Bia.Az

Cənubi Qafqazda ən qədim ŞƏHƏR -Ağstafanın nəyi Bakı rayonlarından əskikdir...

Bölgə
 27-02-2023, 04:48     1 219

...O gün Ağstafa, bəlkə də, son günlərin soyuq anlarını yaşayırdı. Yaz günəşi, zəif hərarətilə sanki, "mən gəlirəm" deyə cöllərə xəfif işartılarını səpələyirdi. Hər yan cöx cəkməz ki, günəşin nurunu birnəfəsə başına çəkəcək anı həsrətlə gözləyirdi. Hələ ağacları demirəm. Hamısı, sanki, qışın sızagından qurtulmuş kimi xumarlanır, mürgüləyirdi. Təbiət öz işində, öz nazında, cilvəsində idi. Saat-saat, gün-gün yaza qovuşmaq həsrətini "ceynəyirdi". Cəmiyyətin isə öz qayğıları vardı.

Həmin qayğılardan biri və bəlkə də birincisi təbiətin gözəlliklərindən daha çox ləzzət almaq üçün müxtəlif variantların ən yaxşısının seçilməsi idi. Seçə bilmişdik. Ən məqbul variant şəhər parkında - Heydər parkında gəzişmək, sanki qış yuxusundan oyanmaq istəyən qollu-budaqlı ağacların hənirtisini düymaq idi. Cox əmin və arxayın idim. Heç yana tələsmirdim. Həmsöhbətim, əslən Ağstafadan olan foto-müxbir həmkarım Anar isə bir yerdə qərar tuta bilmir, sanki, harasa tələsirdi. Burdan yaxşı yer tapa bilməyəcəyimizi deyəndə isə onun tələskənliyinin səbəbi aydın oldu:

– Əvvəla, Ağstafada burdan gözəl yer tapa bilməzsən ifadəsi ilə razı deyiləm. Bu rayonun istənilən guşəsində gözəllik tapa bilərsən, İkinci, sizin peşəniz elədir ki, burada oturub, ya da kiməsə zəng edib əhatəli bir yazı hazırlaya bilərsiniz. Mən isə öz “yazılarımı” lentə almaq üçün mütləq, durmadan, dayanmadan gəzməliyəm. Ağstafada lentə alınmalı, yaddaşa köçürülməli məqamlar isə təkcə təbiətlə bağlı deyil ki? İndi insanlar bu rayonun istənilən kəndində, şəhərimizin istənilən prospektində, küçəsində, meydan və məhəlləsində yeni-yeni xariqələr yaradırlar. Mən onların yanında olmağa can atıram, onların yaradıcılığını fotolentin yaddaşına köçürməyə çalışıram. Bundan başqa, mən bu gün Ağstafanın hansısa küçəsinin şəkilini çəkirəm, inanırsınızmı, iki-üc aydan sonra həmin küçə tamamilə başqa görkəmdə olur. Yəni inkişaf elə iti sürətlə gedir ki, indi çəkdiyim istənilən fotoşəkil bir-iki aydan sonra mütləq dəyərli olur. Ona görə də mənim üzərimə tarixi anların əbədiləşdirilməsi kimi çətin bir vəzifə düşür. Başqa yol yoxdur. Bu mənim işimdir. Öhdəsindən gəlməliyəm.

Bu yerdə Anar nə isə kəşf etmiş adam kimi birdən dayandı və soruşdu ki, görəsən bizim peşələrimizdən hansı ölkədə gedən inkişafın layiqincə işıqlandırılması baxımından daha əhəmiyyətlidir? Soruşdu və özü də dərhal cavab verdi ki, insafən siz də, mən də görülmüş işlər barədə təəssürat yaradırıq. Deməli, ən əhəmiyyətli peşə bu gözəllikləri, xarüqələri yaradanların peşəsidir. Özü də bu gün Ağstafada elə adamlar, elə peşə sahibləri istənilən qədərdir. Bu rayonda hansısa bir ildə, iki ildə və ya bir ayda görülmüş işləri saymaqla qurtaran deyil. Məsələn, indi dayandığımız park son bir ildə tamamilə yenidən qurulub, Heydər Əliyev prospekti başdan-başa yeni üslubda bərpa edilib, prospektin hər iki tərəfi boyunca bina və obyektlər qədimi üslubda dəyişdirilərək ənənəvi görkəminə qaytarılıb, rayonun ən möhtəşəm qurğularından olacaq Heydər Əliyev Mərkəzi inşa edilib.

