Bia.Az

Çavuşoğludan ilginc açıqlama - sülh sazişində razılaşdırılmayan məqamlar hansılardır?

Siyasət
 13-10-2022, 10:53     190

İlin sonunadək sülh sazişinin imzalanacağı barədə anonsların edildiyi bir vaxtda Qarabağ separatçıları və Ermənistan yenə pozuculuq xəttini işə saldı

Praqadakı dörtərəfli görüşdən sonra sülh gündəliyi üzrə müzakirələr nəzərəçarpacaq dərəcədə intensivləşib. Düzdür, prosesi pozmağa yönəlik cəhdlər də müşahidə edilməkdədir. Məsələn, Avropa İttifaqının Ermənistana müşahidəçilər göndərmək niyyəti şimal qonşumuzda qıcıq doğurub və bununla paralel olaraq sərhəd bölgələrdə yenə də təxribatlar müşahidə olunur.
Əksər müşahidəçilər bu fikirdədir ki, 44 günlük müharibədən sonra üçtərəfli bəyannamənin imzalanmasına nail olan, bölgəyə hərbi kontingentini gətirən Rusiya sülh təşəbbüsünün əldən çıxmaması üçün ən müxtəlif variantlara əl ata bilər. Ötən həftə Praqadakı məlum görüşlərdən əvvəl Rusiya da XİN-in xüsusi nümayəndəsi vasitəsilə sülh sazişinin “rus variantı” ilə bölgəyə səfər etmişdi. Azərbaycanın rəsmi mövqeyi isə bundan ibarətdir ki, sülhə nail olmağa xidmət edən bütün təklifləri müzakirə etməyə hazırdır.
Əlbəttə, bütün hallarda bu müzakirələrdə Türkiyənin də iştirakı var və qardaş ölkə ilə atılacaq addımlar məsləhətləşilir. Bu səbəbdən sülh gündəliyinin hazırkı durumu barədə Türkiyə rəhbərliyinin də müfəssəl bilgiləri var. Elə Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir Nikol Paşinyanla ikilikdə və geniş formatda bir araya gəlməsi də iki qardaş ölkənin birgə fəaliyyətinin və məsləhətləşmələrinin əyani sübutudur. Bu baxımdan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması da kifayət qədər maraqlıdır. Çavuşoğlu deyib ki, Azərbaycanla Ermənistan sülh sazişinin əsas prinsiplərini razılaşdırıb: “Türkiyə münasibətlərin normallaşdırılması mövzusunda da səmimidir”. O, indiki vəziyyətdə Cənubi Qafqazda stabilliyin son dərəcə vacib olduğunu qeyd edib: “Amma təbii ki, Ermənistanın yaşadığı travmalar var. Biz 30 il ərzində işğal etdiyi torpaqları özününkü hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitdi, bundan sonra Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Ermənistan anlamalıdır ki, burada davamlı sülh üçün addımlar atmaq lazımdır”. Türkiyə XİN rəhbəri əlavə edib ki, son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: “Azərbaycanla Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var, bunu həyata keçirmək lazımdır”.
Belə aydın olur ki, əsas məsələlər razılaşdırılıbsa, yaxın zamanlarda, noyabrda Avropada gözlənilən görüşdə hansısa bir anlaşma sənədi, yaxud elə sülh sazişinin ilkin variantı rəsmən imzalana bilər. Bəs razılaşdırılmayan məqamlar hansılardır?
Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC
Sahib Alıyev: “Haylar Azərbaycan vətəndaşı olaraq Qarabağda qalıb yaşamaq istəsələr, buyursunlar...”
