Bia.Az

PUTİN UKRAYNADAN GERİ ÇƏKİLƏRSƏ... – Kremldə düşünürlər ki, 8 ay öncəki vədlər xalqın yadından çıxıb

Gündəm
 14-10-2022, 11:31     248

Ukrayna müharibəsi artıq Rusiyanın geostrateji mövqe uğrunda mübarizəsi statusundan çıxaraq, onun ümumilikdə mövcudluğu məsələsinə çevrilir. Belə görünür ki, Ukrayna döyüş pladsdarmı kimi Rusiyanın gələcək taleyini müəyyənləşdirəcək.

Sual oluna bilər ki, əgər müharibəyə başlamasaydı, Rusiya bir dövlət kimi məhvmi olacaqdı? Ukraynaya hücum edilməsəydi, Rusiya tarix arenasından silinəcəkdimi, parçalanacaqdımı? Görəsən, Rusiyanı hansı risklər gözləyirmiş ki, o, qonşusuna təcavüz edərək bunların qarşısını almağa girişib?
Müharibədən öncə Kreml rus xalqına deyirdi ki, belə gedərsə, Ukrayna NATO-ya girəcək və alyans gəlib sərhədimizdə dayanacaq, ona görə də “Kiyev xuntası” hakimiyyətdən salınmalı və silahsızlaşdırılmalıdır. İndi isə Putin təklif edir ki, Ukrayna ilə sülh bağlanılsın və bu müqavilədə Krım və yeni işğal edilmiş vilayətlər Rusiya ərazisi kimi tanınsın. Tutaq ki, bu, baş tutdu. Deməli, onda Moskvanın məntiqindən belə çıxır ki, Ukrayna artıq silahsızlaşdırılmayacaq, “Kiyev xuntası” yerində qalacaq və Ukrayna NATO-ya üzv olacaq.
Müharibədən öncə Putin xalqa müraciətində deyrdi ki, NATO Ukraynanı öz cənginə alarsa, o zaman alyans Moskvaya nüvə zərbəsi endirmək üçün lap yaxına gəlmiş olacaq. Bəs, indi sülh müqaviləsi imzalanarsa, nə dəyişəcək? Kremldə düşünürlər ki, səkkiz ay bundan öncə səsləndirilən bəyanatlar xalqın yaddaşından silinib...
Belə görünür ki, Vladimir Putin yenə müharibənin gedişinə uyğun olaraq qərarlar verəcək. Bəllidir ki, müharibə yeni gərgin fazaya qədəm qoyub və o, hələ uzanacaq. Putin istəyir ki, rus xalqının psixologiyasını tədricən müharibə reallığına uyğunlaşdırsın və bu, normal həyat tərzi kimi qəbul edilsin. Putin müxtəlif manipulyasiyalar vasitəsilə öz taleyi ilə Rusiyanın taleyini eyniləşdirməyə, onları bir-birinə bağlamağa çalışır. Hələ müharibədən öncə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya da yoxdur” söyləyirdi. Kremldə elə şərait yaratmaq istəyirlər ki, Volodinin bu sözləri reallığı əks etdirsin.

