Bia.Az

“Qarabağ erməniləri Xankəndidə 75 min nəfərlik mitinqlə müstəqilliklərini elan edə bilərlər” - Vardan Oskanyan BELƏ DEYİR

Siyasət
 17-10-2022, 12:48     160

Ermənistanın keçmiş xarici işlər naziri (1998-2008) Vardan Oskanyan mediaya Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ məsələsinin hazırkı mərhələsi ilə bağlı məqalə ilə çıxış edib. BİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Oskanyan məqaləsinin əvvəlində Qarabağ separatçılarının İrəvan görüşünə toxunaraq qeyd edib ki, nəticələrin necə təqdim edilməsindən asılı olmayaraq, hər şey aydındır.

O yazır: “Ermənistan hakimiyyətinin danışıqları və aktiv diplomatik fəaliyyətin nəticələrini necə təqdim etməsindən asılı olmayaraq, bir şey aydındır: Qarabağ Azərbaycanın bir hissəsi olaraq qalır. Bir şeyi, əminəm ki, Qarabağ hakimiyyəti də bunu çox yaxşı başa düşür”.

Oskanyan vurğulayır ki, Ermənistan hakimiyyətinin yeganə məntiqi “Qarabağdan əl çəkək, Ermənistanı xilas edək”dən ibarətdir. “Məsələ burasındadır ki, Qarabağdakı hakimiyyət müəyyən qədər bu məntiqə köklənmiş görünür. Bu, öz ölkələrindən imtina demək olsa da, onlar Ermənistanın təhlükəsizliyinə və suverenliyinə xələl gətirə biləcək hər hansı “macəra”ya getmək istəmirlər”.

Keçmiş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti və Qarabağdakı separatçıların bu cür yanaşması Ermənistanın təhlükəsizliyi və suverenliyi ilə bağlı heç bir təminat olmadan Qarabağı geri qaytarıla bilməyəcək şəkildə itirməyin ən qısa yoludur. “Bu gün “macəra” heç bir nəticə verməyəcək. Əvvəlki otuz ildə Qarabağ öz fiziki mövcudluğu, ərazisi və dövlət strukturları ilə Ermənistana geniş təhlükəsizlik təminatı verdiyi kimi, bu gün də Ermənistanın təhlükəsizliyi Qarabağ “xalqı”nın hansı bacarıqlı və cəsarətli addımlar atacağından çox şey asılıdır.

Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində biz istər danışıqlarda, istərsə də beynəlxalq ictimaiyyətin təsəvvürlərində təşəbbüsü və ümumilikdə substantiv imkanları tamamilə itirmişik. Öz müqəddəratını təyinetmə hüququ danışıqlar lüğətindən tamamilə kənardadır. Öz müqəddəratını təyinetmə hüququ məsələsi nəyin bahasına olursa olsun bərpa edilməlidir və Ermənistan hakimiyyəti bundan imtina etdiyi üçün Qarabağ xalqı bunu edə bilər”.

Oskanyan iddia edir ki, öz müqəddəratını təyinetmə hüququnu iddia etmək dinc, bacarıqlı və düzgün şəkildə həyata keçirilirsə, macəra deyil. O, öz müqəddəratını təyinetmə hüququnu tələb etmək üçün əsas dörd ilkin şərtin keçmişdə və bu gün tam şəkildə yerinə yetirildiyini deməkdən də çəkinməyib.

Keçmiş nazir hesab edir ki, ilk olaraq Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində bir növ azlıq deyil, öz tarixi torpaqlarında yaşayan, etnik, dini və ənənəvi olaraq “metropolis”dən fərqli olan, kollektiv və birmənalı olaraq öz müqəddəratını təyin etmək istəyi olan “xalq”dır.

Onun sözlərinə görə, ikincisi, Sovet İttifaqı dövründə, onun dağılmasından sonra, xüsusən də 44 günlük müharibə və bu son sərhəd toqquşmaları ilə Qarabağ daim Azərbaycanın guya təzyiqlərinə məruz qalıb, başqa sözlə, onların hər cür hüquqları davamlı olaraq pozulub. “Üçüncüsü, Qarabağ xalqının Azərbaycan daxilində istənilən statusu heç vaxt qəbul etməyəcəyindən asılı olmayaraq, Bakı bəlkə də onlara öz daxilində hansısa muxtar status təklif etməkdən imtina edir. Bu, məhz beynəlxalq hüquqda pozuntudur və bu halda hər bir xalqın öz müqəddəratını təyin etmək və ya ayrıldığını elan etmək hüququ vardır”.

Oskanyana görə, dördüncü məsələ isə bütün yuxarıda qeyd olunan məqamları nəzərə alaraq, sadəcə olaraq, Qarabağ “xalq”ının xilas naminə ayrılmaq hüququnun həyata keçirilməsini tanımaqdan başqa çıxış yolu yoxdur. “Yaxın vaxtlarda Qarabağda yaşayan ermənilər əvvəlcə Stepanakert meydanında ən azı 50-75 min insanın iştirakı ilə toplantı təşkil etməli və orada həm Azərbaycana, həm Türkiyəyə, həm də beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirməlidir ki, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini istəyir. Bundan dərhal sonra Ermənistan BMT-də qətnamənin qəbul edilməsinə təşəbbüs göstərməlidir ki, bu qətnamə ilə BMT Baş Assambleyası Kosovo məsələsində olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsinə iddia təqdim etsin. Və orada vurğulamalıdır ki, 1991-ci ildə Dağlıq Qarabağda keçirilmiş referendum beynəlxalq hüquqa ziddir”.

Ermənistanın keçmiş xarici işlər naziri onu da iddia edib ki, bu gün baş verənlərin əsası Azərbaycanın Qarabağ məsələsini artıq öz xeyrinə həll etdiyinə və Ermənistana şərtlərinin qəbuletdirdiyinə inanmasıdır. “Əliyev Qarabağ məsələsinin həll olunmadığını və Qarabağ ermənilərinin sadəcə olaraq Azərbaycan daxilində hər hansı bir statusu istisna etdiyini anladığı anda Azərbaycanın Ermənistandan olan ambisiyaları nəinki azalacaq, əksinə, reallıqdan uzaqlaşacaq”.

P.S. Adama sual verərlər ki, axı, necə? Əvvəla Xankəndi və ətrafında üst-üstə yığsan heç 25 min adam yaşamır. Hətta ordan-burdan toplayıb, yığsalar belə 40 mini keçməyəcək. Bu bir. İkincisi, Kosovo məsələsi Qarabağ üçün presedent ola bilməz, çünki beynəlxalq hüquq buna imkan vermir. Bir ölkənin xarici siyasət idarəsinə rəhbərlik etmiş birinin bu qədər bəsit düşünməsi isə üçüncü məsələ olmaqla yanaşı, həm də biabırçılıqdır.
скачать dle 12.1