Bia.Az

Məmurların toxunulmazlıq mifi dağıldı...

Fakt
 21-02-2020, 14:13     1 269

Məmurların toxunulmazlıq mifi dağıldı...Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçalada keçirdiyi xüsusi əməliyyat yerli icra hakimiyyətlərində təmizləmələrin aparılmasını yenidən gündəmə gətirib.

bia.az xəbər verir ki, DTX fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib. Qurumun yaydığı məlumatda bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Qeyri-rəsmi məlumatlara görə, DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən yaxalanıb. Onun artıq Bakıya gətirildiyi iddia olunur. Bu məlumat hakimiyyətə yaxın media orqanlarında da tirajlandığına və təkzib edilmədiyinə görə səhihliyinə şübhə yoxdur.

Hələ Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov DTX tərəfindən həbs ediləndə sosial şəbəkələrdə bu əməliyyata dəstək verilmiş, digər rayonlarda da oxşar həbslərin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdı. Bu dəfə də sosial şəbəkə üzvləri DTX-nın əməliyyatçılarını müxtəlif rayonlara "dəvət" ediblər. Bu fakt göstərir ki, yerlərdə icra hakimiyyəti orqanlarının fəaliyyəti qənaətbəxş deyil və insanların narazılığı pik həddədir.

Neftçaladakı əməliyyat həm də yüksək vəzifəli şəxslərin toxunulmazlığı barədə mifi darmadağın edib. Vətəndaşlarda inam yaranıb ki, qanunsuzluq edən yüksək vəzifəli şəxsi də cəzalandırmaq mümkündür və dövlət artıq prosesə start verib.

Bəzi mülahizələrə görə, proses davam edəcək. Ən çox narazılıq olan rayon və şəhərlərin yerli hakimiyyət orqanlarına "əl gəzdiriləcək". Sosial şəbəkələrdə bir çox rayonların sakinləri bu haqda yazaraq DTX-nın yolunu gözlədiklərini bildirirlər...скачать dle 12.1