Həqiqi bir vətənpərvərlik göstəricisi, yurd sevgisinin nümunəsi idi. Fotomüxbir rayonda görülən işləri elə sadalayırdı ki, elə bil hansısa məsul vəzifəni daşıyır. O, Ağstafanı təkcə peşəsinin tələblərinə görə deyil, ürəyinin çağırışlarına görə qarış-qarış gəzmiş bir insandır. O, Ağstafanı bütün agstafalılar kimi səmimi qəlbdən, həqiqi övlad kimi sevir.

Əslində Ağstafa haqqında söz açılmalı sahələr istənilən qədərdir və rayon təsərrüfatının elə bir sahəsi yoxdur ki, o barədə danışanda “ötən ilə nisbətən filan qədər artım var” ifadəsi işlədilməsin. Bu rayonda elə bir sahə yoxdur ki, o barədə nə zamansa, nəsə yazmayım. Əhaliyə və idarə-müəssisələrə elektrik enerjisi, təbii qaz, su, istilik verilməsindən tutmuş , ta təhsil, səhiyyə, mədəniyyət sahələrində qazanılan uğurlara qədər dönə-dönə yazmışam. Bir onu bilirəm ki, Ağstafa haqqında nə yazmışamsa hamısında yeni-yeni ürək açan faktlar sadalamışam və indi götür-qoy edəndə öz-özümə sual verirəm: görülmüş bu qədər işlərin müqabilində bu yazılar nədir ki?

Elə rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sənan Mustafayev ilə görüşümüzdə də bu məsələlər ətrafında əhatəli söhbət açdıq. Yeri gəlmişkən qeyd edek ki, başqalarından fərqli olaraq Sənan müəllim kabinetdə oturub rayona rəhbərlik edən vəzifə sahiblərindən deyil. O, həmişə iş görən insanların yanında, hansısa obyektin təməlinin qoyulmasında, hansısa müəssisənin açılışında, məktəb tikilən, asfalt çəkilən yerlərdədir. Onsuz da otaqda oturmağı bacarmayan baş memar ümumiyyətlə daim tikinti-quruculuq, təmir-bərpa işləri gedən kəndlərdə olur, hər şeyə nəzər yetirir. Elə onunla bilavasitə gözəllik yaradan insanların yanında – şəhərin Heydər Əliyev prospektində görüşdük. Sənan müəllim görülən işlər barədə elə həvəslə danışırdı ki...

Onun sayəsində son iki ildə görülüb başa çatdırılmış və indi də davam edən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yaxından tanış olduq. Ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdik. Səmimiyyətlə etiraf edim ki, aldığımız təəssürat zəngin və fərəhlidir. Əsas cəhət odur ki, Ağstafa sakinləri bu bölgənin son ildəki sürətli inkişafını, haqlı olaraq, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsi kimi qiymətləndirirlər. Öz şəhərləri, qəsəbə və kəndləri ilə fəxr edirlər. Sabaha böyük inam və ümidlə baxırlar.

Digər vacib amil isə dövlət başçısının da qeyd etdiyi kimi, hər hansı sahədə əldə edilən uğurlar, həm də yerlərdə işlərin düzgün təşkilindən asılıdır. Bu baxımdan Ağstafa Rayon İcra Hakimiyyətinin maraqlı, çevik, təşəbbüskar iş üslubu və metodlarını ayrıca qeyd etmək lazım gəlir. İnsan amili, ardıcıl və sistemli icra intizamı, daha çox elmi əsaslara söykənən təşkilat-idarəetmə məsələləri – bu gün Ağstafa Rayon İcra Hakimiyyətində diqqəti ən çox cəlb edən məsələlər, bizcə, bunlardır.

Bəzən belə də olur: hər hansı sahədə fəaliyyətə başlayan rəhbər işçi ilk aylar, həftələr işə böyük həvəslə girişirlər, bütün qüvvə və səylər hərəkətə gətirilir. İnsafən, müəyyən uğurlu addımlar da atılır, abadlıq-quruculuq işləri aparılır. Ancaq, nə qədər qəribə görünsə də, bir qədər keçəndən sonra bu işgüzarlıq səngiyir, əvvəlki qaynarlıq, hay-haray çəkilir, hər növ arxayınçılıq, özündənrazılıq halları müşahidə olunur.

