Bia.Az

MİRAS İctimai Birliyinin sədri Elm və Təhsil Naziri Emin Əmrullayevə MÜRACİƏT ETDİ

Cəmiyyət
 20-02-2023, 14:05     390

MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevə müraciət edib. BİA.az həmin müracəti oxuculara rəqdim edir:

"Azərbaycan Respublikasının Elm və Təhsil Naziri, cənab Emin Əmrullayevə müraciət edirəm: Gəgəli kəndi Ağsu rayonunun həm ərazisinə, həm də əhalisinə görə ən böyük kəndidir. Kəndin bir əsrlik məktəb tarixi zəngindir. Burada Azərbaycanın elm və ictimai xadimləri yetişib, elm və təhsilin inkişafında mühüm rol oynayıblar. Kəndimiz Qarabağ müharibəsində on üç nəfər şəhid verib. Hazırda Gəgəli kəndində iki məktəb fəaliyyət göstərir: Şəhid Sahib Mütəllimov adına tam orta məktəb və Şəhid Həqiqət Musayev adına ümumi orta məktəb. Kəndin yerləşdiyi ərazi genişdir, yeni yaşayış massivi salındığı üçün daha da genişlənməkdədir. Kənddə gənc ailələrin sayı çoxdur və məktəb yaşında uşaqlar digər kəndlərə nisbətən sıxdır. Gəgəli bələdiyyəsi hər iki məktəblə mütəmadi təmasda olur və onların fəaliyyəti ilə yaxından maraqlanır.  Mən bir tarixçi alim kimi kəndin arxeologiyası, etnoqrafiyası və ekologiyası sahəsində həmin məktəblərlə daimi iş birliyindəyəm. Həmin məktəblərdən Şəhid Həqiqət Musayev adına ümumi orta məktəb Təhsildə İnkişaf və İnnovasiyalar üzrə birinci qrant müsabiqəsində “Quzuçuyam, quzu məndə - Məktəb nəzdində tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” layihəsinin qalibi olmuş və birlikdə bu qrupu formalaşdırmışıq. Bununla yanaşı, Gəgəli kəndində yerləşən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi dörd Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor Festivalında ümumi orta məktəb geniş mədəni proqramlarla çıxış etmişdir. Kənddə yerləşən Nərgizava antik dövr abidəsində aparılan arxeoloji qazıntıları həmin məktəbin şagirdləri dəfələrlə müşahidə etmiş və alimlərin açıq dərslərini dinləmişlər. Bu əməkdaşlıq qız şagirdlərin ali məktəblərə qəbul olmasına müsbət təsir göstərmişdir. Bildirmək istəyirəm ki, Şəhid Həqiqət Musayev adına ümumi orta məktəb kəndin mədəni və təhsil həyatında mühüm nailiyyətlərə imza atsa da, məktəbin müasir standartlara cavab verməyən və texniki imkanları məhdud qəzalı binasının yenidən tikilməsinə ehtiyac var. Kəndin böyüklüyünü, məktəblilərin sıxlığını, perspektiv yaşayış massivinin bu məktəbə yaxınlığını nəzərə alaraq Şəhid Həqiqət Musayev adına ümumi orta məktəb üçün yeni binanın tikilməsinə köməklik göstərməyinizi Gəgəli camaatı və ziyalıları adından xahiş edirəm. Göstərəcəyiniz köməkliyə görə əvvəlcədən minnətdarlıq edirəm."

BİA.az
скачать dle 12.1