Bia.Az

İngiltərəli feldmarşalın qaragül papağı – Montqomeri SSRİ-də böyük ehtiramla qarşılanıb

Cəmiyyət
 14-10-2022, 13:41     193

II dünya müharibəsi tarixinə adı qızıl hərflərlə həkk olunan sərkərdələrdən biri də britaniyalı feldmarşal Bernard Montqomeri olub. Alman faşizmi üzərində qələbənin təmin olunmasında feldmarşalın adı müttəfiq ölkələrdəki həmkarlarıyla, Georgi Jukov və Duayt Eyzenhauerlə birgə çəkilib. Təsadüfi deyil ki, Montqomeri müharibədəki xüsusi xidmətlərinə görə Britaniyanın ən ali mükafatları ilə yanaşı, SSRİ-nin də ən ali mükafatına, cəmi 17 nəfərə verilmiş “Qələbə” ordeninə layiq görülüb.

Müharibə illərində Montqomeri tərkibinə 1-ci Amerika ordusu, 2-ci Britaniya ordusu, 1-ci Kanada ordusu daxil olan müttəfiqlərin 21-ci ordu qrupuna başçılıq edib, o, eyni zamanda müttəfiqlərin Avropadakı quru qoşunlarının komandanı vəzifəsini də daşıyıb.
Müharibədən sonra Montqomeri 1946-1948-ci illərdə krallıq ordusunun baş qərargahının rəisi vəzifəsinə təyinat alıb və bu vəzifədə olarkən SSRİ-yə rəsmi səfər edib.
monti_.jpg (121 KB)
Səfər 1947-ci ilin yanvar ayı üçün nəzərdə tutulub. Səfərə hazırlıq işləri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahına və Xarici İşlər Nazirliyinə həvalə edilib. O cümlədən səfər çərçivəsində Montqomeri ilə İosif Stalinin görüşü də planlaşdırılıb. Bu haqda Stalinə məlumat verəndə, planı açıqlayanda o, proqrama bəzi əlavələr edib. Stalin səfərin sonunda öz adından britaniyalı feldmarşala ziyafət verilməsini də proqrama daxil edib.
Hazırlıq ərəfəsində baş qərargah rəisi marşal Aleksandr Vasilevskini britaniyalı həmkarına hansı hədiyyəni verəcəyi çətinliyə salıb. O, qərargah zabitlərini yanına yığaraq təkliflərini dinləyib. Təkliflərdən böyük bir siyahı yaranıb, milli musiqi alətləri, müharibə dövründən qalmış xəritələr, Stalin haqqında çap olunmuş kitab, milli geyimlər və s. Bu siyahıda yer alanlardan heç biri marşalın ürəyincə olmayıb.
Nəhayət, zabitlərdən biri öz “əl işini”ni Vasilevskiyə təqdim edib. O, adi bir kağızın üzərində Montqomerinin başında qaragül quzusunun dərisindən hazırlanmış papaqda və yaxalığı eyni dəridən olan hərbi paltoda (sovet ordusunda ali rütbəli zabitlər belə palto və papaqları xüsusi tədbirlərdə geyiniblər) şəklini çəkib. Marşal əsəbi şəkildə tabeliyində olan zabitdən soruşub:
б51Снилор876мок.jpg (125 KB)
- Siz təklif edirsiniz ki, bu cızma-qaranı feldmarşala hədiyyə edək? Bəlkə siz ümumiyyətlə düşünmə qabiliyyətinizi itirmisiniz?
- Xeyr, yoldaş marşal. Siz yəqin ki, məni anlamadınız. Mən təklif edirəm ki, britaniyalı feldmarşala sovet ordusunun ali rütbəli zabitlərinin xüsusi papaq və paltosunu hədiyyə edək.
Bu təklif Vasilevskinin əsəblərinə su çiləyib. Marşal ayağa qalxaraq əlini zabitin çiyinlərinə qoyub:
- Sən hədiyyə məsələsində əsl “nəhəng”sən.
Baş qərargaha dərhal tanınmış dərzilər dəvət olunub. Montqomerinin şəklini həyatda real olduğu qədər böyüdüblər. Dərzilər bu şəklin üstündə ölçüləri götürüblər və işə başlayıblar.
Zaman yetişib, Montqomeri hava limanında böyük təntənə ilə qarşılanıb. Hər şey plan üzrə gedib, rəsmi tədbirlər, sənədlərin imzalanması, görüşlər, gəzintilər və s.
original.png (589 KB)
Nəhayət, baş qərargahda britaniyalı feldmarşala papaq və palto təqdim edilib. Montqomeri hədiyyələri böyük həvəslə qəbul edib və elə həmin görüşdə də geyinib. Papaq öz ölçüsündə olsa da, palto feldmarşalın əyninə böyük gəlib. Montqomeri tərcüməçi vasitəsilə hədiyyələrə öz münasibətini bildirib:
- Ürəyimcə olan hədiyyələrdir, çox xoşuma gəldi. Amma təəssüf ki, palto əynimə bir az böyükdür. Yəqin ki, bunu düzəltmək olar.
Tərcüməçi onun dediklərini Vasilevskiyə deyəndə, marşal bildirib ki, bu məsələdə heç bir problem ola bilməz, biz paltonu dərziyə verəcəyik, o sabah onu lazımi ölçüdə qaytaracaq.
Montqomeri Vasilevskinin fikri ilə razılaşmayıb:
- Niyə sabaha saxlamalıyıq? Məncə, bu çox vaxt aparan iş deyil. Mən burada gözləyərəm, elə indi düzəltsin.
а5original.png (652 KB)
Bu cür təkid marşalı və görüşdə iştirak edən generalları təəccübləndirib. Ancaq nə etməli, qonağın istəyini reallaşdırıblar. Dərhal paltoni tikən dərzinin arxasınca maşın göndəriblər. Montqomeri ilə Vasilevski kabinetdə çay işəndə dərzi qəbul otağında öz işini görüb. Hər şey feldmarşalın ürəyincə olub.
Səfərin sonuncu günü Montqomeri ilə Stalinin görüşü keçirilib. Kremldə feldmarşalın şərəfinə ziyafət təşkil olunub. Montqomeri görüşə bir-iki dəqiqə qalmış Kremlə gəlib. O, içəri girəndə geyimi ilə Vasilevskini yenidən təəccübləndirib. Vasilevski Stalinlə görüş otaqğına sovet paltosunda və papağında gəlib. Protokol qaydalarına görə britaniyalı marşal sovet lideri ilə görüşə öz milli formasında gəlməli imiş. Amma Montqomeri bu qaydanı pozub. Stalin içəri daxil olanda feldmarşalın bu geyim forması onun təbəssümünə səbəb olub. Montqomeri marşal formasında olan Stalinlə şəkil çəkdirməyi təklif edib. Stalin şəkildə təbəssümlə, Montqomeri isə ciddi formada.
Ziyafət isti mühitdə keçib. Feldmarşal üst geyimini çıxarıb. Onun hərbi formasındakı “Qələbə” ordeni isə süfrə arxasına yığışan qalibləri bir-birinə daha mehriban edib.
İlham Cəmiloğlu, Musavat.comскачать dle 12.1