Bia.Az

Öləndən sonra Jirinovski də sevimli oldusa...

KÖŞƏ YAZARLARI
 15-10-2022, 12:54     399

Hüseynbala Səlimov

Siyasətin peyğəmbəri, böyük patriot, nə bilim, siyasət dünyasının Vanqası – bəli, bütün bunlar Rusiya telekanallarından birində Vladimir Volfoviçə həsr olunmuş verilişdə eşitdiklərimdir.
Öləndən sonra hamı, necə deyərlər, qiymətə minir, ancaq bizim yaddaşlarımızda başqa Jirinovski də var – teledebatlarda həmkarlarının üzünə su dolu stəkanı çırpan, qadınlarla saçyolduya çıxan, neoimperialist çağırışlar edən Jirinovski!
Bəs nə oldu? Nə baş verdi? Biz hansı Jirinovskini xatırlayaq? Məsələ bundadır ki, indi söhbət kimin ölməsində, kimin sağ qalmasında deyil. Ondadır ki, Rusiya siyasəti ora-bura ləngər vurub, axırda V.Jirinovski deyən məcrada qərar tutdu.
“Rus əsgərinin ayağı dəyən torpaq artıq Rusiyadır”, “Vaxt gələcək rus əsgəri çəkmələrini Hind okeanının isti sularında yuyacaq” – indi bəlkə də insanlar bunları xatırlamır, amma bütün bunlar bizim çox yaxşı yadımızdadır.
Xatırlayırıq ki, Jirinovski Dumaya ilk seçkilərdə peyda olanda fikirləşmişdik ki, əcəba, ölkə bu cür siyasətçi ilə hara gedəcək? Amma Jirinovski düşünüləndən də hiyləgər oldu. O, təkcə əsl Rusiya liberallarının yolunda yox, elə kommunistlərin də qarşısında bir sipər oldu, hər iki qanadın qatı opponentinə çevrildi...
Axırda da iş ona gəlib çıxdı ki, prezident Vladimir Putin bircə-bircə Vladimir Volfoviçin dediklərini həyata keçirməyə başladı. Nə az, nə çox, Ukraynaya qarşı müharibəyə başladı. Qəribədir, bu adam Rusiya ilə Ukraynanı bir görmək istəyir. Amma ukraynalılar rusların raket hücumlarını nə vaxtsa unuda biləcəklərmi? Bir ara Kiyevə qarşı raket atəşləri səngimişdi, beynəlxalq təşkilatlar, səfirliklər və əlbəttə ki, yerli sakinlər paytaxta qayıtmışdılar. İndi onlar yenidən gedirlər. Ən əsası da budur ki, ABŞ və Avropa ölkələri Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərini bu ölkəyə göndərməyi ləngidirlər.
Hələ sentyabr ayında deyilmişdi ki, bəs ABŞ Ukraynaya Kapitolinin binasını qoryuan müdafiə sistemləri göndərəcək. Bir neçə gün sonra eyni şeyləri Avropa haqqında dedilər – söyləndi ki, Kiyevə ən müasir müdafiə sistemləri veriləcək. Amma biz bunları hələ ki görmürük. Halbuki Ukrayna üzərində dəmir dəbilqə yaratmağın əsl vaxtıdır. Putin nüvə silahından danışır. Jirinovski sağ olsaydı, Putinin bu bəyanatlarından çox məmnun qalardı. Qeyd edək ki, dünya birliyi də Rusiya prezidentinin bu cür açıqlamalarını ciddi şəkildə qəbul edir.
Hələ Ukrayna müharibəsindən bir az əvvəl Vladimir Putin demişdi ki, bu dünyada Rusiya olmayacaqsa, o, nəyə lazımdır?
Bəli, qorxulusu da budur. Əslində heç kim Rusiyanı dünya xəritəsindən silməyi düşünmür və elə Rusiya prezidenti də demək istəyir ki, onun ölkəsi bu dünyada hegemon dövlətlərdən biri olmaycaqsa, dünya nəyə lazımdır? Bax, qorxulusu məhz budur...
Adamı ehtiyatlandıran həm də budur ki, ruslar telekanallarında Dmitri Muratovdan, Putinin qismən səfərbərlik haqqındakı çağırışından sonra “Mən də xarici agentəm” deyən Alla Puqaçovadan danışmırlar, əksinə, Jirinovskini və ona bənzərləri diriltmək istəyirlər, çünki sonuncular sözün həqiqi mənasında bu gün rus telekanallarının “bəzəyi” olardılar...скачать dle 12.1