Bia.Az

Danışdıq... Dağılışdıq..: Bəs bu DƏRMAN MAFİYASININ İŞİ nə olacaq?

Cəmiyyət
 14-12-2022, 12:20     208

Baş nazir Əli Əsədov parlamentəki çıxışında fiziki şəxslərin ölkəyə gətirdiyi dərman məhsullarına limit qoyulmasını təklif edib. Dekabrın 13-də bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə də olub.

Müzakirələr zamanı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib ki, bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir:

“Biz başa düşürük ki, insanlar bundan narazı qalırlar. Amma buna diqqət yetirmək lazımdır ki, ölkəyə bütün dərman vasitələri gəlir. Dərman idxal edən şirkətlər isə bu zaman gömrük orqanlarına şikayət edirlər ki, apteklərdə və digər satış yerlərində qeydiyyatdan keçməyən dərman haradan olur?” – deyə o, əlavə edib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı AbzasMedia-ya deyir ki, dünyada dərman qiymətləri bahalaşdığı bir vaxtda bəzi fiziki şəxlərin dərman gətirib baha qiymətə satması müəyyən problemlər yaradır:

“Kimsə özünə dərman gətirirsə, limitin buna aiddiyyatı yoxdur. Burada söhbət çamadanlarla dərman gətirən şəxslərdən gedir ki, təbii ki, onlara qanunvericilik çərçivəsində müəyyən şərtlər tətbiq ediləcək. Kimsə xəstədir, özünə bir illik dərman gətirir, ona kim nə deyə bilər ki? Hörmətli Baş nazirin çıxışı da o mənada deyildi”.

Deputat Vüqar Bayramov deyir ki, dərmanlarla bağlı hazırda limit var. Məsələ limitə baxıb dəqiqləşdirmədən gedir:

"Bizim təklifimiz ondan ibarətdir ki, limit artırılsın və daha çox dərman preparatlarının ölkəyə gətirilməsi təmin edilsin, çünki dərman preparatları ilə bağlı ən ciddi məsələlərdən biri qiymətlər arasındakı fərqdir. Məsələn, qonşu Türkiyə ilə müqayisədə bəzi dərman preparatları Azərbaycanda hətta 7-8 dəfə bahadır. Ona görə də biz təklif edirik ki, limitin artırılması həyata keçirilsin. Vətəndaşa şəxsi istehlakı üçün daha çox dərman preparatlarının gətirilməsi imkanı yaradılsın. Bu, bir tərəfdən bazarın liberallaşmasına, digər tərəfdən də vətəndaşa ona lazım olan dərman preparatlarının müəyyən hissəsini uyğun qiymətə xaricdən gətirməsinə imkan yarada bilər. Buna görə də təklifimiz həmin limitə yenidən baxılması və artırılması ilə bağlıdır".

Millət vəkili Aqil Abbas deyir ki, o, tətbiq olunan limitin əleyhinədir.

Onun sözlərinə görə, elə şəxslər var ki, ildə bir dəfə xaricə gedir, bir illik dərman ehtiyaclarını alıb gətirir:

“Bu adam gedib həkimdən arayış almalıdır ki, buna 10 dənə tetrasklin lazımdır? Bu adamlara nə demək olar ki? Ona görə mən bunun əleyhinəyəm. Amma digər tərəfdən də bundan istifadə edib alverlə məşğul olanlar da var. Ona görə belə etmək olar ki, şəxsi ehtiyacları üçün alanlar həkim kağızı əsasında illik ehtiyaclarına uyğun dərman gətirə bilsinlər” – deyə Aqil Abbas bildirib.

Aqil Abbas deyir ki, dərman vasitələrinin Azərbaycanda baha olmasının əsas səbəbi rüsumlar və loqistika xərcləridir:

“Keyfiyyət məsələsilə bağlı isə bu yaxınlarda bir mütəxəssis radioda çıxış etdi ki, xaricdən dərman alınan zaman bəzi hallarda alverçilər zavodlarla danışırlar ki, dərmanlarda 5 komponent olmalıdırsa, o azalsın, dərman ucuz başa gəlsin. Bu, xəyanətdir artıq. Buna nəzarət ya yoxdur, ya da var, aça bilmirlər”.

Millət vəkili deyir ki, özünə də lazım olanda xaricdən ölkəyə dərman gətirdir:

“Bir dəfə İzmirdə olanda qaynanama dərman lazım idi, orada olan keçmiş millət vəkili dostlarımdan biri zəng etdi, gətirdilər. Bir də istifadə etdiyim təzyiq dərmanı ölkədə olmadığı üçün Rusiyadan dostlar göndərir. Bir dəfə Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı qəşəng bir söz dedi ki, xaricdən gəlib dərman üçün Naxçıvandan çiçək yığırlar. Həqiqətən belədir. Bizdə mütəxəssislər var, ancaq zavod yoxdur. Əvvəl apteklərdə laboratoriyalar olurdu, bəzi dərmanları özləri hazırlaya bilirdilər. Ancaq indi o da yoxdur. Xaricdən gəlib dərman bitkilərini yığıb aparıb edirlər, biz özümüz edə bilmirik. Bilmirəm, gücümüz çatmır, ya dərman mafiyası imkan vermir” – deyə millət vəkili Aqil Abbas bildirib.
//AbzasMedia//скачать dle 12.1