Bia.Az

Qobustanın kəndləri məmurların çay adlandırdığı gölməçədən "asılı" qalıb... - Kəndlər susuzluqdan boşalır

Bölgə
 25-04-2024, 01:08     253

Əhalinin içməli su ilə təminatı barədə hesabatlarda Qobustanın adı xüsusi fərqləndirilir. Paytaxta ən yaxın rayon illərdir bu problemdən əziyyət çəkir. Susuzluq kəndlərin boşalmasına səbəb olur. Bəzi kəndlərdə sakinlər gölməçə suyunu içməyə məcbur qalırlar.

Bizimyol.info xəbər verir ki, Qobustanın Nardərən kəndində yaşayanlar çox çarəsiz vəziyyətdədir. Sakinlər içməli su gətirmək üçün böyük məsafə qət etməli olurlar. Onsuz da işsizlik, yolsuzluq, elektrik enerjisinin fasilələrlə verilməsi yaşayış məntəqəsində həyatı çətinləşdirib. Burada insanlar qışda evi qızdırmaq üçün peyinin qurudulmuş formasından istifadə edirlər. Su problemi isə daha böyük görünür.

Nardərən sakini Rasim Nəsirov deyir ki, 35 kilometr məsafə qət edərək çaydan su gətirirlər. Hətta heyvanlara verməyə də su tapılmır.

Sakinlərdən Reyhan Hümmətova təhsilsizlikdən danışır. Uşaqlar dördüncü sinifdən sonra qonşu kəndlərdəki məktəblərə piyada getməli olurlar. Reyhan xanım hətta öz pensiyasını almaq üçün rayon mərkəzinə getməyin də ciddi problem olduğunu deyir. Amma yenə də ən böyük qayğı susuzluqdur. Vəziyyət o qədər pisdir ki, kənd camaatı yağış suyunu yığaraq təsərrüfatda istifadə edirlər.

Xilmilli kəndində də vəziyyət fərqli deyil. İnsanlar ən çox susuzluğun dərdini çəkirlər. Bu işə məsul dövlət orqanına çox müraciət ediblər, amma faydası olmayıb. “Dedilər ki, çay yaxındadır, gedib için”, - kənd sakini Könül Mirzəyeva deyir.

Xilmillidə qadınlar məmurların çay adlandırdığı həmin gölməçəyə hər gün su üçün üz tuturlar. Belə keifiyyətsiz suyu içmək heç bir halda olmaz. Amma Xilmilli sakinlərinin başqa çarəsi yoxdur. Kəndin yaşlı sakinlərindən biri deyir ki, gölməçədən yığdıqları suyu heyvana təklif edirlər, içmir.

Qurbançı kəndinin sakinləri də daim su axtarırlar. Dövlət orqanlarının biganəsizliyi yaşayış məntəqəsinin boşalmasına səbəb olur. Qurbançı kəndinin əhalisi az qala hər il azalır.

Yaxınlıqdakı Ərəbşahverdi kəndində də susuzluq ciddi problemdir. Ümumiyyətlə, Qobustanın çox belə kəndinin adını çəkmək olar. “Azərsu” hara baxır?!” ritorik sualını verməkdən yorulmuşuq. Çünki kənd camaatının qayğıları heç kimi maraqlandırmır. İnsanları dədə-baba yurdunu tərk etməyə məcbur qoymuşuq. Bir içim su tapa bilmirlər ki, doğma yerlərdə həyata davam etsinlər.

Havalar vaxtından əvvəl qızıb. Yəqin ki, yayda cəhənnəm istisi olacaq. Qobustan kəndlərinin sakinlərini ağır günlər gözləyir. Gölməçələrdəki sular da quruyacaq...
скачать dle 12.1