Bia.Az

İşğaldan azad olunan Cəbrayıl haqda maraqlı məlumatlar

Bölgə
 4-10-2020, 19:30     804

Bu gün 4 oktyabr 2020-ci il tarixinddə Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu.

BİA.az xatırladır ki, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhəri 8 avqust 1930-cu ildə təşkil edilib. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib. 
İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
Nəhayət, Azərbaycan Silahlı Qüvvələri düşmənin əks-hücum həmlələrini dəf edərək, Cəbrayılı işğaldan azad etdi.
4 oktyabr 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri Cəbrayılda aşağıdakı ərazilərə nəzarəti itirib:
- Cocuq Mərcanlı,
- Böyük Mərcanlı ,
- Nüzgar,
- Mehdili,
- Çaxırlı,
- Aşağı Maralyan,
- Şəybəy,
- Quycaq kəndləri,
- Cəbrayıl şəhəri.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.
Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olub. Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.
Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar vardır.
Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir.
Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir.
Cəbrayıldan 7 nəfər Sosialist Əməyi Qəhrəmanı, 1 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Cəbrayil rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçmişdii. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olmuşdu. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.
Cəbrayıl həm də bir çox tanınmışlarla məşhurdur. Mərhum Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq yazıçısı Sabir Əhmədli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, türkoloq, dilçi, ədəbiyyatşünas alim Tofiq Hacıyev, azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramil Səfərov, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, Azərbaycanın Milli Qəhrəmanları Kazım Məmmədov, Şikar Aslanov, Vüqar Hüseynov, Akif Əkbərov, Vahid Quliyev, Aprel şəhidi Ruhin Qəhrəmanov və başqaları.
Cəbrayıl həm də 2014-cü ildə dədə-baba yurdunu ziyarət edərkən, erməni cəlladları tərəfindən qətlə yetirilən Həsən Həsənovun doğulduğu torpaqlardır. Cəbrayılın işğaldan azad olunduğu 4 oktyabr isə H.Həsənovun torpağa tapşırıldığı gündür...
Cəbrayıl  1 şəhər (Cəbrayıl), 96 kənddən ibarət idi.
Kəndləri bunlardır – Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu, Xubyarlı, Xudaverdili, İmambağı, Qurbantəpə, Şahvələdli, Yarəhmədli, Balyand, Xələfli, Qaracallı, Yuxarı Mərcanlı, Böyük Mərcanlı, Cocuq Mərcanlı, Çərəkən, Əfəndilər, Papı, Dağtumas, Çələbilər, Qarağac, Sofulu, Hacılı, Hüseynalılar, Kavdar, Mirək, Tulus, Horovlu, Çapand, Safarşa, Hovuslu, İsaqlı, Qalacıq, Doşulu, Mahmudlu, Yuxarı Maralyan, Qazanzəmi, Çullu, Dağ Maşanlı, Əsgərxanlı, Söyüdlü, Qumlaq, Dərzili, Məstalıbəyli, Quycaq, Nüzgar, Şəybəy, Maşanlı, Alıkeyxalı, Mehdili, Çaxırlı, Minbaşılı, Ağtəpə, Daş Veysəlli, Sədi, Sarıcallı, Əmirvarlı, Məzrə, Yuxarı Məzrə, Sirik, Aşağı Sirik, Molla Həsənli, Xanağabulaq, Şahvəlli, Göyərçin Veysəlli, Hacı İsaqlı, Qoşabulaq, Qovşudlu, Niyazqulular, Tinli, Şükürbəyli, Dəjəl, Fuğanlı, Həsənqaydı, Şıxalıağalı, Qışlaq, Karxulu, Tatar, Aşağı Maralyan, Şıxlar, Cəfərabad, Kürdlər, Daşkəsən, Yuxarı Nüsüs, Süleymanlı, Niftalılar, Yanarxac, Quşçular, Keçəl Məmmədli, Qərər, Soltanlı, Aşıq Məlikli, Nüsüs. /
Modernскачать dle 12.1