Cənab Əmrullayev, bu nə VAKSİN HƏYƏCANIDIR... - GİLEY, CAVAB...
Bir sıra rayonlarda övladı bağça və məktəb yaşlı olan valideynlər yeni növ koronavirus əleyhinə vaksinasiyaya məcbur edilir. Belə rayonlardan biri Ucardır. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Ucar rayon sakinlərinin sözlərinə görə, iki gündür ki, Ucar rayon İcra Hakimiyyətinin ərazi üzrə icra nümayəndələri qapı-qapı düşərək valideynləri koronavirus əleyhinə peyvənd olunmağa məcbur edir və əks halda uşaqlarının bağça və məktəbə buraxılmayacağını bildirirlər.
Valideynlərə deyilir ki, hansı ailədə valideynlərin hər ikisi pevənd olunmayıbsa, onların övladı yeni tədris ilindən dərslərini ənənəvi qaydada davam etdirə bilməyəcək. Çünki, valideynləri peyvənd olunmayan uşaqlar virusun yayılması ilə bağlı risk qrupuna daxildirlər.
Sputnik Azərbaycan-a bu barədə Zaqatala rayonundan da məlumatlar daxil olub. Zaqatala rayonunun Muxax kənd sakinləri bildirir ki, kənd 1 saylı məktəbin direktoru Ədalət Novruzova valideynlərə vaksin olunmadıqları təqdirdə uşaqlarının məktəbə buraxılmayacaqları deyib.
Sputnik Azərbaycan valideyni peyvənd olunmayan uşaqların yeni tədris ilindən məktəbə buraxılmaması iddialarının nə dərəcədə doğru olduğunu araşdırıb.
Ucar rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun rəhbəri Rövşən Eldarbəyli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heç bir valideyn vaksinasiyaya məcbur edilmir. Sadəcə olaraq icra nümayəndəliklərinin əməkdaşları "ola bilər ki, öz ərazilərində yeni növ koronavirusa qarşı vaksinasiyanın zəruriliyi ilə bağlı maarifləndirmə işləri aparırlar. Valideynlərə pandemiya dövründə peyvəndin əhəmiyyəti izah olunur".
"Məcburiyyət o halda ola bilər ki, kiminsə qolundan tutub məcbur avtomobilə əyləşdirib peyvənd edəsən. Ölkəmizdə vaksinasiya məcburi deyil. Könüllülük prinsipi ilə istəyən insanlar peyvənd olunur. Amma hər kəs də bilməlidir ki, hazırki durumda çıxış yolumuz peyvəndlənməkdir" - Eldarbəyli deyib.
İcra hakimiyyətinin sözçüsü onu da qeyd edib ki, onlarda yeni tədris ilindən valideyni vaksin olunmayan uşaqların məktəbə buraxılmaması barədə məlumat yoxdur: "Bu günə qədər belə bir qərar verilməyib. Ona görə də, heç kəs deyə bilməz ki, valideyn vaksin olunmadığı üçün uşaq təhsil müəssisəsinə, yaxud da bağçaya buraxılmayacaq" deyə R. Eldarbəyli bildirib.
Zaqatala rayonunun Muxax kənd 1 saylı məktəbin direktoru Ədalət Novruzova ilə mobil telefonla əlaqə yaratsaq da, o sualımızı eşidən kimi telefonu məşğul rejiminə qoydu. Ardınca dəfələrlə zəng etsək də telefonu açmadı.
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirlik tərəfindən belə bir qərar verilməyib. Valehov deyib ki, ölkəmizdə vaksinasiya könüllüdür. O, valideyn vaksin olunmadığı təqdirdə şagirdin məktəbə buraxılmayacağı barədə nazirlik tərəfindən heç bir göstəriş verilmədiyini də söyləyib. C. Valehov qeyd edib ki, hazırki vəziyyətdə hər kəs özü peyvəndin zəruriliyini anlayaraq könüllü vaksin oluna bilər.
Təhsil üzrə ekspert Kamran Əsədov ona da bölgələrdən bunabənzər məlumatların daxil olduğunu söyləyib. K. Əsədov deyib ki, bölgələrdən ərazi icra nümayəndələrinin, polislərin əhalini vaksin olunmağa məcbur etdiyi barədə ona məlumatlar daxil olur: "Mənə valideynlər yazıb bildirirlər ki, icra nümayəndələri onlara vaksin olunmasalar uşaqlarının yeni tədris ilindən məktəbə buraxılmayacağını deyiblər. Hətta polis rayonlarda insanlara yaxınlaşaraq axşam saat 17:00-a qədər peyvənd olunmaq göstərişi verir. Təbii ki, bu cür yanaşmalar doğru deyil. Vaksinasiya ölkəmizdə könüllü olduğundan, insanlar peyvəndin hazırki vəziyyətdə yeganə çıxış yolu olduğu barədə məlumatlandırılmalıdır. Bu məsələdə mütləq nəzərə almaq lazımdır ki, Azərbaycanda vaksinasiya məcburi deyil".
Amma K. Əsədov deyir ki, insanlar da vaksin olunmayacaqları təqdirdə təhlükəni artıracaqlarını nəzərə almalıdırlar: "Bu gün Azərbaycanda 4447 məktəbdə1,6 milyon şagird təhsil alır. 150 min müəllim var. Əgər evdə valideynlərdən kimsə yoluxacaqsa məktəbə gələcək uşaqlar vasitəsilə digər şəxslərə də yoluxdura bilərlər. Bu gün narahatedici məqam yoluxma riskinin olması, onun qarşısını almaqdır. Valideyn virusa yoluxacaqsa uşaq da avtomatik daşıyıcı qismində bu xəstəliyi digər uşaq və müəllim heyətini yoluxdura bilər. Vaksinasiya məcburi olmasa da hər kəs vaksin olunmalıdır ki, biz normal həyata qayıda bilək" deyə ekspert bildirir.
K.Əsədovun sözlərinə görə, bu gün ölkəmizdə hər 10 ailədən 8-i məktəblərlə bağlıdır: "Hər kəs ənənəvi təhsilin tərəfdarıdır. Onlayn təhsil lazımi effekt vermir. Ona görə də, övladı məktəbə gedən valideynlər bu məqamı nəzərə alaraq özləri vaksin olunmalıdırlar. Çünki əhalinin 90 faizdən çoxu peyvənd olunmasa biz normal həyata qayıda bilmərik. Təhsil isə gələcəyimiz üçün çox vacibdir. Hər kəs bu vacibliyin fərqinə varmalıdır" deyə K. Əsədov bildirir.
Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinasiya və qaydalara əməl edilməsi vacibdir. Deputat bildirib ki, yeni tədris ilinə ənənəvi qayda ilə başlamaq üçün qaydalara əməl edilməli, həmçinin hər kəs vaksin edilməlidir ki, yoluxma sayı kəskin artmasın".
Azərbaycanda vaksinasiya
Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər. COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir. Tibb müəssisəsində "CoronaVac" və "Biontech/Pfizer" peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.
Koronavirus bəlası
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.