Bia.Az

Deputatın QUZU MƏZƏSİ... - Gərək deməyəydi...

Cəmiyyət
 14-10-2022, 12:52     206

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, deputat Tahir Rzayev “məsum deputat”lardandır. Yəni dindirməsən, bəlkə də lap dindirsən də danışmayan deputatlardandır. Düz 2005-ci ildən Milli Məclisdə oturur. Bəli, məhz oturur. Çünki indiyə qədər ölkədə baş verən hər hansı məsələ ilə bağlı Məclisdə bir dəfə də ağzını açıb “mə” eləməyib.

“Mə” demiş, bu günlərədə deputat Tahir müəllim bir qəza edib - mətbuata qiymət artımı ilə bağlı açıqlama vermək qərarına gəlib. Gərək etməyəydi. Nə isə, artıq məsləhət vermək yeri deyil, gecdir – başa gələn çəkilər.

Bəli, ölkənin aqrar siyasəti ilə bağlı qanunları götür-qoy eləyən bu detutat ətin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib ki, həm pulunuza heyfiniz gəlsin, həm də canınıza qıymayın: "Quzu ətinin daha çox istifadə olunması faydalı deyil. Baxırsan ki, hamı 7-8 kiloluq quzuya həvəs göstərirlər. Belə olan halda bir gündə minlərlə heyvan qırılır. Bu, heyvandarlığa ziyandır. Guya, quzu ətinin tərkibi yaxşıdır, kalorilidir. Əslində, onun kalorisi digərlərindən yüksək deyil".

Bax aqrar siyasəti belə yönləndirərlər. Axı siz niyə quzu əti yemək istəyirsiniz ki, ət də bahalaşsın. Demək, günah ətyeyənlərdədir. Onlar quzu əti yeməsə, quzu əti bahalaşmaz. Gözəl məntiqdir. Burdan görünür ki, adam nahaq yerə 17 ildir Milli Məclisdə oturmur ki? Bildiyi bir şey var ki, o mandatı ona veriblər.

Hələ deputat Tahir Rzayev uzaqgörən iqtisadçı kimi sözü fırladıb gətirib bazarlardakı monopoliyaya da calayıb: “Heyvanların rayondan alınıb şəhərə gətirilməsində monopoliya var”, - deyib. Doğru deyib. Doğru deyib də, bəs bu monopoliyanın qarşısını kim almalıdır? Onu da ətyeyənlər etməlidir? Bu ritorik suallara da yəqin deputatin yaxşı cavabları ola bilərdi…

Monopoliya demiş: Görəsən, Azərbaycanda monopoliya olmayan sahə var?

Məsələn, üç il bundan əvvəl, hələ pandemiya başlamamış zamanlarda, bir tanışım söhbət zamanı dedi ki, Almaniyadan 6500 dollara minik maşını alıb gətirən qardaşından “xoşniyyət” gömrükçülərimiz 8 min manat pul istəyiblər. Niyəsini soruşanda, deyiblər 8500. “Şikayət edəcəm”, - deyəndə deyiblər, ümumiyyətlə, 9 min gətirməsən maşını “raztamoşka” eləməyəcəyik, çünki sən “filankəs” müəllimin sahəsinə girirsən. Deməli, tanışımın adını çəkməyi lazım bilmədiyi o “filankəs” müəllim monopolistdir. Ölkəyə maşınları ancaq o gətirə bilər. Və ya kimin nə hünəri var sərhəddən iki qutu dərman preparatı keçirsin. Tutub o dərmanları adamın özünə yedirərlər. Hələ bu onkoloji xəstələr üçündürsə, heç nə, ölünü qoy kənara, dirini ağla.

Bu günlərdə bir satıcı mənə dedi ki, işıq lampaları monopoliyadadır. “Bizim nə həddimiz var lampa gətirək, gömrükdə bizə elə qiymət oxuyarlar ki, bir lampa bizə üç qat baha başa gələr. Gətirirlər, biz də onlardan alıb satırıq. Gətirən çox olasa, lampa nədir ki, qəpik-quruşa başa gələr”, - dedi.

Bütün bunlar bir yana, bu yaxınlarda Füzuli rayonuna getmişdim, maşının təkərinə hava vurdurmaq üçün təkər təmiri yerinə getdim. Usta məndən əvvəl gəlmiş yük maşınının təkərini dəyişirdi deyə gözləməli oldum. Yük maşınının sahibi işinin düz gətirmədiyindən gileylənirdi. Mən də sakit durmayıb: “İş nə çox, odur bax elə bu rayonun işğaldan azad edilmiş ərazilərində yollar çəkilir, sənin “KamAZ”ına da ehtiyac var, niyə gedib işləmirsən”, - dedim.

Adam elə bil köz üstünə yıxıldı: “Hanı o iş, gedək mənə göstər? Getmişdim də, məni qəbul edən şirkət işə götürmədi, göndərdi Bayram adlı birinin yanına. Ay kişi, şirkət özü qəbul eləmir, göndərir bir "g.." nin yanına, gedirsən bu Bayram da deyir ki, hər gün mənə on manat verəcəksənsən. Razısansa, gəl işlə. Qardaş, mən maşının kreditinə verim, onun təmirinə verim, yoxsa, orda oturan o monopolisti yedirim? Mənim ailəm-uşağım var axı? Orda işləyən sürücülər üç aydır maaşlarını ala bilmir, amma bu xüsusi səlahiyyətli Bayram duru yerindən ona çatacaq pulu hamıdan qabaq alır. Burda da monopoliya yaradıblar. Adam yanıb tökülür. İşləyən qalıb kənarda, işləməyənlər pullarını vaxtı-vaxtında alaırlar”.

Doğrusu, bu cavabı gözləmirdim. Ölkənin hər yerində monopoliya olduğunu bilirdim, amma Qarabağda tikinti aparan şirkətlərin daxilində yaradılan bu çıqqılı monopolistlərdən xəbərim yox idi.

Tahir müəllim düz deyir: “Monopoliya var”. Özü də istənilən sahədə var, amma bu aşağıdan yaranmır, sizin də olduğunuz "yuxarıdan" gəlir, cənab deputat.
Qadir HƏZİ
//bizimyol.info//скачать dle 12.1