Ağstafada isə vəziyyət tamamilə başqadır. Kecən iki ildən başlanmış genişmiqyaslı tikinti-abadlıq işləri, təşəbbüskar fəaliyyət, səmərəli idarəetmə məsələləri bu gün də eyni sürət və inamla davam etməkdədir. Burada, əlbəttə, müxtəlif səbəblər var və biz ən əvvəl çoxdan — 2011-ci ildən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri işlədiyi vaxtdan tanıdığımız Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun siyasi iradəsini, dönməz xarakterini, sədaqətli mövqeyini, yaradıcı və təşəbbüskar fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Seymur müəllimin gecəsi-gündüzü yoxdur. Onu qəbul günlərindən başqa iş otagında tapmaq olmur, gah rayonun ən ucqar kəndlərində olur, insanların problemləri ilə maraqlanır, oradan təsərrüfat sahələrinə yollanır, əkin-bicinlə maraqlanır, kənd məktəblərinə baş cəkir, təhsilin keyfiyyətini öyrənir, sonra səhid-qazi ailələri ilə görüşlər, daha sonra tədbirlər...

...Fakt və rəqəmsiz, təhlil və müqayisələr aparmadan keçinmək, sözsüz ki, mümkün deyil. Bəri başdan, onu da deyək ki, Ağstafa şəhəri bu müddətdə öz coğrafiyasını xeyli genişləndirmişdir. Yeni binalar tikilmiş, küçə və meydanlar, yaşıllıq zolaqları salınmışdır. Şəhərin elə bir küçəsi, yaxud elə bir bina yoxdur ki, orada yenidənqurma işləri aparılmasın. Başqa sözlə desək, Ağstafa, sözün həqiqi mənasında, müasir şəhər görkəmi almışdır. Yeni tikilən və bərpa olunan binalar milli və müasir memarlıq üslubundadır, yüksək zövq və estetika dərhal nəzərə çarpır.

Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının inzibati binası, Gənclər Mərkəzi, Şahmat məktəbi, rayon mərkəzi xəstəxanası, coxmərtəbəli yaşayış binaları, mərkəzi meydan... Bu siyahıya necə yeni binanın, parkın və meydanın adlarını da əlavə edə bilərik. İndi Ağstafa güllər, çiçəklər şəhərinə çevrilmişdir. Çox yəqin ki, həssas oxucunun gözləri qarşısında dərhal şəhərin bütün bunlardan əvvəlki kasıb görkəmi canlanır.

Bəli, əbəs yerə deməyiblər ki, həqiqət faktlardan doğur. Elə isə iqtisadi, sosial və mədəni həyatın müxtəlif sahələrini əhatə edən bəzi xarakterik faktları bir daha yada salaq. Böyük iqtisadi potensiala – münbit torpağa, əməksevər insanlara malik Ağstafa rayonu dövlətin qayğısından xüsusi yer alan bölgələrdəndir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Ağstafanın həyatında dərin izlər qoymuş, rayonun yüksəlişinə təkan vermişdir. Bir zaman ulu öndər Heydər Əliyev “Ağstafalılar torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır” deməklə bu bölgəyə, onun əhalisinə böyük dəyər vermişdir. İndi bu sözlər bir daha təsdiqini tapır. Ağstafalılar təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərində göstərdikləri nümunələrlə, yaratdıqları xariqələrlə nəyə qadir olduqlarını əzmlə nümayiş etdirirlər. Əlbəttə, dövlətin qayğısından, ölkə rəhbəri İlham Əliyevin isti münasibətindən güc alaraq. Prezident İlham Əliyevin indiyədək dəfələrlə Ağstafada olması dövlət başçısının bu bölgəyə verdiyi böyük önəmin göstəricisidir.