Rusiya hakim elitası Putinə çox bağlıdır və bu sistemin təməli 22 ildir ki, qoyulub. İerarxik quruluş elə formalaşıb ki, o, ən kritik anlarda sarsılmasın, laxlayıb dağılmasın. Putin və komandası uzağa hesablanmış və şəxsi aqibətlər üzərindən hörülmüş bir tor qurub. Bu sxemin çokməsi və kollapsa uğraması üçün təlatümlü hadisələr baş verməlidir.
Ukrayna müharibəsi Putinin əsl xarakterini tədricən açmağa başlayır. Kremlin maskası yırtılıb və biz görürük ki, dövlət məvhumu bu adamlar üçün sadəcə pərdədir. Putin dor ağacı sınmış gəminin kapitanına bənzəyir və ona artıq gəmi lazım deyil. Hadisələr elə cərəyan edir ki, Putin Rusiyanın geostrateji maraqları yox, şəxsi taleyi barədə düşünmək məcburiyyətində qalıb. Putin və dostları Rusiyanı fiziki baxımdan özlərinə bağlamaq niyyətindədirlər. İkinci Dünya Müharibəsində Adolf Hitler və yaxın ətrafı Almaniyanı məhz bu hala salmışdılar. Müharibə nəticəsində Almaniya viranə qaldı və onun sonrakı taleyini müttəfiqlər necə istədilərsə, o cür də həll etdilər. Əgər onlar istəsəydilər, bundan sonra ümumiyyətlə, bəlkə də Almaniya adlı dövlət olmazdı.
Ukraynada müharibəni Rusiya hakimiyyəti və şəxsən Putin istəyib və o, qələbənin asan olacağını düşünüb. Putin indi Rusiyanın bütün hərbi imkanlarını işə salacaq və çalışacaq ki, Ukraynanı Suriyaya döndərsin. Ancaq Ukrayna Suriya deyil və Suriyadan fərqli olaraq Qərb Ukraynaya hərbi, maliyyə və humanitar yardımlar göstərir.
Heç şübhə yoxdur ki, Rusiyanın əlində müxtəlif tipli raketlər var və müharibə başlayan gündən bunlardan müntəzəm olaraq istifadə edilir. Döyüş meydanında geriləyən Rusiya ordusu bu məğlubiyyətini raket zərbələri ilə kompensasiya etməyə cəhd göstərir. Kreml Ukraynanı bombalamaqla Kiyevi danışıqlar masası arxasına çəkməyə çalışır. Ukrayna Hava Hücumundan Müdafiə sistemləri mükəmməl səviyyədən uzaqdır və ruslar bunu yaxşı bilirlər. Doğrudur, atılan raketlərin bir qismi vurulur, lakin raket zərbələrinin sayı çox olduğundan onların hamısını zərərsizləşdirmək mümkün deyil. Ukraynanın iri yaşayış məntəqələrinə “X-101”, “X-55”, ”Kalibr” və “S-300”-lərlə (yer-yer tipli raket kimi istifadə edilir) güclü raket zərbələri endirilir. Mütəxəssislərin dəyərləndirməsinə görə, Rusiyanın son günlər Ukrayna şəhərlərinə atdığı raketlərin ümumi dəyəri 500 milyon dollara yaxındır.

“Ramştayn qrupu” Ukraynanı Norveçin “NASAMS”, Almaniyanın “IRIS-T” sistemləri ilə təchiz edəcəyini bəyan edib. Yəqin ki, müəyyən bir vaxtdan sonra Ukrayna Ordusu ABŞ-ın ən qabaqcıl Hava Hücumundan Müdafiə sistemi olan “Patriot” zenit kompleksləri ilə də təmin olunacaq.
Hazırda Moskvada vəziyyət gərgindir, Putinin ən böyük kozırı nüvə silahı olsa da, ondan istifadə özü ilə birlikdə böyük problemlər gətirə bilər. Nüvə bombasının atılmasından sonra nələr yaşanacağı Putinə və ətrafındakılara məlum deyil, əks halda onlar taktiki nüvə bombasından həvəslə istifadə edərdilər.
Əgər Rusiya Ukraynadan indi geri çəkilərsə, bu, Putinin hakimiyyətdən devrilməsi və onun həbsi ilə nəticələnə bilər. Bundan sonrakı mərhələdə Rusiya müəyyən problemlər və iğtişaşlarla üzləşsə də, qısa müddət ərzində ölkə özünə gələr.
Ancaq müharibə uzandıqca ortalığa Putinin aqibəti ilə yanaşı, Rusiyanın taleyi də gətiriləcək. Çünki müharibə bundan sonra daha böyük pullar və canlar tələb edəcək. Rusiyanın əhalisi hələ tam mənasıyla müharibəni öz üzərində yaşamır. Müharibənin ilk günlərindən səfərbərliyə qədər ruslar divanda oturub Ukrayna müharibəsini sanki virtual olaraq “playstation”da oynayırdılar. Virtual aləmdə Rusiya ordusunun qızğın tərəfdarlarını indi real döyüşə aparırlar. Bu virtual qəhrəmanlar isə döyüşmək istəmirlər. Odur ki, Rusiya əhalisi üçün ən çətin günlər hələ qabaqdadır./“AzPolitika.info”/скачать dle 12.1