Bia.Az

Cıraq kimi ADAM...

Bölgə
 18-03-2024, 15:14     401

Qnun haqqında saatlarla, günlərlə danışmaq, yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin tanınmış bir vəzifəli şəxs barədə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, uzun illər müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində həm öz peşəsini, həm də insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə olanda onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. O, yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi-aləmini zədələyir.

Söhbət Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovdan gedir. O Səxavət Məmmədovdan ki, sözünün qədir-qiymətini bilir. O Səxavət Məmmədovdan ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Səxavət Məmmədovdan ki, sözünün ağasıdır. O Səxavət Məmmədovdan ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Səxavət müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir adamdır, adamlar adamı...
...Bəli, Səxavət müəllim hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran məmurdur. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Səxavət Məmmədov sadə, təbii bir insandır. O da var ki, onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki Səxavət müəllim haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında cöxlarına örnək ola bilər.

...Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.
Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Səxavət Məmmədovun həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Səxavət müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Səxavət Məmmədov sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.
Bəli, Səxavət müəllim kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar… Səxavət müəllim də bax beləcə ömür sürən ziyalı- məmurlarımızdandır. O, hədisiz dərəcədə sadə, alicənab, təvazökar insandır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”.  Səxavət Məmmədovun həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Səxavət müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Səxavət Məmmədovun etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara qarşı həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Səxavət Məmmədov işində həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Səxavət müəllim saf əqidəsi və məsləki olan vəzifə sahibidir. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə həmkarlarından fərqlənən məmurdur, xalq adamıdır, ən əsası vətəndaş-ziyalıdır.
Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Səxavət Məmmədova aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Səxavət Məmmədovdur! Səxavət müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Səxavət müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir fikir nur kimi ətrafa yayılır: “İnsanlar, adam olun, bu Sizin birinci vəzifənizdir!”. Səxavət müəllimin anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Bəli, Səxavət Məmmədov rahat həyat sürmək üçün kiməsə, nəyəsə əyilən deyil. Həm də var-dövlət toplamaq üçün. Cünki Səxavət müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - məmur olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Sıragagün onu Agsuda Novruz şənliklərində gördüm. Nə qədər sadə səmimi, alicənab adamdır. Bilmirəm, onun məmur-ziyalı kimi portretini az da olsa cıza bildimmi? Belə adamlar haqqında yazmaq həqiqətən cətindir. O, sözün həqiqi mənasında cıraq kimi adamdır.

Allah təaladan istəyimiz odur ki, Səxavət Məmmədov kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərd insanlara ehtiyacı var. Tanrı Sizi qorusun, Səxavət müəllim! Tanrı Türkü qorusun! Amin!!!

BİA.az
скачать dle 12.1