Bia.Az

Ekspertdən pullu torbalarla bağlı şok açıqlama: - “Səbəb ekologiya ilə bağlı deyil”

Cəmiyyət
 15-02-2023, 09:49     193

Sabahdan Azərbaycandakı marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq. Ödənişin ətraf mühitin sağlamlaşdırılması məqsədi daşıdığı elan olunsa da, iqtisadçı ekspert Asif İbrahimov bu rəylə razılaşmır.

BİA.AZ-ın məlumatına görə, yenisabah.az-a açıqlamasında o bildirib ki, polietilen torbaların ödənişli olması məhsulların qiymətinin daha da artmasının qarşısını almaq üçündür:

“Marketlərdəki qiymətləri müəyyənləşdirərkən, adətən, həmin məhsulun saxlanması, daşınması, istiliyi, onun qablaşdırılmasına xərclənilən vəsaiti nəzərə alınır və yekun qiymət qoyulur. Polietilen məhsullar qablaşdırma məhsulu sayılır.

Artıq Azərbaycanda cütrəqəmli infilasiyanı müşahidə edirik, bəzi məhsullarda infilasiya nəzarətsiz hal almağa başlayıb. Bir çox məhsulu daxildə istehsal etsək də, xammal xaricdən alındığından bahalaşma davam edir.

Bu addım məhsulun özündə hər hansı qiymət dəyişikliyi həyata keçirtməmək üçün atılıb. Bəli, düşünürəm ki, polietilen torbaların ödənişli olması məhz bununla bağlıdır.

Bir çox Avropa ölkəsində bu yanaşma var. Onlar qablaşdırma materialını məhsulun özündən ayırırlar. Artıq bu təcrübə Azərbaycanda da tətbiq olunmağa başlayıb. Əlbəttə, Azərbaycan vətəndaşı üçün qeyri-ənənəvi olacaq, amma bu praktikadan dünyanın bir çox yerində çoxdan istifadə olunur”.

Ekspertin sözlərinə görə, torbalar pullu olsa belə insanlar onu yenə alacaq. Bu isə ətraf mühitin sağlamlaşdırılması üçün heç də yararlı olmayacaq:

“İnsanlar aldıqları məhsulu daşımaq üçün nə isə almalıdır. Sovet dövründə kağızdan, parça kisələrdən istifadə olunurdu, amma müasir dövrdə bundan istifadə olunmur. Həyat sürətli olduğu üçün insanlar birdəfəlik vasitələrdən istifadə edirlər. Bunu həyatın hər sahəsində görürük. O vaxt insanlar bir parça torbanı alıb illərlə istifadə edir, çirkləndikdə yuyub yenidən bazarlığa aparırdılar. Amma bu gün vəziyyət belə deyil. Ona görə düşünmürəm ki, insanlar özləri ilə evdən nə isə götürsünlər, onlar pulla olsa da, torba alacaqlar. Bunun da ekologiyaya heç bir müsbət təsiri olmayacaq”.
скачать dle 12.1