Bia.Az

Deputat dərman qıtlığına görə Səhiyyə Nazirliyini qınadı: - “Dövlətin səhiyyə siyasətinin həyata keçirilməsinə birbaşa cavabdehdir”

Sosial
 12-10-2022, 15:56     253

“Milli Məclisin oktyabrın 11-də keçirilən plenar iclasında da səsləndirildi ki, ölkədə dərman qıtlığı var. Hətta dərmanların konkret adlarını da dedilər. Həmkarımız Rəşad Mahmudov da bunu təsdiqlədi. Mətbuatda da bu barədə yazılır. Bu məsələni mətbuat nümayəndləri haqlı olaraq gündəmdə saxlayırlar. Çünki bu, insanların sağlamlığı ilə bağlı problemdir. İnsan yeməyində, qidasında nəyisə azalda, artıra bilər, amma təcili lazım olan dərmanları nə ilə əvəz edə bilər? Bu, heç nə ilə əvəzolunası deyil. Xüsusilə ölkədə cərrahiyyə əməliyyatlarında istifadə olunan dərmanların qıtlığının yaranması ürəkağırdan məsələdir”.

BİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat ölkədəki dərman qıtlığının səbəblərini sadalayıb: “Sözsüz ki, bəzi dərmanların qıtlığını Rusiya-Ukrayna müharibəsi ilə bağlamaq olar. Çünki Ukraynada, demək olar, həyat dayanıb, zavodlar, əczaçılıq sənayesi fəaliyyətini tam dayandırmasa da, əvvəlki gücləri ilə işləmir. Bundan əlavə, ölkəyə idxal məsələsində də problem var. Ukraynanın bütün ərazilərində total müharibədir. Buna görə loqistik, daşınma, karqo məsələsində də müəyyən problemlər mövcuddur. Ölkəmizdə səhiyyə müəssisələrində defisit olan dərmanların əksəriyyəti Rusiya və Ukraynadan gətirilənlərdir. Digər tərəfdən isə hər şey hədsiz dərəcədə bahalaşıb. Kəskin bahalaşma, ola bilsin ki, dərman işi ilə məşğul olan sahibkarlara da sərf etmir. Hər halda hökumətin müvafiq qurumları, səhiyyə strukturları, xüsusilə Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələyə qarşı ciddi olmalı, məsuliyyətlə, həssaslıqla yanaşmalıdırlar”.

M.İbrahimqızı Səhiyyə Nazirliyinin ölkədəki dərman çatışmazlığı ilə bağlı yaydığı açıqlamanı da qınayıb: “Bu gün Səhiyyə Nazirliyinin açıqlamasını oxudum, sözün açığı, üzüldüm. Nazirlik məlumat yayıb ki, ölkədə dərman çatışmazlığı problemi Səhiyyə Nazirliyindən qaynaqlanmır. Səhiyyə Nazirliyi dövlətin səhiyyə məsələlərini həyata keçirən institutlaşmış ən yüksək ali icra strukturudur. Yəni nazirlikdən üstün səhiyyə strukturu yoxdur. Ona görə də dövlətimizin səhiyyə sahəsi, əhalinin sağlamlıq məsələləri ilə bağlı siyasətinin həyata keçirilməsinə bilavasəitə Səhiyyə Nazirliyi cavabdehdir. Nazirlik bu məsələdə TƏBİB-lə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, hətta əczaçı sahibkarlarla da təxirə salınmaz təcili müşavirə, iclaslar keçirməli, qıtlığın səbəbini aydınlaşdırmalı idi. Problem hardan qaynaqlanırsa, aradan qaldırılması ilə bağlı konkret tədbirlər görməli idi. Ya nazirlik bunu özü etməli idi, gücləri çərçivəsində həll olunmursa, sözsüz ki, ölkə rəhbərliyi, hökumətin, Baş nazirin qarşısında məsələ qaldırmalıdır. Kimsə üstündən atıb desin ki, “bu problem bizdən qaynaqlanmır”, hesab edirəm, bu, düzgün deyil. Ərzaqla bağlı qıtlıq olsa, hansısa qida məhsulu çatışmasa, heç kim bunu dərd etməz, ajiotaj yaranmazdı. Amma dərman elə şeydir ki, artıq sondur, insan necə dərmansız dözə bilər? Vaxtilə ərzağı Avropadan, inkişaf etmiş ölkələrdən daşıyıb gətirirdik, indi orda belə qıtlıq varsa, təbii ki, Azərbaycanda da ola bilər. Bu da əvvəlcə COVİD-19 pandemiyasının ağır təsirindən qaynaqlandı. Sonradan isə Rusiya-Ukrayna müharibəsi də dünyanı iflic vəziyyətinə qoydu. Bir sözlə, ölkədə təxirəsalınmaz cərrahiyyə əməliyyatları var, dərman probleminin aradan qaldırılması haqqında konkret addımlar atılmalıdır. Məsələ iş adamlarından qaynaqlanırsa, Səhiyyə Nazirliyi və müvafiq strukturlar tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır”.
скачать dle 12.1