Bia.Az

“Ukrayna ordusunda 500-ə yaxın azərbaycanlı döyüşür”

Siyasət
 18-10-2022, 13:28     173

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov AYNA-ya müsahibəsində yaşadığı ölkədə gedən müharibə və azərbaycanlıların vəziyyəti barədə danışıb. BİA.AZ həmin müsahibəni təqdim edir:

- Ukrayna Azərbaycanlıları Radası (UAR) müharibə şəraitində necə fəaliyyət göstərir?

- Ukraynanın bütün vətəndaşları kimi biz də bu il fevralın 24-də bir çoxlarımızın əvvəllər görmədiyi müharibə dəhşətləri ilə qarşılaşdıq. Bəziləri dinc şəhərlərə raket hücumlarından təşviş və çaxnaşma içində idi, ailələrinin təhlükəsizliyindən narahat idilər. İlk dəqiqələrdən mən Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivinlə əlaqə saxladım ki, bundan sonrakı addımlarımızı razılaşdıraq. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Kiyevdəki səfirliyi ilə də məsləhətləşdik.

Biz təcili olaraq UAR-ın bazasında həmvətənlər üçün gecə-gündüz işləyən “qaynar xətt” yaratdıq. Zənglər gələn kimi soydaşlarımızın problemlərini həll etdik. Müharibənin ilk günlərində “qaynar xətt”ə 800-1000-ə yaxın zəng daxil olub. Biz ilk növbədə evakuasiya planını hazırladıq. Ukraynanın hava məkanı bağlanıb. Yanacaqdoldurma məntəqələri fasilələrlə işləyirdi ki, bu da şəxsi avtomobillərdə problemlər yaradırdı. Polşa istiqamətində qatarlar dolu idi. Azərbaycan vətəndaşlarının, ilk növbədə qadınların və uşaqların təxliyəsi üçün bizə bir qatar ayrıldı. Biz onların Moldovaya təxliyəsini həyata keçirə bildik.

Atılan mərmilər nəticəsində küçələrdə dağıntılar əmələ gəldiyindən insanlar hətta təkbaşına dəmir yolu vağzalına da gedə bilmirdilər. Onları götürmək üçün onların olduğu yerə getməli olurduq. Hələ başqa şəhərlərdən Kiyevə gəlmələrini demirəm. Ən böyük yük UAR-ın Lvov filialının üzərinə düşdü. Lvovda soydaşlarımız qarşılanıb və Polşa sərhədinə qədər müşayiət olunub. Lvov filialı soydaşlarımızı ərzaq, mənzil və digər ehtiyaclarla təmin edirdi. UAR-ın Ukraynanın şərq vilayətlərində yerləşən digər filialları da fəallıq nümayiş etdirib.

Biz həm də Türkiyə nəqliyyat şirkətinin soydaşlarımızı İstanbula yola salmaq üçün avtobus ayırmasını təşkil edə bildik. Tədricən, müharibənin əvvəlində olan panika və çaşqınlıq keçdi və biz soydaşlarımızın mərhələli şəkildə təxliyyəsini təşkil edə bildik. Bu proses bu günə qədər davam edir. UAR eyni rejimdə işləməyə davam edir. Biz Ukrayna ordusunun qələbəsini və müharibənin bitməsini səbirsizliklə gözləyirik. Ölkəni bərpa etmək üçün qarşıda bizi çox iş gözləyir.

- Ukrayna Azərbaycanın göstərdiyi humanitar yardımı necə qiymətləndirir?

- Sizə qəti şəkildə deyə bilərəm ki, Ukrayna bu çətin günlərdə humanitar yardım göstərən bütün ölkələrə minnətdardır. Məlum olduğu kimi, “SOCAR Energy Ukraine” təcili tibbi yardım maşınları və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin maşınlarını pulsuz yanacaqla təmin edilməsinə qərar verib. Bu, Qərbdən hələ Ukraynaya yardımın gəlmədiyi bir vaxtda baş verib. Azərbaycan Ukraynaya yardım əlini uzadan ilk ölkələrdən biri oldu.

Müharibənin ilk günlərində mağazalar, apteklər işləmirdi. Şəhərlərdə qalan əhaliyə ərzaq, su və dərmanlar verilirdi. Müvafiq olaraq, Azərbaycanın humanitar yardımı Ukrayna əhalisi üçün lazım idi. Yeri gəlmişkən, ötən həftə Ali Radanın deputatı Yuliya Qrişina UAR-ın mərkəzi ofisində olub. Görüş zamanı o, göstərilən humanitar yardıma görə Azərbaycan xalqına təşəkkür edib.

