Bia.Az

Əli Əliyev: dördüncü cəza qüvvədə qaldı

Cəmiyyət
 26-01-2023, 12:28     179

Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri, məhbus Əli Əliyevin şikayəti üzrə qərar verib.

 Novator.az bildirir ki, şikayət təmin olunmayıb, Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il hökmü qüvvədə qalıb. Həmin hökmlə Əli Əliyev qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İddiaya görə, Bakı İstintaq Təcridxanasında saxlanan Əli Əliyev 2022-ci il avqustun 23-də kamera yoldaşına fiziki təzyiq göstərib.

Əli Əliyev 2022-ci il yanvarın 13-dən həbsdədir.

2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarətlər alıb. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərdə siyasətçinin böhtana görə məsuliyyətə cəlb olunması istənib.
Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Emil Cəfərovun şikayəti əsasında çıxarılıb, siyasətçi həmin gün tutulub.
Aprelin 15-də Yasamal Rayon Məhkəməsi Ramin Ədilovun şikayəti üzrə prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
İyunun 23-də Yasamal Rayon Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının sabiq üzvü Ramiz Göyüşovun xüsusi ittiham qaydasında müraciətini nəzərə alaraq Əli Əliyevi təhqirdə təqsirli bilib, ona 6 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Əvvəlki iki hökm nəzərə alınmaqla Əli Əliyevin ümumi həbs müddəti 1 il müəyyən edilib.
1967-ci il təvəllüdlü Əli Əliyev 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.
Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.скачать dle 12.1