Bia.Az

İranla bağlı sensasion iddia ABŞ və Ermənistan mediasında

Dünya
 17-10-2022, 13:27     164

İran Rusiyaya yaxın mənzilli ballistik raketlər və yeni hücum pilotsuz təyyarələri partiyası verməyi planlaşdırır.

Musavat.com-un bildirdiyinə görə, bu barədə “Washington Post” öz mənbələrinə istinadən xəbər yayıb. Maraqlıdır ki, bu, sensasion məlumatı İrana “xilaskar” gözü ilə baxan Ermənistan mediası da həvəslə tirajlayıb və manşetlərə daşıyıb.

Xəbər verildiyi kimi, Tehran sentyabrın 18-də İranın iki növ yer-yer raketləri də daxil olmaqla əlavə silah daşınması şərtlərini müzakirə etmək üçün rəsmiləri Rusiyaya göndərib. Nəşrin məlumatına görə, söhbət müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilən “Fateh-110” və “Zolfağar” qısa mənzilli ballistik raketlərin tədarükündən gedir. Qeyd olunur ki, bu, Rusiyaya bu tipli raketlərin ilk çatdırılması olacaq. Həmçinin, qəzetin yazdığına görə, İran Rusiya üçün pilotsuz uçuş aparatlarının, o cümlədən Mohajer-6 və Shahed-136 pilotsuz təyyarələrinin yeni tədarüklərini hazırlayır.

“Armeni Today” xəbər verir ki, sentyabrın 23-də Ukrayna Xarici İşlər Nazirliyi İran səfirinin akkreditasiyasını geri götürüb, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaltmağa qərar verib. Rəsmi Kiyev bildirir ki, Rusiya Ukraynaya qarşı müharibədə İrandan aldığı dronlardan istifadə edir.

Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellə telefon söhbətində iddia edib ki, İran Rusiyaya heç vaxt intiharçı dronlar verməyib. Abdullahian onu da qeyd edib ki, onun ölkəsi Rusiya-Ukrayna münaqişəsində neytral mövqe nümayiş etdirir.

скачать dle 12.1