Bia.Az

Ali təhsil müəssisələri "ələk"dən keçiriləcək - Akkreditasiyadan keçməyənləri nə gözləyir?

Cəmiyyət
 10-11-2022, 14:44     260

Ali məktəblərin akreditasiyadan keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin canlı yayımında deyib ki, yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq.

Nazir xatırladıb ki, oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib.
"Əsasən bu, məzmun və tədrislə bağlı meyarlardır, istər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin, ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq", - E.Əmrullayev qeyd edib.
Bəs görəsən ali təhsil müəssisələrinin akreditasiyası təhsilin keyfiyyətinə necə təsir göstərəcək?


DİA.AZ-ın məlumatına görə, Azərbaycanda ilk ingilisdilli ali təhsil müəssisəsi olan Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet Isaxanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinin akreditasiyadan keçirilməsi bütün dünyada qəbul olunub. H. İsaxanlının sözlərinə görə, akreditasiya müxtəlif yerlərdə fərqli illər üzrə keçirilir:
"Bəzi yerlərdə dörd, bəzi yerlərdə beş, bəzi yerlərdə isə universitetlər yeddi ildən bir akreditasiyadan keçirilir. Akreditasiya təhsilini keyfiyyətinin müəyyən standartlara uyğun gəlib-gəlmədiyini yoxlamaq üçündür. Hər yerdə unversitetlərə dövlət dəstək göstərir. Hətta özəl ali təhsil müəssisəsi olsa belə, dövlət həmin universitetə yüksək balla qəbul olan tələbələrin təhsil haqqını ödəyir. Həmin tələbələrə təqaüd verir. Ona görə dövlət də əmin olmalıdır ki, ali təhsil müəssisəsinin verdiyi bilik keyfiyyətlidir.
Ümumilikdə ali məktəbin kadrları, maddi texniki bazası, şəraiti qiymətləndirilməklə yanaşı, təhsilin bakalavr, magistr və doktor səviyyəsində ayrı-ayrı kafedralarda vəziyyət araşdırılır. Bu təbii prosesdir. Qərbdə bu prosesin nəticəsində hansısa universitet bağlanmır. Sadəcə dövlət çatışmazlıqlar olduqda həmin universitetlərə dəstək göstərmir. Hansı kafedrada vəziyyət yaxşı qiymətləndirilməyibsə, dövlət ali təhsil müəssisəsi qarşısında həmin nöqsanları aradan qaldırmaq tələbi qoyulur. Bir neçə il müddətinə çatışmazlıqlar aşkarlanan universitetə maliyyə dəstəyini dayandırılır, yenidən qiymətləndirmə aparılıb nöqsan aradan qaldırıldıqdan sonra dövlət dəstəyi davam etdirir. Azərbaycanda isə bu prosesin necə aparılacağını zaman göstərəcək".
H. İsaxanlı illər öncə Azərbaycanda ali təhsil müəssisələrinin akreditasiyadan keçdiyini söyləyir: "Amma ömürlük akreditasiya yoxdur. Müəyyən dövrdən sonra yenidən akreditasiya aparılmalıdır".
H. İsaxanlının sözlərinə görə, qiymətləndirməni müstəqil ekspertlər, mütəxəssislər apara bilər. Bu məqsədlə xaricdən də mütəxəssis dəvət edilə bilər.
Həmsöhbətimiz deyir ki, ali təhsil müəssisələrini ən yaxşı qiymətləndirən əmək bazarıdır. Əmək bazarı yaxşı bilir ki, hansı ali təhsil müəssisəsi keyfiyyətli mütəxəssis hazırlayır. O, qeyd edib ki, universitetlərin akreditasiyası ilk dəfə qərbdə 19-cu əsrin 70-ci illərindən Çikaqoda tətbiq edilib.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali məktəblərin akreditasiyasının keçirilməsi vacibdir. Onun sözlərinə görə, bu ali təhsil müəssisələrinin keyfiyyət təminatını, dərsliyin vəziyyətini, universitetlərin pedoqoji heyyətini monitorinq etmək məqsədi daşıyır: " Bizim ali təhsil müəssisələrimiz Avropa məkanına inteqrasiya edirlər. Bu yaxınlaşmanın səviyyəsinin ölçülməsi vacibdir. Akreditasiya geniş fəaliyyəti özündə birləşdirəcək. Bu həm də ali təhsil müəssisələri artasında rəqabət mühitini formalaşdıracaq, həm də universitetlərin durumu ortaya çıxacaq. Konkret indiqatorlar tətbiq olunmaqla prosesin həyata keçirilməsi kreditasiyanın şəffaflığını təmin edərək çatışmazlıqları üzə çıxardacaq. Bununla universitetlər öz gələcək hədəflərini müəyyən edə biləcəklər".
Həmsöhbətimiz deyir ki, akreditasiyanın aparılmasının beş ildən bir yox, daha az müddətə həyata keçirilməsi daha yaxşı olardı. Onun fikrincə, bu ali təhsil müəssisələrinin beynəlxalq təhsil standartlarına yaxınlaşmasına gətirib çıxardacaq.
Xatırladaq ki, oktyabrda "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" və "Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" təsdiqlənib. Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal balın ölçüsü 3-dür. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.
"Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" və "Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları"nın təsdiq edilməsi barədə qərarda qeyd edilib ki, ali təhsil müəssisəsinin (ATM) missiyası, strategiyası, strateji istiqamətləri və hədəfləri, eləcə də strateji inkişaf proqramının icrası və monitorinqi aparılacaq. Qiymətləndirmə zamanı universitetlərdə keyfiyyət təminatı, daxili kefiyyət təminatı mexanizmləri, təhsilalanların qəbulu və əvvəlki kvalifikasiyaların tanınması, təhsil proqramları, tədrisin təşkili, professor-müəllim heyəti, tələbəyönümlü tədris, təhsil proqramlarının monitorinqi və yenilənməsi, karyera xidməti və məzunlarla davamlı əlaqə sistemi, elmi-tədqiqat strategiyası, tədqiqat resursları, elmi-tədqiqat fəaliyyəti də araşdırılacaq.
скачать dle 12.1