Bia.Az

Rus hərbi əsirlərinin ağrılı tarixçəsi – “The Moscow Times”

Cəmiyyət
 13-10-2022, 15:56     173

“Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə “Könüllü təslim olma” maddəsinin salınmasını nəzərdə tutan düzəlişi təsdiqləməklə rusiyalı hərbi əsirlərin vətənə dönməsinin acınacaqlı tarixçəsinə yeni bir səhifə əlavə edib”. Novator.az-ın məlumatına görə, Rusiyanın ingilis dilində çıxan “The Moscow Times” qəzetində dərc edilmiş məqalədə belə deyilir.

Prezident Putin sözügedən düzəlişi sentyabrın 24-də imzalayıb. Yeni maddəyə əsasən, könüllü əsir düşən rusiyalı hərbçi 3 ildən 10 ilədək müddətə azadlıqdan məhrum oluna bilər.
“The Moscow Times” qəzetinin “Rus hərbi əsirlərinin uzun və amansız tarixçəsi” başlıqlı məqaləsində bildirilir: “1939-cu ilin noyabr ayının 30-da Sovet İttifaqının rəhbəri İosif Stalin Finlandiyaya hücum əmri verərkən bu müharibənin üç günə Moskvanın qələbəsi ilə bitəcəyini düşünürdü. Lakin Sovet İttifaqı üç aylıq döyüşlərdə də qalib gələ bilmədi. Üstəlik, Stalinin heç gözləmədiyi halda 6 min nəfərə yaxın sovet hərbçisi təslim oldu. Onların arasında komandirlər, komissarlar da var idi.
1940-cı ilin mart ayının 13-ü Moskvada sülh müqaviləsi imzalanandan sonra Stalin bütün sovet ordusuna dərs vermək qərarına gəldi. Əsirlikdən qayıdan hərbçilərin 500-dən çoxu güllələndi. Qalanlarının demək olar hamısı QULAQ-a salındı (QULAQ – Stalin hakimiyyəti illərində SSRİ-nin məcburi əmək düşərgələrini idarə etmiş dövlət qurumunun – İslah-Əmək Düşərgələri Baş İdarəsinin rusca adının qısaltmasıdır). Onlardan yalnız 450 nəfəri QULAQ-dan sağ çıxa bildi.
Əslində QULAQ-a salınan keçmiş əsirlər bəxti gətirmişlər kimi qəbul olunmalıdır. Çünki o dövrdə Cinayət Məcəlləsi könüllü əsir düşənin güllələnməsini nəzərdə tuturdu. Ona görə keçmiş əsirin həbs cəzasına məhkum edilməsi “humanist akt” kimi qəbul edilirdi”.
Məqalədə nasist Almaniyasının 1941-1945-ci illərdə SSRİ ilə müharibəsində, 1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanla apardığı müharibədə də xeyli sovet əsgər və zabitinin əsir düşdüyü, onlardan vətənə qayıdanların ağır aqibətlə üzləşdiyi bildirilir.
Daha sonra hazırkı Rusiya-Ukrayna müharibəsinə toxunulur. Qeyd olunur ki, 1939-cu ildə Stalin hansı durumda idisə, Putin də indi o vəziyyətdədir: “Putin də 2022-ci il fevralın 24-də Ukraynaya hücum əmri verəndə üç günə qələbə çalacağını düşünür, yüzlərlə Rusiya əsgərinin təslim olacağını ağlına gətirmirdi.
Rusiya-Ukrayna müharibəsinin ilk dörd günündə 200 rusiyalı hərbçi əsir düşüb. Mart ayında isə rusiyalı hərbi əsirlərin sayı 562 nəfər olub. Hazırda rəsmi statistika olmasa da, ümumilikdə bu müharibə dövründə minə yaxın rusiyalı hərbçinin əsir düşdüyü güman edilir.
Rusiya əsgərləri üçün təslim olmaq sağ qalmağın ən bəsit yoludur. Xüsusilə nəzərə alaq ki, indi rusiyalı hərbçilər üçün təslim olmaq psixoloji baxımdan da yetərincə asandır: “düşmən” onların dilində danışır.
Rusiyada hərbi tribunalların könüllü təslim olmanı necə müəyyən edəcəyi hələ bəlli deyil. Təslim olma müəyyən mənada həmişə könüllü hərəkətdir, çünki insan ölümlə həyat arasında seçim edib, yaşamağı seçib təslim olur.
Hələlik yalnız bir məsələ aydındır: Putinin əsgərlərini döyüşə həvəsləndirmək imkanı yoxdur, o yalnız qorxu metodundan istifadə edir. Bu isə açıq-aşkar ondan xəbər verir ki, Putin Ukrayna ilə müharibədən qalib çıxa bilməyəcək”.
Mənbə: Themoscowtimes.comскачать dle 12.1