Bia.Az

“BİZİ MƏCBUR EDİRDİLƏR Kİ, DÜŞMƏNİN SAYINI AZ GÖSTƏRƏK...” – Şəhid polkovnikin sensasiyalı səs yazısı

Siyasət
 23-10-2022, 14:16     266

“Tank və top olaraq, yəni artilleriya, tank və minaatanları götürsək, şəxsi heyət olaraq birə-bir idi. Hansı ki, hücum edən birə-üç olmalıdır. Bunlar kitabla, qanla yazılmış şeylərdir...

Bunlar hələ döyüş başlamamışdan bizi məcbur edirdilər ki, biz düşmənin tankının, topunun sayını az göstərək”.

“AzPolitika.info” xəbər verir ki, bunlar korpus komandirinin müavini, şəhid polkovnik Babək Səmidlinin sosial şəbəkələrdə, bəzi mətbu orqanlarda yayılan və böyük əks-sədaya səbəb olan, ölümündən əvvəl qeydə alınmış səs yazısında yer alan fikirlərdir.
Polkovnik həmin açıqlamasında düşmənin sayını az göstərməyi tələb edən yüksək vəzifəli şəxslərin adlarını da çəkir: “Bizi Ayaz Həsənov nə qədər sıxışdırdı. O, ciddi cəhdlə bizi sıxışdırırdı ki, düşməndən götürdüyümüz məlumatların faizini aşağı göstərək. Təki bunlar Ali Baş Komandana məruzə etsinlər ki, üstünlüyü saxlamışıq, müharibəyə hazırıq. Halbuki, korpus komandirləri deyirdilər ki, ay kişi, mən 140 tankın üstünə 140 tankla gedə bilmərəm. 140 tankın üstünə azı 250 tankla getməliyəm. Onlarsa ciddi-cəhdlə deyirdilər ki, sayı az göstərin. Çünki ordan baxır axı, baxır deyir ki, sən necə hücum edirsən ki, sənin sayın ona bərabərdir? Bizim komandir etiraz etmək istəyəndə, başladı onu təhqir etməyə: “Pampers geyin, sən qorxaqsan”. O da deyir: “Mən qorxaq deyiləm e, peşəkar hərbçiyəm. Mən hücuma gedirəmsə, əsgərim çox ölməsin deyə, üstünlüyü birə üç saxlamalıyam”. Mən 6 taborla 9 taborun üstünə hücuma keçmişəm. Halbuki, elə olmalı deyil. 9 taborun üstünə 18 taborla getməlisən. Çünki itki verdikdə, sən zəifləyirsən. Düşmən müdafiədə oturub və onun 30 illik bir müdafiə sistemi var. Bunlar bizə avqustda, Tovuz hadisələrində müharibə anonslarında ciddi cəhdlə düşmənin sayını az göstərmək üçün sıxışdırırdılar”.

Məlumat üçün bildirək ki, şəhid polkovnikin barəsində danışdığı A.Həsənov Nəcməddin Sadıkovun müavini olub və onun tapşırıqlarını yerinə yetirib. Əgər Babək Səmidlinin dediyi kimidirsə, bu, savaş başlamazdan öncə ordu rəhbərliyində təxribata və xəyanətlərə yol verildiyinə dair ciddi şübhələr yaradır. Çünki düşmənin canlı qüvvəsini və hərbi texnikasını bilərəkdən az göstərmək onun üzərinə göndərilən Azərbaycan əsgərini göz görə-görə qırğına vermək deməkdir. Belə çıxır ki, məqsəd də elə bu olub - əsgəri qırdırmaq, ordunu məğlubiyyətə uğratmaq və nəticədə ölkə rəhbərliyini torpaqların hərbi yolla azad edilməsi fikrindən vaz keçirmək. Elə şəhid polkovnikin səs yazısında da bundan bəhs edilir və qeyd olunur ki, Türkiyə hərbçiləri müdaxilə etməsəydi, ordu rəhbərliyindəki xəyanətkar qrup öz istəyinə nail olacaqdı: “Türklər gəlməsəydi... Türklər gəldi. Onlara bir şey deyə bilmədi. Nə deyəcəkdi? Bəxtiyar Paşa gedib deyər Ərdoğana, o da deyər ki, qardaş, səni aldadırlar, belə deyil. Ondan sonra “Bayraktar” gəldi. “Bayraktar” gəlməsəydi, üstünlüyü saxlaya bilməmişdik...”
Qeyd edək ki, polkovnik Səmidlinin korpusu Suqovuşan istiqaməyində döyüşüb və həmin istiqamətdə Azərbaycan Ordusunun böyük itkilər verdiyi, cənub istiqamətilə müqayisədə daha az irəlilədiyi məlumdur. Bunun səbəbləri də onu dediklərindən aydın olur...
Şəhid polkovnik bildirir ki, orduda adi rabitə cihazları belə çatışmırdı və 100 ədəd lazım olan hərbi birləşməyə cəmi 7 ədəd rabitə cihazı verilib: “Yəni, biz bu şəkildə qalib gəlmişik. Böyük çətinliklərlə. Bunların məqsədi ancaq cənab Prezidentin iradəsini qırıb, Qarabağdan vaz keçirmək olub – sanki gücümüz çatmadı. Halbuki, Azərbaycan əsgəri döyüşür. Yetər ki, sən onu təmin elə... Onların (ermənilərin) 30 illik (müdafiə) qurğuları ilə burdan çıxması ancaq bizim zabit, gizir, əsgərlərin cənab Prezidentin dediyi kimi, dirənməsi ilə mümkün olub... Çünki biz bir daha məğlub olsaydıq, bu, cənab Prezidentin Qarabağla bağlı iradəsinə təsir göstərə bilərdi. Biz ancaq qana qan sonunadək döyüşdük...”

Yeri gəlmişkən, polkovnik Səmidli həmin açıqlamasında Nəcməddin Sadıkovun da adını çəkir və Orduda MAXE-lərin qəbulu üçün rüşvət yığıldığını bildirir: “Bronijiletlərimiz, kaskalarımız çatışmayıb. Top mərmisi iki həftəyə bitdi... Ona qadın daşıyıb. Gətirib onu da general-mayor elədi, qoydu idarənin rəisi. Genştab (Baş Qərargah rəisi) Nəcməddin. Rasim Babayev - Komplektləşdirmə İdarəsinin rəisi. Ancaq bütün MAXE, əsgərləri pulla götürürdü...”
Polkovnik səfərbərliyin də gecikdirilməsindən gileyənir və deyir: “Səfərbərlik heç olmasa 15 gün, 10 gün əvvəl verilsəydi, mən onları döyüşə hazırlayardım. Müharibə 44 gün çəkməzdi, 20 günə qurtarardı. Müharibənin hər bir günü dövlətə milyardlarla pul deməıkdir...”
Xatırladaq ki, Babək Səmidli müharibənin bitməsindən bir neçə gün sonra - noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordeni ilə təltif edilib.
Göründüyü kimi, şəhid polkovnikin ölümündən az əvvəl söylədiyi faktlarda istintaq orqanlarının araşdırmalı olduğu çoxlu sayda məqamlar var. Sözsüz ki, bütün bu faktlar araşdırılmalı, günahkarlar cəzalandırılmalı və Müzəffər Ordu, nəhayət, təxribat və xəyanətlərlə onu zəiflətməyə çalışanlardan birdəfəlik təmizlənməlidir.скачать dle 12.1