Artıq iki ildir ki, Cənab Prezident İlham Əliyevin gənc kadr Seymur Orucovu Ağstafa rayonuna icra başçısı təyin etməsi Prezidentin gənclərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Əhalisi 90 min nəfərə yaxın əhalisi olan rayonda təhsilin, mədəniyyətin, səhiyyənin, sosial və iqtisadi sahənin günbəgün inkişaf etməsi əminliklə deməyə əsas verir ki, burada hər bir iş öz axarında davam edir. İcra başçısının əzmkarlığı, yaşı az olmasına baxmayaraq mükəmməl dünyagörüşü, baş verəcək xırda bir narazılıqları belə aradan qaldırması, vətəndaşlara qarşı səmimiyyəti, sahibkarlığıln inkişafına yartdığı şərait, şəhid ailələrinə və qazilərə olan canyanğısı və sairə onu deməyə əsas verir ki, rayonda ab-hava gözlənildiyindən də yaxşıdır. Cənab Başcının apardığı kadr islahati da yerindədir. Bunu rayon vətəndaşları, o cümlədən rayon ağsaqqalları tez-tez dilə gətirirlər. Vətəndaşlar üçün icra başçısının qəbuluna düşməkdə, ərizə və şikayətlərini bildirməkdə heç bir çətinlik yoxdur. Cənab Prezident İlham Əliyevin də həmişə qeyd etdiyi o olub ki, “məmur ancaq xalqına xidmət etməlidir. Elə çalışmaq lazımdır ki, vətəndaş narazı qalmasın. Onların qaldırdığı məsələyə operativ yanaşmaq və həll etmək lazımdır”.

İcra başçısı Seymir Orucov rayonda işlədiyi vaxtdan qəbula gələnlərin də sayı azalıb. Ona görə ki, icra başçısi tez-tez rayonun kəndlərində olur, vətəndaşları dinləyr, arzu və təkliflərini yerindəcə həll edir. Rayon vətəndaşları süründürməçilikdən və bürokratik əngəlliklərdən də azad olublar. Qarabağ əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı da göz önündədir. İcra başçısı həmin ailələrə nümunəvi qaygı göstərilməsini günün vacib məsələsi hesab edir.

İcra başçısının rayon gənclərinə göstərdiyi səmimi münasibət də başlıca şərtdir. Onlar arasında milli ruh, dövlət və dövlətçiliyin müdafiəsi, vətənə olan sevgi zəmnində aparılan ideoloji iş yetərincədir. Bu sahədə hazırda Ağstafa Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin də xidmətlərini danmaq olmaz.

Ağstafa Rayon Gənclər və İdman İdarəsinin yerləşdiyi binanın qarşısındakı vaxtı ilə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə salınmış parkda 500 ədəd şam ağacının əkilməsi, oradakı artezian quyusunun işə salınması və parka verilən yeni görkəmdən danışmamaq olmaz. Bu gün həmin park rayon vətəndaşlarının istirahət mərkəzinə çevrilib.

İcra başçısı, Prezident İlham Əliyevin daim vurğuyladığı kimi, qeyri-neft sektorunun inkişafında başlıca amil olan sahibkarlığın sürətlə inkişafına, onlara qarşı qayğı, həlli çətin olan məsələlərdə yardımçı olması diqqəti xüsusilə cəlb edir. İcra başçısının qarşısında duran əsas məqsədlərdən biri də Ağstafanın iqtisadi göstəricilərini yüksəldərək rayonu önə çıxarmaq, əhalinin yaşayış tərzini daha da yaxşılaşdırmaqdır. Son iki ildə Ağstafa rayonunun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika da məhz bunu göstərir.

Məlum olduğu kimi, Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və cari ilin 3 ayında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Kənd təsərrüfatında ənənəvi məşğuliyyət növlərinin bərpası və məşğulluğun artırılması istiqamətində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, cari ildə rayonda barama istehsalının bərpası və mövsümün sonuna qədər 1,5 ton baramanın dövlətə təhvil verilməsi nəzərdə tutulur. Birinci rübdə Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması da davam etdirilir. Hazırda Ağstafa şəhərinin bir sıra küçələrində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, pilləkən qəfəslərinin əsaslı təmiri və binaların həyətlərində abadlaşdırılma işlərinin aparılmasına başlanılmasına hazırlıq işləri görülür.

