Bia.Az

Rəşad Dağlının faciəsi: Qətlə aparan yol...

Cəmiyyət
 9-11-2022, 16:28     281

əxminən 15 il əvvəl təsadüfən Rəşad Dağlının həmin zaman icarəyə götürdüyü çayxanasında onunla həmsöhbət olmuşduq. Ağakərim də ordaydı. Söhbət jurnalistlərin onlara və şou əhlinin bir-birinə münasibətindən də düşdü, “bəzən elə sözlər olur ki, adamı qatilə çevirər” dedilər.

Ağakərim böyükdü, ustaddı, ağsaqqaldı deyə, ona üz tutdum ki, niyə bir sənətkar qatilə çevrilməlidir axı: hüquq var, məhkəmə var, polis var...
Sanki Ağakərimə çox ağır bir söz dedim:
- Sən nə danışırsan, alə! Maştağada heç kəs heç kəsi polisə, məhkəməyə şikayət etməz. Bu, ayıb bir şeydir, rüsvayçılıqdır. Elə kişi küçəyə çıxa bilməz...
İki dünyagörüş toqquşurdu – mən də Kərimin bu sözlərindən şoka düşdüm.
- Şikayət etmirsən, onda sözə sözlə cavab ver. Hər sözə görə adam öldürərlər?
- Söz deyil axı, söyüşdür. Söyüşün cavabı söyüş deyil ki!
Bəlkə də bir az fərqli demişdi, aradan çox zaman keçib, dəqiq xatırlamıram, ancaq Kərimin ifadə etdiyi fikir tam belə idi...
Rəşad da ustadla cani-könüldən həmfikir idi. Söhbəti daha uzatmaq olmazdı, müzakirə üçün əl yeri də qoymamışdılar.
Rəşad Dağlının bu səhər obaşdan narkotik satışına görə uzun müddət həbsdə yatan bir şəxsi qətlə yetirməsi barədə xəbərləri oxuyanda ilk yadıma düşən bu söhbət oldu.
Rəşad Dağlı istedadlı adamdır, hələ yeniyetmə yaşlarından o, meyxana yarışmalarında öz deyimləri, sərrast ifadələri ilə tanınmışdı, özündən qat-qat yaşlı söz adamlarının hörmətini qazanmışdı.
Yayılan məlumata görə, Rəşadın bir deyişmədə narkotikə qarşı çağırışı olub, narkotik satanlara (bariqa) ağır ifadələr işlədib, “mal satanlar öz evinə satsın” deyib.
Çox doğru yanaşmadır, meyxanaçıların narkotikə, yumşaq desək, “loyal” olduğunu, hətta bəzən onun təbliğatçılarına çevrildiyini nəzərə alanda Rəşadın bu yanaşması həm də cəsarətlidir, doğru olandır, alqışlanası, təqdirediləsidir. Ancaq nə təəssüf ki, bu təqdirediləsi yanaşma onu qatilə çevirdi.
Məlumatlara inansaq, bu meyxana səbəbindən təxminən 15 gün əvvəl narkotik satışına görə həbs cəzasını başa vuraraq azadlığa çıxan İsgəndər Mehdiyev dəfələrlə Rəşada zəng edib, onunla mübahisə edib, yəqin, təhqir də olub ki, meyxanaçı onu “görüşə” çağırıb.
Əgər Rəşad fərqli cür düşünsəydi, daha praqmatik olsaydı, indi qatil olmazdı, bir insanı həyatdan məhrum etməz, öz həyatını cəhənnəmə çevirməzdi.
Əgər Rəşad hüquq-mühafizə orqanlarına bu haqda məlumat versəydi, tamamilə fərqli bir nəticə olardı.
Bir insanın həyatına son qoymaq dinlə də qadağandır: canı verən Allahdır, onu alan da yalnız Odur – əlbəttə, Vətənin qorunması misalı Allahın hökm verdiyi hallar istisna olmaqla.
Rəşad Dağlının qatil olmasına və həbsinə üzülürəm – təkcə ona görə yox ki, o, istedadlı meyxanaçıdır, həm də ona görə ki, o, narkotikə qarşı çağırış edən azsaylı meyxanaçılardandır.
Narkotik isə hazırda ən ciddi bəlaya çevrilib – elə bu qətlin də mayasında narkotik dayanır...

Müəllif
Şeyx Teymur
скачать dle 12.1