Bia.Az

"Putin tutduğu əraziləri itirməmək üçün atəşkəsə gedəcək" - General

Dünya
 17-10-2022, 11:20     173

Rusiya prezidenti Vladimir Putin indi işğal olunmuş əraziləri itirməmək, qüvvələri yenidən toplamaq və ehtiyatları hazırlamaq üçün Ukrayna ilə müharibədə atəşkəsə ehtiyac duyur.

BİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Nikolay Malomuj telemarafon zamanı deyib.

- Atəşkəs ehtiyacı onunla bağlıdır ki, Putin açıq şəkildə bütün cəbhələrdə uduzur. O, əlbəttə ki, öz çatışmazlıqlarını tamamlamağa çalışır. Donetsk istiqamətindəki yeni hücumlar artıq işə yaramır. Xerson istiqamətini isə saxlamaq çox çətindir, - general qeyd edib.

Malomuj fikirlərinə onu da əlavə edib ki, Rusiya Federasiyasının rəhbəri küncə sıxışıb, amma o, yenə də təhlükəlidir.

- Onun hələ də potensialı var. Lakin indi bir növ atəşkəsə ehtiyacı yaranıb. İlk növbədə ona görə ki, o, fəth etdiyi əraziləri itirməmək üçün buna gedəcək, - general vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi qüvvələrini yenidən toplamalı və ehtiyat qüvvələri bərpa edərək döyüşlərə hazırlamalıdır. Çünki indi cəbhəyə göndərilən səfərbər olunanlar ya təslim olur, ya qaçır, ya da acizanə şəkildə çöllərdə ölürlər.

- Ona görə də orada 80 təlim mərkəzi yaradıblar və Şoyqu artıq deyir ki, bu ərazilərdə iki-üç ay ərzində yeni ehtiyat qüvvələr effektiv şəkildə öyrədiləcəklər. Yeni ehtiyat qüvvələr təbii ki, təlim keçə bilərlər və bu, Ukrayna üçün problemlər yaradacaq, - Malomuj xəbərdarlıq edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı zamanı da bu məsələ gündəmə daşınmışdı. Akar Rusiyaya atəşkəs təklifi irəli sürmüşdü.
скачать dle 12.1