Bundan əlavə, UAR-ın mərkəzi ofisində soydaşlarımızın ehtiyacları üçün humanitar yardımların paylanması mərkəzi yaradılıb. İlk növbədə, uşaq qidası və paltarlar paylayırdıq. Biz bunu təkcə soydaşlarımız arasında bölüşdürməmişik. Ehtiyacı olan hər kəs indi kömək üçün bizə müraciət edə bilər. UAR həmçinin zərər çəkmiş yaşayış məntəqələrinin sakinlərinə vaxtaşırı humanitar yardım göstərir. Məsələn, bu yaxınlarda UAR Oleq Krapivinin dəstəyi ilə İzyum şəhərinə humanitar yardım göndərdi.

Ukraynalılar öz ölkələrinin bu çətin anında Azərbaycanın köməyini yüksək qiymətləndirirlər. Məhz bu məqamlarda ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmliyi sınanır. Hesab edirəm ki, biz bu sınaqlardan ləyaqətlə keçdik.

- UAR cəbhədə döyüşən azərbaycanlıların ailələrinə kömək edirmi?

- Bu günə qədər Ukrayna Silahlı Qüvvələrinin sıralarında 500-ə yaxın etnik azərbaycanlı var. Onlar Ukrayna vətəndaşlarıdır, bir çoxu Ukrayna torpağında doğulub. UAR onların ailələrinə təkcə mənəvi deyil, həm də maddi dəstək göstərir. İyirmiyə yaxın azərbaycanlı qəhrəmancasına həlak olub.

Bundan əlavə, UAR Ukrayna ordusuna maliyyə yardımı edir. Yığılan vəsaitlər müdafiəçilərimiz üçün dərmanlar, zirehlər, termal kameralar, geyim və ayaqqabıların alınmasına sərf olunur. Biz birlikdə qələbəmizi möhkəmləndiririk və çoxdan gözlənilən qələbə gününü yaxınlaşdırırıq. İnanırıq ki, bu gün uzaqda deyil.

- Sentyabrda Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiya zamanı Ukrayna mətbuatı ermənipərəst mövqe tutdu. Bu faktı necə şərh edərdiniz?

- Bu fakt məni çox narahat etdi. Ukraynanın müxtəlif yerlərindən, eləcə də Azərbaycandan soydaşlarımdan mənə çoxlu zənglər gəlirdi. Deməzdim ki, Ukrayna mediası ermənipərəst mövqe tutub. Bildiyiniz kimi, rəsmi səviyyədə Ukrayna hakimiyyəti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.

Ukraynanın bir çox ictimai və siyasi xadimləri media nəşrlərinə cavab olaraq Azərbaycanı dəstəklədiklərini bildiriblər. UAR-ın mərkəzi ofisinə Ali Radanın çoxlu deputatları gəlib, bizə dəstək olduqlarını bildiriblər. Onların hamısı qeyd ediblər ki, Azərbaycan öz ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasına çalışır, Ermənistan torpaqlarına qəsd etmir.

Təbii ki, Ukraynada Ukrayna-Azərbaycan münasibətlərinin dərinləşməsində maraqlı olmayan qüvvələr var. Ölkələrimiz arasında parçalanma yaratmağa çalışırlar. Deməzdim ki, bütün Ukrayna mediası Azərbaycana qarşıdır. Ukrayna mətbuatında çoxlu yazılarım var. UAR idarə heyətinin üzvü Hikmət Cavadov da məqalələrinin Ukrayna mətbuatında dərc olunmasında çox fəaldır.

Vurğulamaq istəyirəm ki, Azərbaycanın dostları bizimlədir və dostluğumuz çox güclüdür. Ölkələrimiz strateji tərəfdaşdır və Azərbaycan diasporu dostluğumuzu daha da dərinləşdirmək üçün hər cür səy göstərəcək. Ukraynalılar ümumi ölkəmiz uğrunda vuruşmuş və vuruşan azərbaycanlılarla fəxr edirlər. 44 günlük müharibədə qələbə ukraynalıları ruhlandırdı və Ukraynada yaşayan bütün azərbaycanlılar Ukrayna dövlətinin ərazi bütövlüyünün bərpasını səbirsizliklə gözləyirlər.
скачать dle 12.1