Bia.Az

Bir sorğunun qorxunc nəticəsi - Azərbaycanın suverenliyi də təhlükədə? – RƏYLƏR

Siyasət
 15-10-2022, 01:03     160

“Rusiya İctimai Rəy Fondu”nun keçirdiyi son sorğunun nəticələrinə görə, rusların 78%-i Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını dəstəkləyir. Yalnız - 7%-i bunun əleyhinədir.

Respondentlərin 37%-i hesab edir ki, “Rusiyaya birləşmək”lə bağlı “referendumlar” vaxtında keçirilib, 44%-inin zənnincə bu, daha əvvəl, 2%-i hesab edir ki, sonradan, 6%-i isə keçirilməməli olduğunu düşünür. Sorğuda Rusiyanın 53 regionundan 1500 insan iştirak edib.
Bu sorğuya əsasən, rusların demək olar ki, 80%-i qondarma "Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası", eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyaya “qoşulmasını” dəstəkləyib.
Qeyd edək ki, bundan əvvəl VTSİOM analoji sorğu keçirmişdi. Araşdırmanın nəticələrinə görə, rusiyalıların 77%-i “referendumların” ciddi pozuntular olmadan keçirildiyini, 11%-i isə əksini hesab edirdi. Respondentlərin 83%-nin qənaətincə, “Rusiya bu ərazilərin sakinlərinin maraqlarını qorumalıdır”.
Belə qənaət hasil olur ki, Putinin yerinə kim gəlir gəlsin, Rusiya cəmiyyəti Ukrayna ərazilərinin bir qarşını da geri qaytarmayacaq. Bu “velikorus” virusundan qurtula bilməyən rus toplumunun hələ də “güclü həmişə haqlıdır” anormal məntiqinin əsiri olmasının növbəti təzahürü sayıla bilər. Eyni zamanda, postsovet ölkələri üçün təhlükəli siqnaldır. Sabah tutaq ki, Rusiya Azərbaycanı da işğal eləsə və bunu ənənəvi bəhanə ilə əsaslandırsa belə çıxır, Rusiya cəmiyyəti bu işğalı da dəstəkləyəcək. Necə ki, ötən əsrin 20-ci ilində belə də olmuşdu. Hərgah rəsmi Moskva bütün postsovet ölkələrinin hamısının ərazi bütövlüyü və suverenliyini tanıyıb – o cümlədən Ukraynanın. Amma bu, ona Ukraynaya hərbi təcavüz etməyə mane olmadı.
Bəs belə sorğular nə dərəcədə reallığı əks etdirir, onları etibarlı saymaq olar? Rus xalqı gerçəkdənmi təcavüzü dəstəkləyir?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycanın o halda belə bir təhlükə ilə üzləşə biləcəyini ehtimal edir:

“Dezinformasiyalarla dolu olan dünyada Rusiya ictimai rəy sorğusunun nəticələrini yayaraq, guya Ukrayna məsələsinin, sadəcə, Putinlə bağlı olmayıb, bütün Rusiya xalqının rəyinin və iradəsinin ifadəsi olduğu görünümünü yaratmağa çalışır. Hələ müharibənin başladığı fevral ayında Almaniya Kansleri demişdi: “Bu müharibə Rusiya xalqının deyil, Putinin şəxsi ambisiyalarının nəticəsidir”. Beləliklə, sorğu velikorus ideyasına rus xalqının sadiqliyinə inam yaratmağa hesablanıb.
Əslində bu cür sorğular cəmiyyətin fikrini ifadə etməklə yanaşı, həm də hər hansı ideyaya inam yaratmağa hesablanır. Odur ki, 1 neçə milyon insanın fikrini 1 neçə filosof-dövlət düşünürü yönləndirə bilir. Rusiyada Putindən əvvəl də, sonra da velikorus ideyasının yaşamasını təmin edəcək düşünürlər, dövlətin mənafelərini düşünən fikir insanları, dövlət rəhbərləri, məsləhətçiləri mövcud olacaq. Bu düşünürlər Rusiyaya ekzistensial təhlükə törədən bütün amilləri məhv etməyi, o cümlədən parçalamağı və ilhaq etməyi öz vəzifəsi hesab edir.
Rusiya ilə qonşusansa, balansı qorumaq məcburiyyətindəsən. Gürcüstan 2008-ci ildə bu balansı pozdu deyə Abxaziya və Şimali Osetiyanı itirdi. Sonrakı balanlı mövqeyə geri dönüş, Saakaşvilinin ölkədən qovulması və s. hətta Ukrayna məsələsində Gürcüstanın mütəvazi davranışları, sərt neytrallığı qoruyan bəyanatları, bütün bunlar bu iki ərazinin Rusiyaya ilhaqının qarşısını alır. Əgər Azərbaycan haçansa, NATO üzvlüyünü gündəmə gətirərsə, bu gün Donbasın, Zaparojenin və Xersonun qədərini bizlər yaşaya bilərik. Lakin Azərbaycanın dövlət ağlı bunu anlayır və Qərbin ikili standartlarının mövcud olduğu dünyada heç kimin deyil, məhz özünün maraqlarını qoruyur. Bizə Qərbin Rusiya qarşısında güclü duruşu deyil, ölkəmizin dünya qarşısında güclü duruşu daha maraqlıdır”.
AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə Ukraynadakı situasiyanı Azərbaycanla müqayisədə tam fərqli sayır:

