Bia.Az

Qafqaz Konserv zavodu Xaçmazın başbəlasına çevrilib... - NARAZILIQ...

Bölgə
 15-08-2020, 13:08     662

“Kənddən keçən iri arxın suyu ilə əkin sahələrimizi, həyətlərimizdəki ağacları suvarardıq. Ancaq illərdir ki, zavod tullantılarını iri arxa axıdır deyə, arxın suyundan istifadə edə bilmirik”. DİA.AZ-ın məlumatına görə, Xaçmazın Qobuqırağı kənd sakinləri bildirirlər ki, kəndin yaxınlığında yerləşən Qafqaz Konserv Zavodu istehsal tullantılarını kəndin ərazisindən keçən iri arxa buraxır. Nəticədə kəndlilər sudan əkin sahələrinin suvarılmasında istifadə edə bilmirlər. Üstəlik, kəndi üfunət bürüyür.

“Zavod konservləşdirilmiş qida məhsullarının istehsalı ilə məşğuldur. İstehsala yaramayan tonlarla çürümüş tərəvəz çaya buraxılır. Bu dəqiqə evdən çölə burun çıxarmaq mümkün deyil. Ətraf iylənir. Belə şəraitdə istənilən infeksion xəstəliyik yayılması mümkündür. Qışda şaxta, qar ayıbları ört-basdır edir, ancaq yayın cırhacırında iydən nəfəs almaq mümkün olmur. Zavod bəzən başqa istehsalla məşğul olur, onda da arxa kimyəvi maddələr buraxılır. Bir sözlə, zavodun bu su arxını həyatımız üçün təhlükəyə çevirib”.

Sakinlərin deməsinə görə, bu vəziyyət illərdir ki, davam edir. Bir il əvvəlsə tullantıların ötürülməsi üçün iri kanalizasiya xətti çəkilib. Ancaq zavod yenə də tullantıları arxa buraxır: “Səbəb odur ki, gündəlik tullantıların kanalizasiya xətti ilə ötürülməsi üçün motordan istifadə olunmalıdır, bu da elektrik istifadəsinə görə xərc tələb edir. Zavod rəhbərliyi bunu əlavə xərc hesab etdiyinə görə rahat yolu tullantıları arxa buraxmaqda görür. Nəticədə ekologiyanı korlayır, minlərlə insanın səhhətinə zərər vurur. Arxın ətrafındakı yaşıllıq məhv olur. Arxın suyundan sahələri, ağacları suvaranda sahələrimiz, həyətlərimiz iylənir, ona görə də sudan istifadə edə bilmirik. Əkin sahələrimiz, bostanlarımız, həyətlərimizdəki ağaclarımız susuzluqdan quruyur, məhv olur”.

Sakinlər tez-tez Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirlər. Demələrinə görə, müraciətdən sonra arxın çirkəndirilməsinin qarşısı alınır. Ancaq bu, qısamüddətli olur: Bəxtiyar Məmmədov: “Hər dəfə Xaçmazın Ekologiya Şöbəsi xəbərdarlıq edir, bir müddət arxda meyvə-tərəvəz tullantısı görünmür, iy çəkilir. Ancaq qısa müddətdən sonra yenə əvvəlki vəziyyət təkrarlanır. Bir sözlə, zavod rəhbərliyi Ekologiya Nazirliyini də saymır. İstəyirik ki, bu vəziyyətə həmişəlik son qoyulsun. Yoxsa hələ kəndimizdə çox xəstəliklər baş qaldıracaq”.

Qafqaz Konserv Zavodundan məsələyə münasibət öyrənmək mümkün olmayıb. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən isə bildirilib ki, tullantıların axar suya buraxılmaması üçün müəssisəyə şifahi xəbərdarlıq olunub. Hazırda tullantılar kanalizasiya xətti ilə ötürülür. Əgər sakinlərin narahatlığı varsa, əraziyə yenə baxış keçirilə bilər.


BİA.az
скачать dle 12.1