Bia.Az

Odessalı deputatdan Azərbaycan, Türkiyə, İran və Ermənistan haqqında SENSASİON AÇIQLAMALAR

Gündəm
 15-10-2022, 12:20     225

Ukrayna Ali Radasının Odessadan olan deputatı, Avropa Şurasındakı təmsilçi Oleksey Qonçarenko Musavat.com-a eksklüziv müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Oleksey, Azərbaycana münasibətiniz necədir?
- Azərbaycan gözəl ölkədir. Mən Bakıda olmuşam və bu şəhərdən yaxşı təəssüratlarım qalıb - çox gözəl və rəngarəngdir! Və təbii ki, Azərbaycandan çoxlu dostlarım var.
- Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hələ müharibədən əvvəl Azərbaycan diasporu Kiyevi dəstəklədiyini bəyan edib və Rusiyanın hərəkətlərini pisləyib. Cəmi bir neçə həftə əvvəl Jitomir vilayətindəki Azərbaycan diasporunun ordumuza cip və pikaplar bağışlaması xəbərini oxudum. İşğaldan əziyyət çəkən Kiyev vilayətinin İrpen şəhərində isə SOCAR cəmi iki ay ərzində məktəbi bərpa edib. Onu da bilirəm ki, Azərbaycan diasporunun fəalları Odessa, Nikolayev, Kiyev və Ukraynanın digər şəhərlərində ordumuza və xalqımıza hər cür dəstəyi veriblər və verməkdədirlər. Azərbaycanlılar da ümumi qələbəmiz üçün əllərindən gələn hər şeyi edirlər. Biz bu möhtəşəm dəstəyi həqiqətən də hiss edirik və Ukraynaya səmimi-qəlbdən kömək edən bütün azərbaycanlılara təşəkkür edirik. Mən Məmmədovlar ailəsini - Elçin və Gündüzü qeyd etmək istərdim. Onlar Ukraynanın böyük dostlarıdır.

- Bizim üçün çox maraqlıdır: Qarabağ münaqişəsinin tarixi ilə bağlı sizdəki məlumatlar necədir? Bir də, bu münaqişənin həlli və burada Rusiyanın rolu barədə sizdə hansı məlumatlar, ya da düşüncələr var?
-Şübhəsiz ki, Ukraynada siyasətlə məşğul olan hər kəs Qarabağdakı münaqişədən xəbərdardır və vəziyyəti diqqətlə izləyir. Təbii ki, bu münaqişə Rusiyanın əl işidir və Rusiya hər yerdə münaqişə ocağı yaratmağı, onu idarə etməyi, bu münaqişələr vasitəsi ilə də ölkələrə müdaxilə etməyi sevir.
Yalnız sonuncu dəfə, Ermənistan kömək istyəndə, Putin bu dəfə onun xeyrinə ciddi heç nə etmədi. Ermənistan hesab edirdi ki, Rusiya o qədər böyük və güclüdür ki, ona kömək edəcək və o da asanlıqla istəyinə çatacaq. Əslində isə Rusiya artıq o qədər güclü deyil və göründüyü kimi, heç nə edə bilmədi. Rusiyanın müharibə vaxtı etdiyi yeganə şey Azərbaycan haqqında çoxlu sayda saxta iddialar istehsal edib, xəbər və siyasət meydanına atmaq oldu. Diqqətimizi cəlb edən detal da məhz bu idi. Bu münaqişədə mənim mövqeyim sadədir: mən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirəm.
- Yaxşı, bəs keçmiş ittifaq ərazisində baş verən digər münaqişələrlə bağlı fikirləriniz necədir? Onları necə təsnif edə bilərsiz?
- Gəlin, Gürcüstana - Abxaziya və Cənubi Osetiya ilə bağlı vəziyyətə baxaq, bu müharibəni kim başlatdı? Rusiya. Gəlin Dnestryanıya baxaq, yenə ora kim girdi? Rusiya. Mən artıq Krım və Donbas, indi isə Ukrayna ilə genişmiqyaslı müharibə haqqında demirəm. Rusiya hər yerə burnunu soxur, haradasa daha çox, haradasa az uğur qazanır; amma SSRİ-ni yenidən bərpa etmək üçün hər yeri oda - alova verir və sakitləşmir.
- Siz Azərbaycanı Ukrayna üçün strateji tərəfdaş hesab edirsinizmi?
- Hesab edirəm ki, Azərbaycan həqiqətən də bizim üçün çox vacib tərəfdaşdır. Azərbaycan enerji resursları ilə bizə kömək edir, Ukraynanın buna çox ehtiyacı var. Rasional düşünəndə bu, hər iki tərəfə də faydalı əməkdaşlıqdır. Prezident İlham Əliyev bildirib ki, bundan sonra da Ukraynaya humanitar yardım göstərəcək. Təbii ki, çox arzu edərdik, Azərbaycan Ukraynaya hərbi dəstək də göstərsin. Lakin biz obyektiv gerçəkliyi də anlayırıq və onu da başa düşürük ki, sizin ölkənizin öz hərbi qüdrətini gücləndirmək ehtiyacı bizə dəstək vermək zərurətindən daha yüksəkdir.
- Ankaranın müharibə dövründə yürütdüyü siyasətə və ümumiyyətlə Türkiyənin Ukraynaya verdiyi dəstəyə münasibətiniz necədir?
- Türkiyə Ukraynaya çox kömək edir, biz bunu yüksək qiymətləndiririk və prezident Ərdoğana minnətdarıq. O, əsirlərin mübadiləsinə kömək edir, onun vasitəçiliyi ilə taxıl dəhlizi işə salınıb. Türkiyə dəfələrlə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və qeyri-qanuni “referendumları” tanımadığını vurğulayıb. Bu, Ankaranın 2014-cü ildən bəri davam edən ardıcıl siyasətidir. Bizi "Bayraktar" ilə təmin edən "Baykar" şirkətinin köməyini yüksək qiymətləndiririk. Onlar bəyan etdilər ki, Rusiyaya dron satmayacaqlar və bu, çox vacib, cəsur addım idi.
- Bəzi KİV-lər və Ukrayna şou-biznesinin nümayəndələri, hətta bəzi rəsmilər son vaxtlar Azərbaycanı pisləyib, işğalçı ölkə adlandırırlar, buna münasibətiniz necədir?
- Ölkəmizdə çox müxtəlif fikirlər var, insanların onları ifadə etmək hüququ var. Amma eyni zamanda deməliyəm ki, Ukrayna dövlətinin Azərbaycanla bağlı siyasəti dəyişmir. Düşünürəm ki, hətta dostlar arasında da bəzən fikir ayrılıqları olur, lakin onları açıq şəkildə söyləmək və konstruktiv dialoq aparmaq çox vacibdir. Bir daha təkrar edirəm: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirəm. Və bu mövqe Ukrayna dövlətinin rəsmi kursudur.
-İran Azərbaycanla münaqişədə Ermənistana maksimum dəstək verməyə çalışır və Rusiyaya pilotsuz uçuş aparaları verir. Bu haqda nə deyə bilərsiniz?
- İranın tərəf seçdiyi ortadadır. Mən sizə Ukrayna ilə bağlı vəziyyəti dəqiq deyə bilərəm - biz İranla diplomatik əlaqələri kəsməliyik. Onların pilotsuz aparatları dinc şəhərlərimizə hücum edir. Mən özüm də onların "şəhid"lərinin ("Şəhid" adlanan dronlar nəzərdə tutulur - red) səslərini eşitdim - onlar doğma Odessada tez-tez qonaq olurlar. Təəssüf ki, İran işğalçının tərəfini tutdu və indi bizim üçün o da tərəfidir. Ukrayna bu müharibədə qalib gələcək və kimin dost, kimin düşmən olduğunu həmişə xatırlayacaq. Bu baxımdan İran birmənalı olaraq bizim dostumuz deyil.

