Bia.Az

“Dedi ki, DTX-də 3-cü şəxsəm” – Pərvinin cinayət işi

Cəmiyyət
 7-02-2023, 13:54     211

Ağdaşda özünü DTX əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, Ağdaş şəhər sakini T.İsmiyev 1987-ci il təvəllüdlü Pərvin Əliyevin aldatma yolu ilə ondan 7500 manat pul aldığını bildirib. Ağdaşda maklerlik fəaliyyəti göstərən T.İsmiyev bildirib ki, Pərvini onun evini satmaqla bağlı tanıyıb. Daha sonra Pərvin onun oğlu Nurlanın Dövlət Sərhəd Xidmətində işləməsini bilib və oğlunu DSX-dən Dövlət Təhlükəsizliyi Xidmətinə keçirməyi təklif edib. T.İsmiyev Pərvinin təklifi ilə razılaşıb və ona işi düzəltmək üçün 7500 manatı hissə-hissə verib. Lakin Pərvin Əliyev verdiyi vədə əməl etməyib, həmçinin aldığı pulları geri qaytarmayıb.
Bundan sonra P.Əliyev barəsində Cinayət Məcəlləsinin 178 və 312-ci (dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə iş açılıb. İbtidai istintaqdan sonra cinayət işinin materialları Ağdaş Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkən şəxs hadisə barədə bunları deyib:
“Mən Ağdaşda evlərin alqı-satıqısı və kirayə verilməsi ilə məşğul oluram. 2021-ci ilin yanvar ayında Ağdaş şəhər sakini kimi tanıdığım Pərvin yaxınlaşaraq evini satdığını bildirdi. Pərvinlə söhbət edib onun evinin satılmasına köməklik edəcəyimi bildirdim, daha sonra sağollaşaraq Pərvinlə sabah görüşməyə razılaşdıq. Növbəti gün Ağdaş şəhərində Padar küçəsində Pərvinlə görüşdük. Lakin o, daha evini satmadığını bildirdi. Həmin vaxt Pərvindən harada işlədiyini soruşdum. Cavabında bildirdi ki, “DTX-nin rəisinin sürücüsüdür, şəxsi ailə sürücüsü, DTX-də 3-cü adamdır, “nə lazım olsa, sənin qulluğundayam” dedi. Pərvinə oğlum Nurlanın DSX-də işlədiyini bildirdim. Pərvin isə “istəyirsən, təmənnasız deyim gətirsinlər onu DTX-yə, sən mənə uşaqlıqda çox yaxşılıq eləmisən, mən də istəyirəm sənin əlindən tutum” dedi. Belə ki, Pərvin uşaq olanda kafedə ona çox vaxt yemək almışam və pul vermişəm. Həmin söhbətdən təxminən 4-5 ay keçdikdən sonra 2021-ci ilin iyun ayında Pərvinə zəng edərək söz verdiyi kimi Nurlanı DTX-yə köçürmə yolu ilə keçməsinə köməklik edib-etməyəcəyini soruşdum. O isə ona cavabında bildirdir ki, “narahat olma, bütün sənədlər hazırdır, şöbədən sorğu gedib, əvvəlcə Kəlbəcər rayonunda işləyər, sonra oğlunu Ağdaşa gətirəcəyik, amma şöbələrin rəisləri olan vəzifəli şəxslərə pul verməlidir ki, oğlu Nurlanın işini həll eləsinlər”. Nə qədər pul lazım olduğunu soruşanda bildirdi ki, ümumilikdə 7500 manat pul verməlidir”.
Dələduzluqla üzləşən iş adamı pulunu geri ala bilmədiyini anladıqda hüquq-mühafizə orqanlarına müraciət edib.
Cinayət işinin materiallarına Ağdaş rayon Məhkəməsində baxılıb. Məlum olub ki, cinayət işi açılandan sonra Pərvin aldığı pulları geri qaytarıb. T.İsmiyev də məhkəməyə müraciət edərək Pərvinlə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Ağdaş rayon Məhkəməsində hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Məhkəmə tərəflərin barışmasını, Pərvinin ev dustaqlığnda qaldığı müddəti nəzərə alaraq ona 2 il 9 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib. Pərvin Əliyevin üzərinə elektron nəzarət qurğusu yerləşdirilib və üzərinə yaşayış yerini tərk etməmək vəzifəsi qoyulub.скачать dle 12.1