb. Hacı Şahin ön sözdə onunla bağlı fikirlərinə də yer verib.
Həmin mətni təqdim edirik:

“Gənc din xadimi Elbrus Kərimovun qələmə aldığı ilk kitabını dinin qavranılmasına həsr etməsi, bu mövzuya diqqət yetirməsi gənclər arasında mühüm bir tendensiyanı üzə çıxarır. Müasir gənclik həyata fərqli baxdığı kimi, mənəvi dəyərlər sistemini də təftiş etmək istəyir. Gəncliyin bu ruhiyyədə olması cəmiyyətin inkişaf etməsinin əsas amillərindəndir. Gənclik öz novatorluğu ilə cəmiyyəti hərəkətə gətirir, yaşlı nəsil isə öz mühafizəkarlığı ilə həmin novatorluğun əndazədən çıxaraq inkarçılığa çevrilməməsini təmin edir.
Qarşınızdakı bu kitab müasir gəncliyin nümayəndəsi olan bir din xadiminin ənənəvi dini anlayışlara yeni baxışını əks etdirir. Təbii ki, din mövzusu hər zaman həssas olduğu üçün bir çoxları buradakı fikirlərə əks arqumentlər gətirə bilərlər. Elə fikrin inkişafı da məhz belə diskussiyalardan keçir.
Ümid edirik ki, Elbrus bəyin bu əsəri din mütəxəssisləri arasında belə diskussiyaları canlandıracaq, yeni və tutarlı fikirlərin ortaya çıxmasına səbəb olacaq. Azərbaycanda bu səpkidə akademik müzakirələrin başlaması isə xüsusi önəm kəsb edir. Çünki din sahəsində fikir yenilikləri barədə məlumat əldə etmək istəyənlər, əsasən, xarici dildə yazılan ədəbiyyata müraciət etmək məcburiyyətindədir. İndi isə bunu doğma dilimizdə, doğma ortamda həyata keçirmək mümkündür.
Eyni zamanda dini akademiyalarda azərbaycanlı alimlərin fikirlərinin çatdırılması ümumilikdə elmi-dini polemikaya müsbət töhfə verə bilər. Allahdan Elbrus Kərimova uğurlar diləyir və təşəkkür edirəm. Bir daha ümidimi ifadə edirəm ki, gənc müəlliflərin əsərləri Azərbaycanda dini-intellektual müzakirələrin sağlam məcrada inkişaf etməsinə stimul yaradacaq”.скачать dle 12.1