Bia.Az

ÇIRAQ KİMİ ADAM......

Cəmiyyət
 25-10-2022, 09:38     457

İnsanın şəxsiyyət kimi əsl dəyəri onun elmi və ziyalı kamilliyi ilə ölçülür. Bu ağır, əziyyətli, eyni zamanda şərəfli işi özlərinə həyat kredosu seçənlər, həm də bəşəri dəyərlərin qorunub zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Belələrinin rəftar və düşüncəsi insanpərvərliklə yoğrulur, onlar öz xoşbəxtliklərini başqalarının səadət və rifahında görürlər. Azərbaycan mütəfəkkiri N.Tusinin məşhur kəlamı var: "Əsl alim o kəsdir ki, onun ruhu, rahatlığı elmdədir". Ruhun rahatlığını elmdə tapan, həm alim, pedaqoq, həm ictimai xadim kimi şöhrət qazanan, həm də xoş ünsiyyəti, təvazökarlığı ilə fərqlənən şəxsiyyətlərldən biri də Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbovdur.

Öncə bu yazı ləyaqətli bir insan haqqındadır. SDU-da ömrünü, şüurlu həyatını yaxşı əməllərə, gözəl işlərə, xeyirxah missiyalara həsr etmiş dosent Natiq Talıbovun adını eşitmək kifayətdir ki, onun haqqında xoş təsüratların gerisini özün sadalayasan. Yəni azacıq təhsildən, dünyanın gedişindən anlayışı, qavrayışı olan arif oxucu üçün tərcümeyi-halın gerisini oxumağa ehtiyac qalmır. Çünki dosent Natiq Talıbovun şəxsiyyətini tərcümeyi-halı ilə deyil, tərcümeyi-halını şəxsiyyəti ilə tanıtmağı bacarmış nadir insanlardan biridir. Fales həyat mənbəyini suda gördüyü kimi mənim yazımın qəhrəmanı da hər zaman həyatın yaxşılıqlardan xəlq olunduğunu söyləyir. Natiq müəllimin fikrinə görə yaxşılıq edən də, yaxşılıq edilən də uca Allah tərəfindən yaradıldığı üçün dünya yaxşılıqlar üzərində qurulmalıdır. Məhz ona görə də dosent Natiq Talıbovun ömür yolu yaxşı əməllər çırağı kimi hər zaman işıq saçır, yol göstərir.
İnsan ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah əməllərə həsr ediləndə mənalı olur, qürur doğurur. Xalq üçün, vətən üçün yaşanan ömür isə əsl insan ömrüdür. Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim dosent Natiq Talıbov da belə insanlardandır. Onun həyatı, fəaliyyəti xalqına, vətəninə xidmətə həsr olunub.

Talıbov Natiq Həsən oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1982-ci ildə orta məktəbi,  1992-ci ildə Sumqayıt Dövlət Universitetinin Avtomatika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992-1996-cı illərdə Sumqayıt Dövlət Universitetinin İnformasiya və kompüter texnikası kafedrasında laborant, laboratoriya müdiri, 1996-cı ildən İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında assistent, baş müəllim vəzifələrində işləmiş, 2004-cü ildən isə dosent vəzifəsində  işləyir. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş,  2007-ci ildə isə dosent elmi adını almışdır.  1997-2014-cü  illərdə Mühəndislik fakültəsində dekan müavini işləmiş və müxtəlif vaxtlarda dekan vəzifəsini icra etmişdir. 27.01.2014-cü ildən  07.05.2015-ci ilə qədər Doktorantura və magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 07.05.2015-ci ildə Sumqayıt Dövlət Universitetində Tədrisin təşkili və  təlim texnologiyaları  üzrə  prorektor  vəzifəsinə  təyin  edilmişdir. 80-dən çox elmi əsərin, o cümlədən 1 ixtiranın, 1 monoqrafiyanın, 8 metodik göstərişin və 2 dərs vəsaitinin müəllifidir. 2012-ci  ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına, 2017-ci ildə isə Tərəqqi medalına  layiq görülmüşdür.

Natiq Talıbov ilk növbədə, tanınmış pedaqoq, elm təşkilatçısıdır və onun fəaliyyətinin ən önəmli hissəsi Sumqayıt Dövlət Universiteti ilə bağlıdır. Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan dosent Natiq Talıbovun Sumqayıt Dövlət Universitetinin inkişafında, ölkəmizdə tanınmasında böyük zəhməti olub. Bu gün onun prorektor olduğu Sumqayıt Dövlət Universitetində tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur.
Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən Natiq Talıbov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Natiq müəllim yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rəhbərdir. O, həm prorektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Dəyərli alim, sözün həqiqi mənasında, tələbələri üçün yaşayan, çalışan, daim onların yanında olan prorektordur. Onun uğurlu rəhbərliyi sayəsində Tədrisin təşkili və təlim texnologiyaları üzrə sahədə keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı imkanları təmin edilib.

...

Allah mənə buyurdu ki, mən ədəbaz deyil, təvazökar olum və heç kəs gərək başqasını incitməsin.
Məhəmməd Peyğəmbər (ə.s.)

Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.

Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlamadım. Bilmirəm, insanlara daim yaxşılıq edən, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etmək, dara düşən, çətinliyə düçar olan insanların dadına çatmaq, heç kəsi naümid qoymamaq, bir sözlə fikri, əməli xeyirlə yoğrulmuş, işığı və zəkası ilə digərlərini işıqlandıran, özü şəxsiyyət zirvəsinə ucalan bir alim-vətəndaşı, əsl pedaqoq kimi tələbələrinin sonsuz sevgisini qazanmış bir proretoru sizə tanıda bildimmi?!

Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov barədə nə qədər deyilsə, yazılsa hələ azdır. O qədər əməlsaleh insandır ki, gördüyü nəcib əməllər bitməz, tükənməz.
Natiq müəllimin daha bir yaxşı xüsusiyyətni qeyd etməsək olmaz. O, necə deyərlər, jurnalistlərin də ürəyini fəth edə bilir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Bəli, sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət Natiq müəllimdə var. Heç nəyə biganə deyil. Bəzi prarektorlar var ki, qapısına gələn zavallı insanlara simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir... İnsani dəyərləri unudurlar. Belələrini görəndə istər-istəməz Natiq Talıbovun görüşlərini, ona müraciət edənlər və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Natiq müəllimin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Məhz Namiq müəllim Peyğəmbərimizin buyurduğu kimi davranır...
Allah təaladan istəyimiz odur ki, dosent Natiq Talıbov kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun Natiq müəllim. Amin.

BİA.az
скачать dle 12.1