Bu gün Ağstafa kənd təsərrüfatının inkişaf etdirilməsi əsas perspektivlərdən biri sayılır. Bu regionda dənli bitkilər, bostan-tərəvəz məhsulları, üzüm və mal-davar saxlanılması məsələləri əsas aparıcı sahələrdəndir. Demək olar ki, Ağstafada istehsal edilən kənd təsərüfatı məhsulları bu ərazidə yaşayan sakinlərlə yanaşı, ölkə bazarlarına da çıxarılır. Yəni, Azərbaycanın ümumi istehsal göstəriciləri arasında Ağstafanın da öz yeri var. Əgər həmin göstəricilərə diqqət yetirsək, onda görərik ki, bu gün Ağstafada kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıq, tərəvəzçilik və heyvandarlığın inkişaf etdirilərək uğurlu nəticələrə çatdırılmasında sahibkarların, iş adamlarının xidmətləri danılmazdır. Necə deyərlər, bu coğrafiyanın xarakter və xüsusiyyətlərini yaxşı bilən yerli sahibkarlar, fermerlər və iş adamları Ağstafada üzümçülüyün, meyvə bağlarının genişlənməsinə demək olar ki, böyük diqqət yetirməklə, həm də kapital yatırımı edirlər. Bir az da açıq ifadə etsək, bu sahələrə maliyyə xərcləyən həmin adamlar öncədən nə əldə edəcəklərini də artıq bilirlər.

“Ağstafa Aqroservis” MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradıb. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün “vahid pəncərə” rolunu oynayır. Müəssisə tərəfindən əkinçilik təsərrüfatlarına keyfiyyətli və yüksək məhsuldarlığı təmin edən toxum, gübrə və kimyəvi preparatlar təklif edilir.

İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsinə, mütərəqqi texnologiyalara geniş meydan vermədən aqrar sektorda əsaslı irəliləyişə nail olmaq, istehsalda rentabelliyi təmin etmək qeyri-mümkündür. Kənd təsərrüfatını sənaye təməli üzərinə keçirmək müasir dövrün qarşıya qoyduğu ən mühüm vəzifədir. Ağstafa bu sahədə də respublika üzrə öncül mövqeyini təmin edə bilmişdir.

Bu gün Ağstafada yaşamaq da, işləmək də gözəldir. Son illər rayonda tikinti, abadlıq və quruculuq işləri vüsət almışdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına rayonun formalaşan sosial infrastrukturu əhalidə böyük minnətdarlıq duyğuları yaradır. Kəndarası yolların təmirində, əsaslı şəkildə yenidən qurulmasında, əhalinin içməli su təminatının ödənilməsində, elektrik enerjisi və təbii qazla təminatında, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasında, pensiya və təqaüdlərin artırılmasında əldə edilən ciddi dönüş dövlət başçısının xalqın xoş güzəranı, firavan həyatı üçün necə böyük işlər gördüyünü təcəssüm etdirir.

Prezident İlham Əliyev demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.

Dövlət başçısının bu aydın mövqeyi, təbii ki, hər bir məmur üçün nümunədir, fəaliyyətini müəyyən edən konkret istiqamətdir. Bu mənada son illər Ağstafada əhalinin həyat tərzini daha da yaxşılaşdırmaq, xidmət sahələrinin işini canlandırmaq istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilir.

Səhiyyə xidmətinin müasir tələblər səviyyəsində təşkil edilməsi də daim diqqət mərkəzindədir. Bu qayğının bariz ifadəsi, məntiqi nəticəsi olaraq Ağstafa şəhərində mərkəzi rayon xəstəxanası inşa edilmişdir. Bu gün Ağstafa Mərkəzi Rayon Xəstəxanasının əsasında Ağstafa Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs yaradılmışdır. Ağstafa Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsdə 290 çarpayı olmaqla 80 çarpayılıq terapiya, 60 çarpayılıq cərrahiyyə, 50 çarpayılıq ginekologiya və doğum, 30 çarpayılıq uşaq, 30 çarpayılıq vərəm, 20 çarpayılıq yoluxucu xəstəliklər və 20 çarpayılıq anesteziologiya, reanimasiya və intensiv terapiya, sığortanın təşkili və inovasiya, insan resursları, dəstək xidmətləri, xəstə xidmətləri, tibb bacıları, poliklinika, radiologiya, laboratoriya, təcili və təxirəsalınmaz tibbi yardım, hemodialez, ilkin səhiyyə xidməti (ASM) və səhiyyə xidmətlərinin təşkili şöbələri, tibbi sığorta, statistika, əməyin mühafizəsi, qeydiyyat, xəstə qəbulu, koordinasiya, əməliyyatxana, təcili yardım bölmələri və sair, elecə də transfizioloji və fizioterapiya kabinentləri fəaliyyət göstərir. Mərkəzi rayon Xəstəxanasında 189 həkim, 483 orta tibb işçisi və 456 kiçik və digər işçi çalışır.