- Turan Birliyinə (Türk Dövlətləri Təşkilatına) münasibətiniz necədir? Gələcəkdə Ukraynanı bu birliyin dostu kimi görürsünüzmü? Çünki Ukrayna da bu TDT -də müşahidəçi kimi iştirak edib.
- Düşünürəm ki, ölkələrin istənilən birlik yaratmaq hüququ var. Ukrayna türk dövlətləri arasında iqtisadi və mədəni əlaqələrin inkişafına kömək edən dinc birlikləri hər cür alqışlayır. Ukrayna təbii ki, bu birliyin dostu və tərəfdaşı olacaq. Bu üç ölkə - Ukrayna, Türkiyə və Azərbaycan mühüm tərəfdaş dövlətlərdir.
-Ukrayna uğrunda müharibədə həlak olan azərbaycanlılar var. Eyni zamanda hazırda da Ukrayna uğrunda döyüşən çoxlu soydaşlarımızın olduğu hər kəsə bəllidir. Onların bəziləri bir neçə gün öncə mükafat da aldılar. Bu azərbaycanlılar sizin üçün kimdir?
- Ukraynanın müstəqilliyini dəstəkləyən və Ukrayna uğrunda könüllü döyüşən bütün əcnəbilərə hər bir ukraynalı minnətdardır. Çünki insanlar yaxşı bilirlər ki, biz şərlə mübarizə aparırıq, öz torpağımızda vuruşuruq, onu müdafiə edirik. Biz işğalçı deyilik. Ona görə də ölkəmiz uğrunda döyüşə gedən azərbaycanlılara dərin hörmətim var. Mən də bu müharibədə itkilərə görə Azərbaycan xalqına başsağlığı verirəm. İnanın ki, müstəqilliyimiz uğrunda həlak olmuş vətəndaşlarınız ukraynalıların gələcək nəsilləri tərəfindən həmişə xatırlanacaq. Ukraynada müharibədə iştirak etmiş Azərbaycan vətəndaşları ilə yanaşı, çox sayda Ukrayna vətəndaşı olan milliyyətcə azərbaycanlılar da var. Baxın, indi müharibə yalnız Ukrayna ilə Rusiya arasında getmir. Xeyirlə ilə Şər arasında müharibə gedir. Və mən şadam ki, biz sizinlə birlikdə Xeyirin tərəfindəyik.
-Qələbədən sonra Avropa məkanında və keçmiş İttifaqın respublikalarına münasibətdə Ukraynanın rolunu necə görürsünüz?
- Qələbədən sonra çox iş görməliyik. Biz Avropa İttifaqına doğru gedirik - bu, Konstitusiyamızda təsbit olunub, biz demokratiya və qanunun aliliyi yolu ilə gedirik. Biz ölkəni yenidən qurmalı, asayişi bərpa etməli və Putinin darmadağın etdiklərini düzəltməliyik. Ukrayna keçmiş ittifaq ölkələrinə həmişə hörmətlə yanaşıb. Başqa bir məsələ bu ölkələrin bizə münasibətidir. Bunu artıq Rusiya və Belarus bizə göstərib. Bizim nə qədər yaxın olduğumuzu həmişə təkrarlayan "əsas qardaşlar” əsas düşmənlər oldu. Amma keçmiş SSRİ ölkələrinin əksəriyyəti açıq şəkildə Ukraynanı dəstəkləyirdi və buna görə biz onlara çox minnətdarıq.
Anar Natiqoğlu, Odessa
"Yeni Müsavat"ın Ukrayna müxbiriскачать dle 12.1