Bia.Az

Vasif Məhərrəmliyə möhtac olmaq... - Replika

Cəmiyyət
 14-02-2023, 16:55     353

Rəhmətlik Akif əmim yeyib-içən, həm də zəhmət çəkən adam idi. Kəndimizdə ucu-bucağı görünməyən üzüm bağları onun kimi zəhmətkeş adamların sayəsində qol-budaq atır, bol məhsul verirdi. Geniş tarlalarımızda onun iz qoymadığı bir qarış torpaq yox idi. Tarlada izi, süfrədə oturmağa üzü vardı.

Akif əmim halal çörəyini yeyən, sözü üzə deyən, heç kimin qabağında əyilməyən kişi idi. Bəzi dağar və özündənrazı briqadirlərlə yola getmirdi. Ən azı beş-altı üzümçülük briqadası dəyişmiş, bostanda, fermada işləmişdi. Onun güclü əllərinin öhdəsindən gəlmədiyi iş yox idi. O əllərin qazandığı halal çörəklə balalarını böyütmüşdü...

Yadımdadır, rəhmətlik atam, əmilərim ona deyirdilər ki, briqadirlərlə mübahisə eləmə, dilinin altına qənd qoy, bir az mülayim ol. Həmişə eyni cavabı verirdi: "Başıma iş qəhətdir? Üzüm olmasa, qarpız becərəcəm. Gedib fermada dana saxlayacam. İnşaatçılara qoşulub daş qaldıracam..."

Düz deyirdi, o vaxt heç kimin başına iş qəhət deyildi. İş üçün heç kim başqasının minnətini götürmürdü. Halal zəhmətlə dolanmaq üçün geniş imkanlar vardı. İndi adam yerinə qoyulmadığına baxmayın, o vaxt fəhləni, kəlxozçunu deputat seçirdilər...

Söhbətə çox uzaqdan başlamağıma baxmayın, yazacağım hadisə yaxın günlərdə baş verib. Bəlkə də çoxunuzun bu hadisədən xəbəri var. Xəbəri olmayanlar diqqətlə oxusun: Türkiyədə zəlzələdən zərər çəkənlər üçün başladılan yardım kampaniyasına tanınmış müğənni Vasif Məhərrəmli də qoşulub. Sağ olsun, alqışlanılası əməldir. Sosial şəbəkələrdən öyrəndim ki, Vasif Məhərrəmli yaşlı bir kişiyə qarşı kobudluq edib, onu əli ilə kənara itələyib. Jurnalist marağı güc gəldiyi üçün həmin kadrları tapıb izlədim. İzləyənlər də təsdiq edər: Orda xüsusi zorakılıqdan, kobudluqdan, kimisə aşağılamaqdan söhbət gedə bilməz. Ümumi gərginlik fonunda baş vermiş diqqətsizlikdir. Bu hadisəni böyütmək, ondan müğənni əleyhinə kampaniya düzəltmək düzgün deyil. İndiki həssas məqamda bunun heç yeri yoxdur.

Ürəyinizdən hansı sualın keçdiyini bilirəm. İndi deyirsiniz ki, əgər burda böyüdüləcək bir məsələ yoxdursa, niyə bu mövzuda yazırsan?

İnanın, Vasifin məlum açıqlaması olmasaydı, bu barədə bir kəlmə də yazmazdım. Müğənni deyib ki, həmin kişi yad adam deyil, ailəmizin sürücüsüdür...

Mən təxminən belə başa düşdüm: Bundan sizə nə? Öz sürücümüzdü, istəsəm itələyərəm, istəsəm sevələyərəm...

Vaxtilə bir məmur da vətəndaşı söyməsinə belə haqq qazandırmışdı: "Sizə nə? Öz qohumumdur, yaxşı edib söyürəm..."

Səməd Vurğun deyirdi ki, ehtiyac qul eylər qəhrəmanı da. İndi çoxumuz ehtiyac içində yaşayırıq. Elə həmin sürücü də. Yenə yazıram, müğənni ona qarşı xüsusi kobudluq etməyib. Amma etsəydi də, heç nə dəyişməyəcəkdi. Çünki ehtiyac içində yaşayır. Çünki Vasifə möhtacdır...

İndi əvvəlki zaman deyil ki, Akif əmim kimi ürəyin istədyi vaxt işdən çıxasan. İndi işsiz qalmaq, ac qalmaq deməkdir. Bunun necə bir hiss olduğunu isə ac qalanlar yaxşı bilir...

İyirmi birinci əsrdə ac qalmaq təhlükəsi ilə yaşamaq çox kədərlidir...

Seymur VERDİZADƏ 
//yenisabah.az//скачать dle 12.1