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara toxundu: “Regionda guya sülhün yaranmasında maraqlıymışlar kimi çıxış edən, bir-birinin moderatorluğu ilə baş tutan görüşlərə verdikləri reaksiyadan da göründüyü kimi, əslində ilk növbədə öz geosiyasi məqsədlərini reallaşdırmağa çalışan güclərin hamısı demək olar ki, Azərbaycanın irəli sürdüyü gündəliklə də, prinsiplərlə də, vaxt çərçivəsi ilə də razılaşıblar. Heç kimə sirr deyil ki, tərəflərin konkret vaxt çərçivəsində hərəkət etməli olduqları haqda həm ABŞ, həm də Avropa Birliyi adından səsləndirilən açıqlamalar və növbəti görüş üçün hətta dəqiqi tarixin bəlirlənməsi Azərbaycanın tələbidir. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyan etmişdi ki, bizim sülh təklifimiz masada əbədi qalası deyil. Ermənistan üzərinə götürdüyü öhdəliyə əməl etməyincə, o ölkənin rəhbərliyi ilə görüntü üçün danışıqlar keçirməyəcəyini də bütün qətiyyəti ilə Azərbaycan ortaya qoydu. Uzun çək-çevirdən, Qarabağda və sərhəddəki təxribatların qarşısı qətiyyətlə alınandan sonra Ermənistana geosiyasi alət kimi yanaşanlar anladılar ki, Azərbaycanın ordusun gücünə, xalqının birliyinə, liderinin qətiyyətinə və beynəlxalq normalara dayanan tələblərinə əməl etməkdən başqa yol yoxdur”. Deputat əlavə etdi ki, başqa yol savaşdan keçir: “Amma lokal toqquşmalardan da göründüyü kimi, savaş isə proksilərinə də, özlərinə də yaxşı nəsə vəd etmir. Bax, bütün bu faktorlar nəzərə alınaraq danışıqların Azərbaycanın diqtə etdiyi şərtlər şərçivəsində aparılmasına onlar razılıq verdilər. Amma deyilən vaxtda sülh anlaşması imzalanacaqmı və hətta imzalansa belə normallaşma prosesi nəzərdə tutulduğu kimi gedəcəkmi, açığı, mən bu məsələdə elə də nikbin deyiləm”. S.Alıyev qeyd etdi ki, bir məsələdə tam nikbindir: “Nə Qərbin arzuladığı Qarabağdakı hayların gələcəyi məsələsinin çoxtərəfli danışıqlar predmetinə çevrilməsi, nə də Rusiyanın istədiyi kimi, bunun sonraya saxlanması mümkündür. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev öz fikrini artıq bildirb. Kaliforniyada, Marseldə, yaxud da Krasnodarda yaşayan hayların gələcəyi Azərbaycanla danışıqlar predmeti olmadığı kimi, Qarabağda yaşayanlarınkı da digər dövlətlərlə danışıqlar predmeti ola bilməz. Nə indi, nə sonra! Haylar Azərbaycan vətəndaşı olaraq Qarabağda qalıb yaşamaq istəsələr, buyursunlar, biz necə, onlar da elə, təhlükəsizlikləri təmin ediləcək, hüquqları qorunacaq, istəməsələr, harada yollarını gözləyirlərsə, ora da gedə bilərlər”.
Bu yerdə zəruri əlavəyə ehtiyac var. Yazı çapa hazırlanarkən məlum oldu ki, oktyabrın 12-də Ermənistan Nazirlər Kabinetində baş nazir Nikol Paşinyan və Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyan arasında görüş keçirilib. Ermənistan hökuməti aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Armen Xaçatryan bildirib ki, görüş yenicə başa çatıb. “Belə görüşlər dövri xarakter daşıyır”, - o əlavə edib. Qeyd edək ki, bir neçə gün əvvəl Xankəndidə keçirilən aksiyada ermənilər Arutyunyanla görüş tələb etsələr də, o, meydana çıxmağa cəsarət etməmişdi. Bunun ardınca baş terrorçu dəstəsini də yığıb İrəvana, Paşinyanla görüşə getdi.
Azərbaycanda barəsində 4 maddə ilə cinayət işi qaldırılan və İnterpol xətti ilə axtarış elan olunan A.Arutyunyanın sülh danışıqlarında tərəf olan N.Paşinyan tərəfindən qəbul edilməsi prosesin pozulmasına yönəlik təxribat kimi də qiymətləndirilə bilər. Qeyd edək ki, Ermənistan rəsmiləri Azərbaycanla anlaşmaya hazır olduqlarını deyərkən Qarabağ ermənilərinin məsələsini ayrı məsələ kimi kənarda saxlamağa, hətta Bakını Xankəndi separatçıları ilə “danışıq aparmağa” çağırışlar edilər.
