Bia.Az

Həyəcan siqnalı: Bakı xəstəliklər, ölüm mənbəyinə çevrilir - ÇAĞIRIŞ

Sosial
 14-10-2022, 10:46     261

İqtisadçı ekspert Rövşən Ağayev Bakının ekoloji cəhətdən əlverişsiz şəhər olmasına dair fikirlər səsləndirib. Onun sözlərinə görə, paytaxtda yaşıllıq sahələrinin həcminin az olması bunu şərtləndirən əsas amildir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir - ümumi ərazinin hətta 0.5 faizi belə, yaşıllıq sahəsi deyil. Müqayisə üçün deyim ki, bu göstərici 2,4 faiz İstanbulda, 2.2 faiz Tokioda, 7,5 faiz Parisdə, 9.5 faiz Berlində, 14,4 faiz Nyu-Yorkda, 27 faiz Londonda, 33 faiz Vyanada, 45 faiz Osloda təşkil edir”.

İqtisadçı əlavə edib ki, yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi nəzərdə tutulur: “Bakının 0.5 faizlik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir. Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsi ilə nəhəng tikinti meydançasına çevrilib. Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək iki böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqrafik və nəqliyyat böhranına səbəb olub”.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin üzvü, iqtisadçı Vahid Əhmədov məsələ ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, son illər paytaxtda həyata keçirilən tikililər yaşıllıqların qəniminə çevrilib: “İqtisadçı Rövşən Ağayevin fikirləri ilə tam həmrəyəm. Bəli, bu gün Bakıda ekoloji böhran hökm sürür. Bunun da əsas səbəbi tikililərdir. Çox təəssüf ki, kim harada və necə gəldi binalar inşa edir. Yaşıllıqları məhv edir, qazanc mənbəyinə çevirirlər. Bəzi hallarda dövlət qurumları da buna göz yumur. Nəticədə insanların sağlamlığı təhlükə altına düşür”.

“Hesab edirəm ki, yaşıllıqları qorumaq rəsmi dairələrin əsas vəzifələrindən biri olmalıdır. Bu gün İstanbulda yaşıllıq sahələri Bakıdan 5-6 dəfə çoxdur. Digər şəhərlərdə isə bu rəqəm daha böyükdür. Şəhəri gözəlləşdirmək olar, yüksək görünüşlü binalar da inşa etmək olar. Amma bu binalar nə yaşıllığın gətirdiyi gözəlliyi, nə də sağlamlığı əvəz edir. Təkcə Bakıda deyil, Abşeron ərazisində də analoji vəziyyət hökm sürür. Müvafiq qurumlar bununla bağlı xüsusi proqram hazırlamalıdır”, - deyə deputat bildirib.

Əhmədovun sözlərinə görə, Bakı artıq çox yüklənib və bu yükdən xilas olmalıdır: “Bunun üçünsə regionlarda yeni iş yerləri yaardılmalı, region əhalisi həmin işlərə cəlb edilməlidir. Heç kim kefindən Bakıya gəlmir. Əksər hallarda paytaxta köçmələrin əsas səbəbi məşğulluq problemidir. Cənab Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edib, müvafiq qurumlar yaradıb. Onlar zəhmət çəksinlər bu problemi həll etsinlər. Paytaxtı yükdən azad etmək üçün alternativ şəhərlər salınmalıdır. Bu şəhərlər Qaradağ rayonu ərazisində də yerləşə bilər, Qarabağda da, digər yerlərdə də. Alternativ şəhər yaradılması paytaxtı bu yükdən xilas edəcək və proporsional bölünmə təmin olunacaq. Uzun illərdir bununla bağlı təkliflər səslənir. Artıq nəzəri mərhələdən əməli mərhələyə keçmək zamanıdır”.

BİA.AZ-ın məlumatına görə, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov da AYNA-ya şərhində paytaxtda adambaşına düşən yaşıllıq sahələrinin sürətlə azalmağa doğru getdiyini söyləyib “Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Əslində bu qərarın özü məntiqsizdir. Orada qeyd edilir ki, adambaşına düşən yaşıllıq 5 kvadrat metr olmalıdır. Nəyə görə, hansı səbəblə? Buna aydınlıq gətirən yoxdur”.

“Biz dünya təcrübəsinə istinad etsək, görərik ki, digər şəhərlərdə yaşıllıqlar daha çoxdur. Bizdə isə yaşıllıqlar nəinki qorunmur, əksinə, məhv edilir. Buna son qoymaq lazımdır. Müvafiq qurumlar hərəkətə keçməlidir. Düzdür, son dövrlər ağacları kəsənlərə qarşı tədbirlər görülür, lakin bu, kifayət deyil. Daha ciddi addımlar atılmalıdır”, - deyə həmsöhbətimiz vurğulayıb.

Zeynalovun qeyd etdiyinə görə, Bakının əsas problemlərindən biri də paytaxta insan axınıdır: “Meqapolis böyüyür. Bu gün ölkə əhalisinin yarıya qədəri paytaxtda yaşayır. Bu, çox ciddi rəqəmdir. Həm də həyəcan siqnalıdır. Bu rəqəm nəinki azalmır, əksinə, get-gedə artır. Bunun da əsas səbəblərindən biri məşğulluq problemləri, inşaatın çox olması, nəticə etibarilə insanların paytaxta üz tutmasıdır. Aqrar sektora diqqət artarsa, əhali əkib-becərməklə məşğul olarsa, bu problem də aradan qalxar. Qayda budur, şəhər böyüdükcə, yaşıllıqlar da məhv olacaq. Belə olduqda isə xəstəliklər və ölümlər artacaq. Biz göz görə-görə həyatımızı təhlükəyə atırıq. Buna yol vermək olmaz! Hökumət orqanları təcili hərəkətə keçməli, heç olmasa bundan sonrakı dövrdə alternativ variantlar üzərində işləməlidir. Əks halda vəziyyət daha dözülməz xarakter alacaq”.
скачать dle 12.1