Şeyx etiraz etdi: Əziz tələbə yoldaşım, əl çək vəzifədən!
Fədakar insanlar var ki, onlar cırmaq-cırmaq, min müsibətlə kinonu qoruyub saxlaya bilib. Prezidentimiz sağ olsun, dünyanın heç bir yerində dövlət tərəfindən kino sahəsinə pul verilmədiyi halda, Azərbaycanda milli kinomuzu müəyyən vaxta qədər qoruyub saxlamaq üçün bizə dövlət büdcəsindən - xalqın boğazından kəsib pul ayırır. Bəs bu pullar hara xərclənir?
Bu sözləri Kult.az-a açıqlamasında kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudov Kinematoqrafçılar İttifaqı haqqında qeyd edib.
O bildirib ki, sosial müavinətlə birgə ittifaqa yarım milyon pul ayırılır:
“Yarım milyona görə mənim hörmətli tələbə yoldaşım (Şəfiqə Məmmədova – red.) ittifaqdan əl çəkmir. Özü də xalq artistidir, təqaüdlər alır. Min dənə qarşıdurma yaradaraq su bulandırır. Bu xanım kinoya aidiyyəti olmaya-olmaya, heç bir təşkilati iş görməyə-görməyə dövlətin qanun və nizamnaməsi ilə formalaşan bir ittifaqda artıq 12 ildir qurultayın keçirilməsinə imkan vermir. Bir nəfər belə cavan kadr ittifaqa yaxın buraxılmır. Qurultayın keçirilməli olduğu tarixdən artıq 7 il ötüb. Demək ki, onlar 7 ildir qanunsuz fəaliyyət göstərirlər. Bir nəfərin şəxsi rahatlığı üçün kinomuzu, kadrlarımızı, mədəniyyətimizi qurban verək?” - Mahmudov bildirib.
Ş.Ə.Mahmudov məsələ ilə bağlı bir neçə quruma müraciət etdiyini də vurğulayıb:
“Mən Ədliyyə Nazirliyinə və Prezidentə də müraciət etmişdim ki, ittifaqdan sizə yalan təqdimat verilir, heç bir qurultay keçirilmir və heç kəsin də bundan xəbəri yoxdur. 300 nəfər üzvü olan təşkilatın öz tərəfinə çəkdiyi 3-4 nəfər özükimilərlə qurultayını keçirib, özünü sədr elan edib. Bu nə yanaşmadır? Kimlərə arxalanıb bu addımları atırlar? Bu insanlar kinodan nə istəyir? Bunlar anlamır ki, kinoda gəlir yoxdur. Kinoda xalqın tarixi, əxlaqı, əzab-əziyyəti var.
Mən Şəfiqə xanıma bir daha səslənirəm, kino və teatrımız üçün çəkdiyin əziyyətlərə görə çox sağ ol! 12 ildir ki, ittifaq üçün əziyyət çəkirsən – yenə də sağ ol! Amma artıq qurultayı çağır, səni izzət və hörmətlə yola salaq. Cavan bir kadrı ora seçək və oturaq kinomuzun gələcəyini düşünək”.