İqtisadi, sosial və mədəni həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz, son illərin əsaslı inkişaf və yüksəlişini əks etdirən fakt və rəqəmlər bir daha sübut edir ki, Ağstafa uğurlu yol üstədir. Əldə edilmiş böyük uğurlar ağstafalıları əsla arxayınlaşdırmır. İndi bütün sahələrdə əlavə imkan və ehtiyat mənbələri müəyyən olunur. Yeni-yeni təşəbbüslər meydana çıxır, bütün qüvvə və səylər daha böyük hədəflərə yönəldilib. Bu gün Ağstafada yaradıcı, təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji mühit, qarşılıqlı hörmət və ehtiramdan qaynaqlanan vətəndaş-məmur münasibətləri mövcuddur.

Bu gün Ağstafa büsbütün dəyişib, müasir şəhərə cevrilib. Aparılan tikinti-quruculuq, abadlıq işləri, yaradılan yeni infrastruktur rayonun görkəmini kökündən dəyişib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri Ağstafada həyata keçirməsində rəhbərlik edən rayon icra hakimiyyəti, eləcə də rayon icra başçısı Seymir Orucovun öz komandası ilə birlikdə rayonda yaratdığı işgüzar mühit bugünkü nailiyyətlərin əsasını təşkil edir. Hər kəs öz işi ilə və həm də məsuliyyətlə məşğul olur. Aparılan bu yenilənmə rayona kənardan diqqəti də artırır. Adamlar Ağstafanın tarixi abidələrini görməyə, bu bölgənin nemətlərini dadmağa həvəslə gəlirlər. Təbii ki, Ağstafanın tarixini, onun təhsil, səhiyyə, mədəniyyət sahəsindəki inkişaf perspektivlərini daha köklü şəkildə istiqamətləndirmək, ortaya çıxarmaq üçün hələ çox işlər görülməlidir. Bu təkcə Ağstafa üçün yox, bütövlükdə Azərbaycan üçün önəmli bir məsələdir.

R.s

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Ancaq cox təəssüf ki, bəzi adamlar öz bədnam əməllərini həyata keçirmək üçün xalqı çaşdırmaq, Ağstafa rayonunun rəhbərliyini rayon sakinləri, ictimaiyyət və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var - kimlərsə Ağstafa rayonunun inkişafını istəmir, kimlərsə yuxarı dairələrdə Seymur Orucovun haqqında mənfi rəy formalaşdırmağa çalışır. Ən acınacaqlısı isə odur ki, bütün bu pis oyunlarda sahibkarlar alət edilir. Buna misal kimi hazırda ölkədə ən qabaqcıl və yenilikçi rayonlardan birinə çevrilmiş Ağstafaya Seymur Orucovun İH başçısı təyin olunduğu gündən müxtəlif məzmunlu şikayətlərin, tənqidlərin başladığını göstərmək olar. Lakin ölkə rəhbərliyinin xeyir-duası ilə başlanan uğurlu, rayon sakinləri üçün lazımlı fəaliyyətin davamına mane ola bilmədilər. Bu gün Ağstafa rayonu, yuxarıda qeyd etdiyimiz kimi, respublikanın bütün sahələrdə inkişaf edən bir bölgəsinə çevrilmişdir.

Sonda isə reallığı görməyən, yaxud görmək istəməyən bəzi bədxahların diqqətinə çatdırmaq istəyirik ki, bu gün Ağstafa rayonu sözün həqiqi mənasında etibarlı əllərdədir. Rəhbərlik ilə rayon sakinləri arasında dərin inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Elin gözü tərəzidir. Pisi də, yaxşını da gendən tanıyır. Bir də görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun.

BİA.az
скачать dle 12.1