Bəzi xarici dairələrin maşaları cəmiyyəti çaşdırmağa çalışırlar”-Tural  İsmayılov
Tural İsmayılov: “Paşinyanın Azərbaycanın cinayət işi qaldırdığı bir terror rəhbəri ilə görüşməsi Ermənistanın riyakar siyasi mahiyyətini ortaya qoyur”
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan 44 günlük müharibə bitəndən bu yana qalıcı sülhün əldə edilməyi üçün əlindən gələni edib: “Özəlliklə, Ermənistanın etdiyi bütün provokasiyalara baxmayaraq Azərbaycanın davamlı sülh sazişinə artıq beynəlxalq birlik də adekvat reaksiyalar verir. Hazırda ölkəmizin mövqeləri qlobal siyasi sistemdə kifayət qədər sabit və güclüdür. Azərbaycan regional liderlikdən beynəlxalq siyasi mərkəzin ən vacib aktorlarından biri halına gəlib. Ölkəmizin mövqelərinin güclənməsi həm Qərb, həm də Şərq tərəfindən etiraf edilir. Azərbaycan Avrasiya materikində vacib klid nöqtəsi kimi, Avropa və Asiya üçün əvəzedilməz yerdir. Bu gün dünyada Prezident İlham Əliyevin nüfuzunun artmağı, əhəmiyyətli proseslərdə vacibliyi dövlətimizin mövqelərinin möhkəmlənməyi ilə müşahidə edilir. Demək olar ki, hər gün Azərbaycanın önəmi haqqında analitik yazılar yazılır, dünya mediasında hərtərəfli təhlil aparılır”.
T.İsmayılovun qənaətincə, ən önəmli məsələlərdən biri isə odur ki, Azərbaycan təkcə təhlükəsizlik, siyasi və iqtisadi anlamda deyil, hazırda bəşəriyyət üçün vacib əhəmiyyətə malik bir çox parametrlər üzrə həm Avropa, həm də Asiya üçün vacib qüvvədir: “Dövlətimizin başçısına həm Qərbdə, həm də Şərqdə böyük simpatiya var, onun yüksələn siyasi reytinqi Avropada da, Asiyada da maraqla qarşılanır. Belə olan halda bu gün regionun taleyini və gələcəyini Azərbaycan müəyyənləşdirir. Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh sazişinə razı olduğunu bildirib. Amma hesabda hələ də Ermənistandan istifadə edən qüvvələrin məkrli təxribatları var”. Politoloq qeyd etdi ki, eyni zamanda Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın razılaşmadığı məqamlar görünür: “Hesab edirəm ki, Çavuşoğlu razılaşdırılmayan məqamlar deyəndə bu nüansları nəzərdə tutur. Eyni zamanda Ermənistanın Azərbaycandan hansısa iqtisadi tələbləri ola bilər. Azərbaycan iqtisadi imkanları gerçəkləşməyi və Ermənistanın barış olacağı təqdirdə gələcəkdə kommunikasiya proseslərində iştirakında maraqlıdır. Bundan sonra bir növ hər şey Ermənistanın atacağı addımlardan asılıdır”.
T.İsmayılov bildirdi ki, sülhdən danışıldığı indiki məqamda Paşinyanın terrorçu Arayiklə görüşməsi Ermənistanın nə qədər qeyri-səmimi olduğunu bir daha göstərir: “Paşinyanın Azərbaycanın cinayət işi qaldırdığı bir terror rəhbəri ilə görüşməsi Ermənistanın riyakar siyasi mahiyyətini ortaya qoyur. Bu görüş daha çox daxili auditoriyaya yönəlsə də, biz informasiya təbliğatında bundan yararlana bilərik. Eyni zamanda həm də biz Paşinyanın Araiklə görüşünün iki ölkə münasibətlərini sabotaj etdiyini beynəlxalq birliyin diqqətinə çatdırmalıyıq. Paşinyanın Araiklə görüşü sülhlə bağlı proseslərə ancaq mənfi təsir edə bilər”.
Hələlik rəsmi Bakının Araik-Nikol görüşü ilə bağlı reaksiyası yoxdur, amma şübhə etmirik ki, olacaq. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir, amma danışıq, vaxtın uzadılması xatirinə aparılan danışıqlarda iştirak etmək niyyətində də deyil. Ermənistan rəhbərliyi oyunbazlığına son qoyub, qalib Azərbaycanın diqtə etdiyi şərtlərə əməl etməlidir, alternativ yoxdur!скачать dle 12.1