“İlk növbədə onu qeyd edim ki, ümumilikdə Azərbaycanın istər Rusiyanın, istərsə də hər hansı işğalçı bir dövlətin tərkibinə keçməsindən danışmaq olduqca absurd iddiadır. Ukrayna məsələsində situasiya fərqli idi. Xatırlayırsınızsa, Rusiya Ukraynada hərbi əməliyyatlara başlamadan öncə Putin öz çıxışlarında Ukrayna adlı dövlətin olmadığını, belə bir dövlətin SSRİ rəhbərliyi tərəfindən yaradıldığını deməklə əslində o torpaqların Rusiyaya aid olduğunu qeyd edirdi. Bundan əlavə NATO məsələsi də hərəkət verici idi. Putin Ukrayna rəhbərliyinə israrlı şəkildə NATO-nu öz sərhədlərimizə Ukrayna vasitəsi ilə gəlməsinə qarşıyıq deyirdi. Bunlar müharibə üçün əsasdır və ya bəhanədir, o ayrı məsələdir. Azərbaycan haqqında isə heç bir vaxt belə fikirlər söyləyə bilməz. Azərbaycan tarixi ənənələri olan dövlətdir.
Yenidən Azərbaycanın işğalı məsələsinə gəldikdə isə, bizi adətən “Qarabağ kartı” ilə təhdid edirdilər ki, Azərbaycan siyasi rəhbərliyinin də dəfələrlə qeyd etdiyi kimi, bizim artıq Qarabağ adlı problemimiz yoxdur. Torpaqlarımızı işğaldan qurtardıq. Eyni zamanda, onu da qeyd edim ki, təşbehdə xəta olmaz Azərbaycan “banan Respublikası” deyil ki, kim istədi, nə zaman istədi işğal etsin. Rus vətəndaşları seçkilərdə, anketlərdə nə deməmişdən öncə səfərbərlik elan edildikdən sonra gənclərin kütləvi şəkildə ölkəni tərk etmək üçün necə sərhədlərə axın etdiyinə baxsın. Təkrar qeyd edim ki, Azərbaycan Cənubi Qafqaz regionunun günü-gündən güclənən ölkəsidir. Türkiyə kimi qüdrətli dövlətin ən yaxın müttəfiqi, Türkiyə ilə birlikdə xarici müdaxilələrdə ortaq əməkdaşlıq haqqında bəyannamələr imzalamış dövlətdir. Bütün bunları nəzərə alaraq Azərbaycanın ancaq inkişafından danışmaq olar, nəinki əksindən”.
Sosioloq Əhməd Qəşəmoğlu bu sorğunu heç bir halda real saymır:

“Bilirsiniz, kimsə eşidə bilər ki, Rusiyada belə bir sorğu keçirilib və buna qeyri-adi baxa bilər. Mən özüm 9 il Rusiyada yaşamışam. Aparılan sorğuların bir çoxunda da iştirak etmişəm. Sorğuları mifləşdirmək də lazım deyil. Ömrümü sorğulara həsr etmiş adamam. Ölkədə əgər qadağan qoyulursa ki, Ukrayna musiqisinə qulaq asanı həbs edəcəyik, müharibə əleyhinə danışana cəza verəcəyik... Biz sözlə, orada azad mühit yoxdur. Ukrayna lehinə danışdımsa, demək mən düşmənəm. Belə bir vaxtda siyasi mövzuda sorğular aparmaq düzgün deyil. Bir ölkədə ki, insanlar qorxur, demək bu birbaşa sorğu nəticələrinə öz təsirini göstərəcək.
Doğru məlumatlar əldə etmək üçün başqa metodlar da olmamış deyil. Anket sorğusu ilə əhalidən soruşmaq ki, filan məsələyə münasibətiniz necədir, bu səhvdir. Metodik cəhətdən də düzgün sayılmaz. Gizli sorğu deyirlər. Sualları dolayı yolla verirsən, virtual soruşursan, mütəxəssis sonda özünə lazım olan cavabı alır. Bu şeyləri mən kifayət qədər dərindən bilirəm. Çünki istifadə də etmişəm. 1974-cü ildən Azərbaycanda sorğular keçirməyə başlamışam. Çoxlu sayda sorğularım olub. Bir ölkədəki siyasi gərginlik var, o ölkədə siyasi mövzuda sorğu keçirmək metodoloji baxımdan səhvdir. Oradakı sorğu nəticələrinə inanmaq olmaz. Rusiyada uzun illərdir ki, məlum təbliğat işləri gedir, imperiya əhval-ruhiyyəsi formalaşdırılır. Orada nələrin baş verdiyini hər kəs görür. Jirinovski kimilər, yəni imperiya təbliğatçıları həyatdan getsələr də, o düşüncədə olanlar Rusiyada qalmağa davam edirlər. Bu cür təbliğat belə sorğuların ortaya çıxmasına da şərait yaradır. Belə sorğuların nəticələri ilə obyektiv rəy yürütmək mümkün deyil”./“Yeni Müsavat”/скачать dle 12.1